Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların növbəti dərslərinin keçirilməsinə başlanmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlanmışdır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov  bu kursların keçirilməsi ideyasından danışarkən bildirmişdir ki, məqsəd gənclərin maarifləndirilməsi və  vətənpərvərlik ruhunun artırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhfə verməkdir. O qeyd etmişdir ki, məqsədimiz son  iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri  və mərhələləri” mövzusundakı məruzəsində  qeyd etmişdir  ki,  erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq,  öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Bununla yanaşı, ermənilər hər zaman azərbaycanlılara məxsus olan tarixi yazıları silmək, Azərbaycan tarixini saxtalaşdırmaq və hazırda işğal olunmuş Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət nümunələrini dağıdıb məhv etməklə öz çirkin niyyətlərindən əl çəkmirlər.

XX  əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çox yaralanmış, 50 min nəfəri isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Elçin Əhmədov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra  erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti  açıqlanmış,  bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu siyasəti çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ərazi bütövlüyü  danışıqların mövzusu deyil, olmayıb və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə  həllinə olan ümidləri daha artırmışdır.

Məruzəçi  qeyd etmişdir ki, Ermənistanın beynəlxalq aləmdə ifşasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı və cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli  bayrağının Şuşada, Xankəndidə və digər işgal olunmuş torpaqlarda dalğalanmasına nail olmalıyıq.

2014-cü il oktyabrın 22-dən - noyabrın 4-dək  davam edəcək kursların hazırkı dinləyiciləri Azərbaycan Dillər Universitetinin tələbələridir. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar veriləcək.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında