Aqrar sahə üçün layiqli kadrlar yetişdirilir

Tədris-təcrübə tarlasını yenidən dirçəldən Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi buna əmindir
Təsəvvür edin ki, aqronomluq fakültəsini bitirən tələbə sabah əmək fəaliyyətinə başlayır, tarlaya çıxır və çaş-baş qalır. "Görəsən bunun hansı arpadır, hansı buğda?." Yanındakılardan soruşmağa da utanır. Kənddə böyümüş adamlardır, vəzifəcə də ondan aşağı. Yadına düşür ki, müəllim dərs keçərkən bir dəfə əlində sünbül gətirmişdi. Amma gör aradan neçə il keçib...
Yazının əvvəlində belə bir epizodu xatırlatmağımız təsadüfi deyil. Nə qədər qəribə görünsə də, söhbət bu yaxınlarda özünün 80 illik yubileyini təntənə ilə qeyd edən qocaman bir ali məktəbdən, özü də məhz Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bəzi məzunlarının düşdüyü acınacaqlı vəziyyətdən gedir. Təəccüblənməyin, çox yox, bir-iki il əvvələ kimi vəziyyət belə idi. Çünki akademiyanın tədris - təcrübə təsərrüfatı yox idi. Dəqiq desək, zəbt olunmuşdu.
... Daim aqrar sahənin inkişafına diqqət və qayğı göstərən ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Respublika Nazirlər Sovetinin "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və gələcəkdə mütəxəssis hazırlığını yaxşılaşdırmaq haqqında" 9 iyun 1978-ci il tarixli birgə qərarı oldu. Gəncə ilə indiki Göygöl rayonu sərhədində yeni tədris kompleksinin tikintisi və təcrübə təsərrüfatının yaradılması məqsədilə ilə 300 hektar sahə ayrıldı. Çox keçmədi ki, burada yeni binalar inşa olundu, təcrübə təsərrüfatı yaradıldı. Lakin 90-cı illərin əvvəllərindən başlayaraq ölkədəki xaos, özbaşınalıq bu sahəyə təsirsiz ötüşmədi. 1993-cü ildə isə məlum Kəlbəcər hadisələrindən sonra tikililərdə köçkünlər yerləşdirildi. Təbii ki, o zaman evindən, eşiyindən didərgin salınmış adamlara sığınacaq vermək, onlara dəstək olmaq hamımızın vətəndaşlıq borcumuz idi. Bu gün də ölkə Prezidenti İlham Əliyev qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni edir, çadır şəhərcikləri ləğv olunur, yeni, hər cür şəraiti olan evlər tikilir, məktəb, səhiyyə ocaqları inşa olunur.
Təəssüf ki, bəzən yaranmış vəziyyətdən sui-istifadə edənlər də olur. Özü də bu, təkcə qaçqın və köçkünlər tərəfindən deyil, yerli sakinlər tərəfindən də həyata keçirilir. Belə olmasaydı, bu gün akademiyanın 300 hektar torpaq sahəsindən 77,5 hektarı qalmazdı. Hər halda bu, ayrıca bir yazının mövzusudur. Yaxşı odur ki, çox çətinliklə də olsa Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə tarlasında işlər tədricən qaydaya salınır və biz bu barədə söhbət açmaq istəyirik.
İnsafla demək lazımdır ki, universitetin yeni rektoru, professor Mirdaməd Sadıqov qocaman ali məktəbin tədris-təcrübə tarlasının yenidən fəaliyyətə başlaması üçün əlaqədar təşkilatların köməyi ilə əlindən gələni etmişdir. Ötən ilin fevralında tədris-təcrübə tarlasında təcrübə işlərinin həyata keçirilməsi üçün sahələr ayrı-ayrı kafedralara təhkim olundu. Bir qədər sonra burada üzüm bağının salınması işini daha mütəşəkkil aparmaq üçün 10 nəfərdən ibarət komissiya təşkil olundu. İyun ayında isə rektorun əmri ilə başqa bir komissiya yaradıldı. Bu komissiyanın tərtib etdiyi akta əsasən təsərrüfatın ümumi torpaq fondu, onun istifadə vəziyyəti, eyni zamanda, meşə və meşə zolağının, kənd təsərrüfatı bitkilərinin vəziyyəti haqqında doğru-düzgün məlumat əldə edildi. Hazırda, qeyd etdiyimiz kimi, ümumi torpaq fondu 77,5 hektardır. Onun 52 hektara yaxını əkinə yararlı torpaqlardır. Torpaqların 6,43 hektarı dendroloji park, 3,41 hektarı meşə zolağı, 5 hektarı təzə üzüm bağı, 12 hektardan çoxu örüş yeri, 39 hektarı dincə qoyulmuş torpaqlar və digər tikililərdən, arxlardan, yollardan ibarətdir.
Qısa müddətdə çox iş görülüb. Tədris-təcrübə tarlasının hasara alınması, suvarma sisteminin nizama salınması, elmi-tədqiqat işlərinin, tədris və istehsalat təcrübələrinin səmərəli aparılması, kafedralar arasında bölünmüş sahələrdə görülən işlərə nəzarət etmək məqsədilə yaradılmış komissiyanın vaxtaşırı hesabatı dinlənilir, problemlər aradan qaldırılır, tədbirlər görülür. Bu müddətdə tədris-təcrübə tarlasının rəhbərliyi də dəyişdirilmiş, nəticədə işin səmərəliliyi və keyfiyyəti artmışdır.
Bu gün universitetin professor-müəllim kollektivi tələbələr üçün hərtərəfli şərait yaradılır. Torpaqların münbitliyinin yaxşılaşdırılması, qorunması, meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir becərmə texnologiyalarının işlənməsi, yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, heyvandarlıqda xəstəliklərə qarşı profilaktiki tədbirlərin hazırlanması, kənd təsərrüfatında istifadə olunan texnikanın səmərəliliyinin artırılması, fermer təsərrüfatının idarə olunması və kənd təsərrüfatı məhsullarının iqtisadi təhlili istiqamətində elmi- tədqiqat işləri geniş vüsət alır. Budur tədris-təcrübə tarlasının əhəmiyyəti. Axı torpaq, təsərrüfat, texnika olmasa, hansı elmi-tədqiqat işindən, mütəxəssis hazırlığından söhbət gedə bilər?! Bu universitetin özünün tarixi ənənələri var, yüzlərlə kadrı ölkənin tanınmış, məşhur alimləridir, ictimai xadimləridir, təsərrüfat rəhbərləridir. İndinin özündə heç bir təcrübə bazası, lazımi ixtisaslı müəllim heyəti olmayan bəzi özəl məktəblər guya ixtisaslı kadrlar - aqronomlar, baytarlar, iqtisadçılar hazırlayır. Amma Aqrar Universitet bunu heç vaxt özünə yaraşdırmaz. Elə tədris-təcrübə tarlasının da yenidən dirçəldilməsi bu ada hədsiz hörmətin bariz nümunəsidir.
Tarlada görüləsi işlər olduqca çoxdur. Onun nümunəvi halda fəaliyyəti üçün gecə-gündüz çalışmaq tələb olunur. Əvvəla, burada torpağın çox hissəsi əkinə, demək olar ki, yararsızdır. Çox böyük əziyyətlə daş və çınqıllardan təmizlənmiş torpaqların tərkibi qida maddələri ilə zəif təmin edilmişdir. Torpağın münbit təbəqəsi hesab edilən humus qatı isə, demək olar ki, yox dərəcəsindədir. Təbii ki, onların yararlı hala gətirilməsi üçün külli miqdarda üzvi və mineral maddə verilməlidir.
Tədris-təcrübə tarlasında əvvəllər salınmış 3 hektar gülçülük sahəsi, 1 hektar meyvə bağı, bir çox enliyarpaq ağac və kol bitkiləri, 900-dən çox bəzək bitkisi baxımsızlıq ucbatından sıradan çıxmışdır. Sahələr vaxtında suvarılmadığı üçün dendroloji bağda olan digər bitkilərin də bir qismi qurumuş və ya kəsilmişdir. Burada müxtəlif bitkilərin becərilməsi ilə əlaqədar salınmış istixananın boruları, şüşələri və elektrik avadanlıqları sökülüb aparılmış, yalnız dəmir dirəklər qalmışdır. Əvvəllər istismara verilmiş 3 ədəd subartezian quyusu yararsız hala düşmüşdür. Tədris-təcrübə tarlasında texnoloji əməliyyatları normal şəkildə həyata keçirmək üçün müəyyən texniki avadanlıqlara, o cümlədən, traktor, müxtəlif markalı kotanlar, kultivatorlar, dərman və toxumsəpən aparatlar və sairə ehtiyac vardır.
Bütün bunları ona görə sadalayırıq ki, tədris-təcrübə təsərrüfatının müasir tələbələr səviyyəsində fəaliyyətini bərpa etmək üçün həm xeyli vəsait, həm də böyük işgüzarlıq lazımdır. Amma universitetin rəhbərliyi, professor-müəllim heyəti bir günü belə hədər buraxmır, daxili imkanlardan maksimum istifadə etməyə çalışırlar.
Yuxarıda qeyd etdik ki, bütün bu çətinliklərə baxmayaraq, tədris-təcrübə tarlası tədricən, necə deyərlər, özünə qayıdır. Hətta bu ərazidə "2009-2015-ci illərdə Azərbaycanın qərb bölgəsinin dendroflorası və bitki ehtiyatlarının genefondu, onların introduksiyası və mühafizəsi tədbirləri" mövzusunda elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır. Ötən yaz dendroloji bağda 1000 ədədə yaxın müxtəlif ağac və kol əkilmişdir. Onlar əsasən qoz, Eldar şamı, ərik, çinar, iydə, liqistrium, tuya, ağcaqayın, nar, alma, zeytun, at şabalıdı və sair ağaclardır.
Ərazidə elmi-tədqiqatların, tədris və istehsalat təcrübələrinin aparılması məqsədilə buğda, arpa, kartof, yonca, üzüm və müxtəlif meyvə bitkiləri əkilmiş, müxtəlif at, iribuynuzlu mal-qara, qoyun cinsləri saxlanılmasına başlanılmışdır. Universitet rəhbərliyinin səyi nəticəsində daş və çınqıllardan təmizlənmiş ərazinin 24 hektarında taxıl, 4 hektarında arpa, 3 hektarında yonca əkilmiş, 5 hektar sahədə yeni üzüm bağı salınmışdır. Torpağın qeyri-münbit olmasına baxmayaraq, aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində dənli-taxıl bitkilərinin əkin sahələrində kifayət qədər məhsul əldə olunmuşdur. Uzun illər yararsız halda saxlanılan "DT - 75" traktorunun sıradan çıxmış hissələri yenisi ilə əvəz edildikdən sonra işlək vəziyyətə gətirilmişdir.
Bu gün 70 hektar ərazi Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə tarlası üçün kifayət etməsə də hələlik müəyyən formada həmin ərazidə elmi-tədqiqat işləri və tədris-istehsalat təcrübələri həyata keçirilir. Tədris-təcrübə təsərrüfatı bazasında mexanikləşdirilmiş heyvandarlıq fermasının, onun süni mayalanma sistemlərinin, müxtəlif istiqamətlər üzrə heyvandarlığın inkişafını təmin edən strukturun yaradılması tələb olunur. Orada əsaslı köməkçi və yardımçı binaların, servis xidməti strukturunun yaradılması, onun yeni avadanlıqlar və texnika ilə təchiz edilməsi qarşıda duran vəzifələrdəndir.
Hazırda universitet Almaniya, Türkiyə, Norveç, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belçika, Ukrayna və digər ölkələrin aqraryönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Əlaqələr varsa, güclü maddi-texniki baza, həmçinin, müasir standartlara cavab verən tədris-təcrübə təsərrüfatı da olmalıdır.
Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin sərəncamı ilə 2008-ci ilin noyabr ayından bu qocaman ali məktəbə yeni rəhbərliyin təyin olunması işlərin tədricən qaydaya salınmasına səbəb olmuşdur. Müxtəlif tədris korpusları, laboratoriyalar əsaslı şəkildə yenidən qurulmuş, abadlıq, quruculuq işləri gücləndirilmişdir. Eyni zamanda, nizam-intizam kökündən yaxşılaşdırılmış, hər cür neqativ halların, o cümlədən, semestr imtahanlarındakı xoşagəlməz halların kökü kəsilmişdir. Bütün bunlar universitetə yeni əhval-ruhiyyə gətirmiş, sağlam mühit yaradılmış, hamının fəallığı və təşəbbüskarlığı artmışdır ki, buna da sevinməmək olmur.
... Ölkəmizdə kifayət qədər müasir standartlara cavab verən fermer təsərrüfatlarının, heyvandarlıq komplekslərinin, aqrolizinqlərin, quşçuluq və digər sahələrin daha sürətli və dünya səviyyəsində inkişafını təmin etmək üçün, təbii ki, mütəxəssis potensialı böyük rol oynayır. Məhz bu problemin həlli birbaşa Aqrar Universitetindən keçir. Təhsilin keyfiyyətini yüksəldən şərait varsa, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kifayət qədər elmli və bilikli mütəxəssislər hazırlamaq mümkündür.
Ölkəmizin sosial-iqtisadi inkişafını, o cümlədən, qeyri-neft sektorunun, regionların, sosial sahənin və infrastrukturun inkişafı, habelə yoxsulluğun azaldılmasını, işsizlik probleminin həllini və xarici-iqtisadi əlaqələrin genişləndirilməsini təmin edən kompleks tədbirlərin həyata keçirilməsi aqrar sahənin inkişafına səbəb olmuşdur.
Hazırda respublikamızda adambaşına istehlak tələbatı kartof, tərəvəz, bostan və s. sahələrdə xeyli aşağıdır. Bu da yerlərdə mütəxəssislərin olmaması və müasir texnologiyaların aqrar sahəyə tətbiq olunmaması ilə əlaqədardır. Aqrar sahədə təhsil alan gənc mütəxəssislər kənd təsərrüfatında mövcud olan yeni texnologiyaları bilavasitə ADAU- nun tədris-təcrübə tarlasında öyrənməlidirlər.
ADAU-nun elmi potensialı bitkiçilik və heyvandarlığın müxtəlif sahələrinə müasir texnologiyalar tətbiq etməklə yüksək məhsul əldə etmək imkanına malikdir.
Gənc tədqiqatçılar və tələbələr fermer təsərrüfatlarının rentabelli işləməsini, istehsalın həcmini, məhsul satışına sərf edilən xərcləri, satışdan alınan gəliri, torpaq-iqlim şəraitindən asılı olaraq istehsal ediləcək məhsul növlərinin düzgün seçilməsini, ev quşlarının xəstəliklərə qarşı profilaktiki tədbirləri və s. bilavasitə universitetin tədris-təcrübə tarlasında öyrənirlər.
Bu gün tədris-təcrübə tarlasında heyvanlarda müşahidə olunan infeksion və invasion xəstəliklərə qarşı profilaktiki tədbirlər əyani şəkildə tələbələrə öyrədilir. Bitkiçilik sahəsində də mövsümi xarakterli bütün aqrotexniki tədbirlər tələbələrin iştirakı ilə həyata keçirilir. Deməli, universitetin maddi-texniki bazasının, xüsusən tədris-təcrübə tarlasının möhkəmləndirilməsi günün ən prioritet məsələlərindəndir.
Çox qısa vaxt ərzində Azərbaycan Dövlət Aqrar Universitetində bu qədər işlərin görülməsi təqdirəlayiqdir. Hiss olunur ki, orta məktəb məzunları indi peşə seçərkən aqrar universitetin adını birincilər sırasında yazır, kənd təsərrüfatı mütəxəssisi olmağa həvəs göstərirlər. Çünki 80 yaşlı ali tədris müəssisəsinin xoş sorağı tədricən hər yerə yayılır.
Qeyd. Yazı çapa hazırlanarkən, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə universitetin rektoru, professor Mirdaməd Sadıqova Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təbrik edirik!{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında