Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin və onun milli təhsilinin qurucusudur

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Həyatını  xalqımızın və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətləri, dövləti idarə etmək bacarığı ilə sonrakı nəsillərə nümunə olan ulu öndər Heydər Əliyev bütün sahələrdə Azərbaycanın gələcək yüksəlişi üçün mötəbər əsaslar yaratmışdır.

 Dahi rəhbərin hakimiyyətdə olduğu bir qərinəlik dövrdə qazandığımız bütün nailiyyətlər məhz Azərbaycanın indiki misilsiz inkişafı üçün tarixi özül olmuşdur. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, inkişaf parametrləri kəsb edərək, özünün intibah mərhələsinə qədəm qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.

2003-cü ildən bəri ulu öndərin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli və irimiqyaslı inkişaf yoluna qədəm qoyması onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir. Müstəqil Azərbaycan dövlətinin ilk həqiqi Prezidenti, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev bu gün cismən aramızda olmasa da, ulu öndərimizin ideyaları həmişə yaşayır və yaşayacaqdır.

Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmişdir. Bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

XX əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə sovet imperiyasının sərt ideoloji yasaqları şəraitində azərbaycançılıq məfkurəsinin dirçəlişinə rəvac vermiş, milli ruhun hədsiz yüksəlişini, xalqın tarixi kökünə qayıdışını, milli dövlətçilik arzularının və hisslərinin güclənməsini gerçəkləşdirməyi bacarmışdır. Bu qüdrətli liderin həyata keçirdiyi sistemli və ardıcıl tədbirlərlə respublikada nizam-intizamın bərpa edilməsinə, iqtisadiyyatın dirçəldilməsnə, təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət potensialından yüksək səviyyədə istifadə edilməsinə, bütün bu sərvətlərdən xalqın bəhrələnməsi üçün əlverişli şərait yaradılmasına start verilmişdi.

 Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizin yeni mərhələsinin, xalqımızı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyulmuşdu. Ulu öndər o illərdə milli ruhun dirçəlməsinə, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi. Beləliklə, ötən əsrin 70-80-ci illəri Azərbaycan elmi və təhsili, ədəbiyyatı, musiqisi, memarlığı, incəsənəti və mədəniyyətinin, sözün əsl mənasında, intibah dövrü olmuşdu.

Tarixi zərurətin diktəsi, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin deqredasiyasının qarşısını almışdı. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Elmlər Akademiyasını seçən ümummilli lider humanitar və ictimai elmlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının sistemləşdirilməsi, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdi. Qısa müddətdə sosial-iqtisadi sahədə möhtəşəm uğurların qazanılması, Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsi və bu qəbildən olan digər amillər xalqla hakimiyyətin birliyini daha da möhkəmləndirmişdi. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında  söz sahibi və regionun lideri olan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza əbədi yadigardır.

Bu il xalqımız öz dövlət müstəqilliyinin bərpasının 23 illik yubileyini möhtəşəm uğurlar fonunda təntənə ilə qeyd edir. Bu nailiyyətlər içərisində milli təhsilimizin sürətli inkişafı xüsusi vurğulanmalıdır. 23 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da böyük işlər görülmüşdür. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilmiş, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. Ümumtəhsil məktəbləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılmış və hər il pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılır. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş kitab, dərslik və əlavə vəsaitlərlə təmin edilmişdir. İnformasiya- kommunikasiya texnologiyaları sürətlə təhsilə tətbiq olunur.

Heydər Əliyevin ideyalarını, təməlini qoyduğu nəhəng quruculuq işlərini ondan sonra ulu öndərin layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi İlham Əliyev  böyük qətiyyət və uğurla həyata keçirir. Bu mənada Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 11illik dövr çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması epoxası kimi xarakterizə olunur.

Prezident İlham Əliyev hər bir ölkənin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək demişdir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə  gedir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır”.

Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin yüksək standartlar səviyyəsinə yüksəlməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, dərslik siyasəti üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının yaxşılaşdırılması, təhsil müəssislərinin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

 Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji birliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan vermişdir.

 Ulu öndər Heydər Əliyev bütün mənalı həyatını xalqına həsr etmiş, Azərbaycan üçün yaşamışdır, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdır. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüvvətini Heydər Əliyevin amallarından alır.

 

Nemidar HÜSEYNQULİYEV,

Gözdən əlil uşaqlar üçün 5 saylı internat məktəbin direktoru

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında