Yeni dərs ilinin əvvəlində Litva Respublikasının bütün ümumtəhsil məktəblərində "Azərbaycan mənim gözlərimlə" mövzusunda müsabiqə elan olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, iki ay davam edəcək müsabiqədə Litvanın ümumtəhsil məktəblərinin 7-12-ci siniflərində oxuyan şagirdlər iştirak edəcəklər.
Litvada 1442 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və təhsil əsasən Litva dilində aparılır. Amma burada, dövlət və ya bələdiyyə büdcəsindən maliyyələşdirilən polyak, rus, Belarus, alman dillərində orta məktəblər də vardır. Sözügedən müsabiqədə bu məktəblərin şagirdləri də iştirak edəcəklər.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev demişdir ki, 1990-cı il martın 11-də Litvanın dövlət müstəqilliyinin bərpasından sonra, ilk dəfədir ki, bu istiqamətdə və bütün ölkə miqyasında beynəlxalq maarifləndirmə layihəsi həyata keçirilir.
Müsabiqəni Litva Azərbaycanlıları Cəmiyyəti bu ölkənin Təhsil və Elm Nazirliyi, Litva Milli İcmalar Evi və Litva Gənclərinin Turizm Mərkəzi ilə birgə təşkil etmişdir. Layihəyə maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi göstərmişdir.
Litvanın təhsil və elm naziri Gintaras Steponaviçyus müsabiqənin təşkili ilə bağlı bu ilin iyul ayında xüsusi sərəncam imzalamış, müsabiqənin əsasnaməsini və bu tədbirlə əlaqədar digər sənədləri təsdiq etmişdir. Həmin sənədlər, eləcə də müsabiqə ilə bağlı cəmiyyətin hazırladığı plakatlar, dəvətnamələr və digər materiallar avqust ayında nazirliyin xətti ilə ölkənin bütün ümumtəhsil məktəblərinə çatdırılmışdır.
Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərin genişləndirilməsinə həsr edilir və onu keçirməkdən məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə, dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə maraq oyatmaq, informasiya texnologiyalarından istifadə yolu ilə şagirdlərə Azərbaycanla bağlı fikir və düşüncələrini ifadə etmək üçün imkan yaratmaqdır.
Müsabiqəyə təqdim olunacaq işləri şagirdlər müstəqil surətdə, ya da müəllimin rəhbərliyi altında və müasir informasiya texnologiyalarından istifadə etməklə Power Point kompyuter proqramı əsasında hazırlayırlar.
Müsabiqə işi 10-15 ədəd diapozitivdən ibarət olmalıdır və həmin diapozitivlərdə Azərbaycan Respublikası təqdim edilməlidir. Bir işi 3 nəfərə qədər müəllif yarada bilər. Şagirdlər Azərbaycanın qədim və müasir tarixi, dövlətçilik ənənələri və dövlət rəmzləri, Azərbaycan dili və coğrafiyası, təbiəti və təbii sərvətləri, adət-ənənələri, xalq rəqsləri, milli geyimləri, yeməkləri (eləcə də milli etnik mədəniyyətin digər sahələri), ədəbiyyatı, musiqisi, incəsənəti, memarlığı, kinosu, idmanı, dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Litva ilə əlaqələri və s. mövzular üzrə yarışacaqlar.
Müsabiqə işləri oktyabrın 25-nə qədər Litva Gənclərinin Turizm Mərkəzinin ünvanına göndəriləcəkdir. Həmin işləri münsiflər komissiyası dəyərləndirəcək və bu zaman, müsabiqə materiallarında Azərbaycan Respublikasına məxsus və bənzəri olmayan xüsusiyyətlərin geniş açılması, bədiilik, orijinallıq, sərbəst yaradıcılıq məharəti, informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə bacarığı daha çox nəzərə alınacaqdır.
Şagirdlərin daha fəal surətdə müsabiqəyə qatılmalarını təmin etmək üçün təşkilatçılar müxtəlif həvəsləndirici tədbirlər və bədii proqramlar nəzərdə tutmuşlar. Bu tədbirlər çərçivəsində Litva paytaxtının mərkəzi zallarından birində bu ilin noyabr ayında ölkənin tanınmış elm, mədəniyyət, ictimaiyyət, incəsənət, siyasət xadimləri və təhsil müəssisələri təmsilçilərinin iştirakı ilə yekun toplantı keçiriləcəkdir. Müsabiqənin qalibləri həmin tədbirdə iştirak etmək üçün Vilnüsə dəvət olunacaqlar və burada diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqə haqqında bilgilər Litva kütləvi informasiya vasitələrində yayımlanır. Həmçinin müsabiqənin gedişi və nəticələrinin də bu ölkədə geniş işıqlandırılması məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Yüksək qiymətə layiq görüləcək işlər noyabrda Litvanın Təhsil və Elm, Mədəniyyət nazirliklərinin, Litva Milli İcmalar Evinin və Litva Gəncləri Turizm Mərkəzinin saytlarında yerləşdiriləcək, bu vasitə ilə qaliblər və digər mükafatçılar, onların işləri geniş ictimaiyyətə təqdim olunacaq, habelə bütün maraqlananlar, o cümlədən Azərbaycan şagirdləri də litvalı həmyaşıdlarının yaratdıqları işlərlə bilavasitə tanış ola biləcəklər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.