Prezident İlham Əliyev müstəqil Azərbaycanı tərəqqiyə qovuşduran, firavan gələcəyə aparan liderdir

Dünya miqyasında tanınan və qəbul edilən siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı İlham Əliyevin üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 1 il ötür. XX əsrin sonlarında dövlət müstəqilliyimizi bərpa etməyimizin 23-cü ildönümü ərəfəsində xalqımız bu əlamətdar tarixi xüsusi məna və önəmlə yada salır. İlk addımlarında tarixi sınaqlarla, hətta məhv olmaq təhlükəsi ilə üzləşmiş dövlət müstəqilliyimizi əbədi və dönməz etmiş ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi xilaskarlıq missiyası və cənab İlham Əliyevin müasir Azərbaycan quruculuğu proqramının reallaşdırılması istiqamətində səmərəli fəaliyyəti bu tarixi günlərdə bütün əzəməti ilə gözlərimiz önündə canlanır.

Hazırda Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, bir milyondan artıq yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində atılan addımlar, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti öz müdrik rəhbəri İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycanın inkişaf istiqamətlərinin müxtəlif və bir-biri ilə sıx bağlı olduğunu önə çəkən Prezident İlham Əliyev deyib: “Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.

Gerçəkləşməsi 21 il əvvəl inanılmaz görünən nailiyyətlərimiz deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrastrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.

Qazanılan nailiyyətlər çox qısa bir zaman kəsiyində əldə olunsa da, bu günün müstəvisindən ötən əsrin 90-cı illərinin əvvəllərinə - müstəqilliyimizin ilk illərinə nəzər yetirəndə ötən müddətdə keçdiyimiz yolun bütün kəşməkəşli təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, ölkəmiz yalnız müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr burulğanında boğulurdu, ölkədə qarşıdurma son həddə çatmışdı. Siyasi hakimiyyətdə bir-birlərini əvəz edən səriştəsiz və naşı iqtidarların günahı üzündən ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə dərin tənəzzülə uğrayırdı, Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi.

Hər bir xalqın taleyində böyük əhəmiyyət daşıyan elə tarixi günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların təməli məhz həmin məqamda qoyulur. Taleyüklü tarixi hadisələrlə əlamətdar olan belə günlərdən Azərbaycan xalqı üçün ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan dahi şəxsiyyət - ulu öndər Heydər Əliyevdir. Həqiqətən də Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Dahi şəxsiyyət bu məfkurəni gerçəkləşdirərək Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib.

Ulu öndərimizin müstəqil Azərbaycanın ilk həqiqi Prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zəmanənin yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır. Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi.

Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ulu öndər Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyətinə və titanik fəaliyyətinə fəlsəfi-analitik xarakteristika verərək deyib: “Biz yalnız Heydər Əliyevin sayəsində dövlətçiliyimizi qoruyub saxlamağa və bütün gözlənilməz hadisələrdən uğurla ötüşməyə nail olduq, yetkinlik imtahanlarından uğurla çıxdığımızı sübut etdik. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusudur, müstəqil, suveren Azərbaycan isə onun abidəsidir”.

Ulu öndərimiz Azərbaycanın siyasi, sosial-iqtisadi məsələləri ilə yanaşı, elm və təhsilin inkişafına da xüsusi diqqət və qayğı ilə yanaşırdı. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə bu proqrama uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə aparılması, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəldilməsi bu sahənin dünya səviyyəsinə çatdırılmasına imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib.

Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Müstəqil dövlətimiz yeni iqtisadi münasibətlər kursuna sadiq qalaraq öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncamı bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən  “2009-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihəsi, habelə UNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hökumətə təqdim edilmişdir.

 Layihədə ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazasının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının günün tələblərinə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır. Dövlət başçısı İlham Əliyevin 2008-ci ilin 10 aprel tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komisiyyasının yaradılması haqqında” sərəncamı da məhz həmin zərurətdən irəli gəlmişdir. Sərəncama əsasən 2009-2015 -ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmi inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yardılması da təqdirəlayiqdir.

Universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir. Bir sıra problematik məsələlərin önə çəkildiyi sərəncamda Azərbaycanda elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək deyib: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bu günkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir.

İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun. Bu məsələlərlə bağlı konkret proqramlar hazırlanıb icra edilir. Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə gedən balalar gələcəkdə doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaqlar, peşəkarlıqlarını göstərəcəklər və ölkəmizin inkişafında öz sözlərini deyəcəklər. Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib. Gələcəkdə gənclərdən asılı olacaqdır ki, ölkəmiz necə inkişaf edəcək və hansı yollarla gedəcəkdir".

Möhtərəm İlham Əliyevin on bir illik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində on illərə bərabər sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır.

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir... Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. – Cənab İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi bu sözlər müstəqil Azərbaycanın dünəni, bugünü və gələcək strategiyasını müəyyənləşdirən strateji amillərdir.

Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğular öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Burada həmçinin Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını, həyatı boyunca topladığı bütün qiymətli və müsbət nə varsa, hamısını faydalı şəkildə sintezləşdirmək bacarığını da xüsusi qeyd etmək vacibdir.

Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

 

 Müşfiq ATAKİŞİYEV,

Elm və Təhsil Mərkəzi, “Təfəkkür” Universitetinin rektoru,

iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında