Təhsilin inkişafına qayğı daimi xarakter daşıyır

Respublika təhsil şəbəkəsinin ən böyük struktur bölmələrindən biri də Masallıdır. Bu rayonda 99 tam, orta və ibtidai məktəb, bir neçə məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ölkə iqtisadiyyatının inkişafı ilə paralel surətdə dövlətimizin təhsilə yüksək qayğısı, tədris ocaqlarının yenidən qurulması, texniki vasitə və avadanlıqla təminatına dair qəbul olunmuş proqramlar Masallı təhsilinə də öz təsirini göstərmişdir.

Masallı inzibati rayon kimi 1930-cu ildə yaradılmışdır. Bu bölgədə təhsil ocaqlarının təşkili daha qədim vaxtlara təsadüf edir. Burada ilk məktəb hələ 1860-cı ildə Nikolayevka (indiki Kalinovka) kəndində açılıb, 1896-cı ildə isə Qızılağacda məktəb təşkil olunub. Respublikanın qabaqcıl təhsil ocaqları sırasında Masallı ünvanlı məktəblərin də adı daim çəkilib. Bu rayonun yetirməsi olan yüzlərlə məzun ölkənin ünlü alimi, ədəbiyyat və incəsənət xadimi, iqtisadçısı və digər sahələr üzrə mütəxəssisi kimi tanınıb. Onların bəzilərinin sorağı Rusiya Federasiyası, Türkiyə, Ukrayna, hətta Amerika Birləşmiş Ştatlarından gəlir. Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılamağa çalışan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunun artırılması işində yüksək nəticələr qazanan məktəb və müəllimlər Masallı təhsil sistemində yetərli qədərdir. Son illərdə “Dəfinə” məktəb liseyi və R.Əlihəsənov adına şəhər 1 nömrəli tam orta məktəbi ən yaxşılar kimi tanınıb. Fəxri ad alan, dövlət təltiflərinə layiq görülən Masallı müəllimləri də az deyil.

Bütün bunlar barədə həvəslə danışan rayon təhsil şəbəsinin müdiri Astan İbişov bildirdi  ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidir” fikri dövlətin təhsilə böyük diqqəti, bu sahənin inkişafına daimi önəm verməsi kimi fərəh doğurur. Müntəzəm dövlət qayğısı sayəsində Masallıda da təhsil şəbəkəsi durmadan genişlənir, maddi-texniki baza güclənir. BMT-nin “Təhsil əsri” elan etdiyi yeni əsrin əvvəllərindən bu rayonda dövlət proqramları və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi üzrə onlarca yeni tədris ocağı tikilib.

Elə yeni dərs ili münasibətilə Masallıda keçirilən tədbirlər sırasında yeni məktəblərin açılış mərasimləri xüsusi yer tutmuşdu. Burada dörd məktəb qapılarını şagird və müəllimlərin üzünə yeni görkəmdə açdı. Mahmudavar ümumi orta məktəbi üçün müasir tələblər səviyyəsində tikilmiş ikimərtəbəli yeni bina, Masallı şəhər 1 nömrəli, Kolatan və Bədəlan kənd tam orta məktəbləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.

Bu dərs ilində rayonun məktəblərində 26493 şagird oxumağa başlayıb. Onların təlim-tərbiyəsi ilə 2735 müəllim məşğul olur.

...Xatırlayıram ki, ötən dərs ilinin yekunu ilə əlaqədar “Son zəng” mərasimini şəhər 1 nömrəli tam orta məktəbi özünün yarıuçuq vəziyyətində keçirirdi. Çünki məktəbdə təmirçilər çalışırdı. Toz olmasın deyə, ətrafa su səpilmişdi. O zaman məktəbin direktoru, “Tərəqqi” medallı əməkdar müəllim Mirqabil Hüseynov çıxışında demişdi ki, inşallah, sentyabrda Bilik Gününü başdan-başa yenilənmiş binada qeyd edəcəyik.

Tezliklə arzu reallığa çevrildi. 2011-ci ildə “İlin ən yaxşı məktəbi” respublika müsabiqəsində qalib gəlmiş məktəbin yeni simada açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, digər qonaqlar iştirak edirdilər. Hamı yenidən qurulmuş məktəbin növrağına heyran qalmışdı. Natiqlər vurğuladılar ki, qayğı qələbələrə rulandırır. Bu il məktəbi bitirən məzunların 35 nəfəri tələbə adını qazanıb. Onlardan 4-ü qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb, 3-ü xarici ölkə universitetlərinə daxil olub. Kollektiv bu il uğurları daha da artırmaq əzmindədir.

Hazırda 1 nömrəli məktəbdə “Elnur-2” şirkəti inşaatçılarının zövqlü zəhməti sayəsində siniflərin sayı artırılaraq 74-ə çatıb, akt zalı genişləndirilib, idman salonu, şahmat sinfi, kabinetlər, otaqlar yenidən qurulub. Müasir döşəməli otaqlar, dəhlizlər, qiymətli qapı-pəncərələr, mərmər pilləkənlər göz oxşayır. Müşahidə kamerası işləyir. Məktəbin yeddi sinfi MİMO proqramı üzrə texniki avadanlıqla təchiz olunub. Bu otaqlarda 140 şagird yeni proqramı öyrənməyə başlayıb.

Mahmudavar ümumi orta məktəbinin kollektivi də bayram ovqatı yaşayır. Bilik Gününü müəllim və şagirdlər qəzalı vəziyyətdə olan məktəbdə deyil, yeni inşa olunmuş yaraşıqlı binada qeyd ediblər. Yuxarı təşkilatlar qarşısında məsələ qaldıraraq problemin həllinə nail olmuş rayon rəhbərliyi də onların sevincinə şərik olub. Bina 220 yerlikdir. Geniş idman zalı, sinif otaqları, laboratoriyalar, kitabxana, kompyüter otağı, sanitar qovşağı, istilik sistemi var. Geniş həyətdə gül ləkləri, yaşıllıq salınıb. Mərasimdə millət vəkili Elmira Axundova, kənd sakini, Prezident təqaüdçüsü Şirvan Əbilov ürək sözlərini söyləyib, kollektivə xoş arzularını çatdırıblar. İcra başçısı Rafil Hüseynov yeni memarlıq abidəsinin qorunması zərurətini önə çəkib və əminlik ifadə edib ki, dövlət qayğısına müəllim və şagirdlər yeni uğurlarla cavab verəcəklər. Axı, bundan ötrü məktəbdə hər cür şərait var.

Bədəlan tam orta məktəbinin iki mərtəbəsi ötən tədris ilində əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilmişdi. Bu il isə 3-cü mərtəbədə işlər tamamlanıb. Eyni zamanda məktəbin bir korpusu rayon rəhbərliyinin təşəbbüsü ilə uşaq bağçası üçün hazırlanıb. Açılış mərasimi hər kəsə unudulmaz təsir bağışlayıb. 60 yerlik bu bağça artıq Masallıda yeniləşən 7-ci məktəbəqədər tərbiyə müəssisəsidir.

Simran Ağayev adına Böyük Kolatan kənd tam orta məktəbinin şagird və müəllimləri də yeni dərs ilinə sevinclə başlayıblar. 624 yerlik tədris ocağının 26 sinif otağı, akt və idman zalları, digər köməkçi binaları əsaslı təmir olunmuşdur. Açılış mərasimində çıxış edən natiqlər məktəbin əsaslı təmirini daxili imkanlar hesabına reallaşdırmış rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Masallıda təhsil şəbəkəsinin genişləndirilməsi davam edir. Yeni məktəblərin təməli qoyulur, inşaat işləri gələcək planlara daxil edilir. Bütün bunlar təhsildə fərəhli nəticələrlə müşayiət olunur. Bu il rayonun məzunlarından 282 nəfəri uğurla imtahan verərək nüfuzlu universitetlərin, digər ali məktəblərin tələbəsi adını qazanıb. Onlardan 49-u 500 baldan yuxarı nəticə göstərib, 12 nəfərin imtahan göstəricisi 600 baldan yüksək olub. Kolleclərə daxil olanların sayı isə 125 nəfərdir.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında