Son illər Xətai Rayon İcra Hakimiyyətinin tədbirlər planında daimi yer almış ənənəvi bayramlardan biri də Beynəlxalq Müəllimlər Günüdür. Hər il oktyabrın ilk həftəsinin sonunda rayon ictimaiyyətinin iştirakı ilə bayram şənliyi keçirilir və müəllimlərin “ad günü” layiq olduqları təmtəraqla qeyd edilir.
Bu münasibətlə keçirilən tədbiri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq rayon məktəblərində çalışan müəllimlərin simasında bütün Azərbaycan müəllimlərini təbrik etdi. Natiq qeyd etdi ki, özü sözün əsl mənasında böyük müəllim olan ulu öndər Heydər Əliyev müəllim zəhmətini daim yüksək qiymətləndirmişdir. Məhz onun hakimiyyəti illərində təhsilə və təhsil işçilərinə göstərilən yüksək diqqət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilmiş, onun təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər tədris ilinin yekununda yüksək nəticələrin əldə olunmasına zəmin yaratmışdır.
Natiq xüsusilə son illər dövlətimizin təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərdə ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri olduğunu dilə gətirdi.
R. Məmmədov Xətai rayonunda əldə olunan nəticələrdən söz açaraq bildirdi ki, son bir neçə ildə rayonumuz təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. Belə ki, 2013-2014-cü tədris ilində rayonun 38 məktəbində təhsilini başa vurmuş 2560 şagirddən 2549 nəfəri buraxılış imtahanını müvəffəqiyyətlə verərək attestat almışdır. Ali məktəblərə qəbul üçün sənəd vermiş 2365 məzundan 1635 nəfəri və ya 69, 13 faizi yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 194 nəfəri 500-600, 80 nəfəri 600 - 650, 41 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir. Rayonumuzun 79 məzunu dünyanın müxtəlif universitetlərinə qəbul olunmuşdur. Bu nəticələr rayonumuzun təhsil ocaqlarında çalışan minlərlə müəllimin gərgin və fədakar əməyinin nəticəsidir.
R.Məmmədov daha sonra qeyd etdi ki, bu gərgin və fədakar əmək hörmətli Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş və onun sərəncamları ilə 2013-2014-cü tədris ilində rayonumuzun 3 müəllimi “Əməkdar müəllim” adı, 1 müəllimimiz isə “Tərəqqi” medalı ilə təltif olunmuş, 15 məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür.
Sonra Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov təbrik üçün söz alaraq bildirdi ki, “müəllim peşəsinin dünyanın ən şərəfli peşəsi olduğunu desəm, mənə elə gəlir bunun əksini isbat edən çətin tapıla. Müəllim əməyi, sözün əsl mənasında, Vətənimizin gələcək inkişafına yönələn yüksək xidmətin bir nümunəsidir. Cəfakeş, fədakar müəllimlərimizin elmimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın, incəsənətimizin inkişafındakı rolu dövlətimiz, ölkə rəhbərimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bu zalda elə bir adam tapmaq çətindir ki, onun müəllimləri haqqında xoş xatirələri olmasın. Ümummilli lider Heydər Əliyev kimi böyük düha siyasi fəaliyyətinin olimpində belə müəllimlərini unutmadı və onlarla görüşə getdi.”
Toplantıda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Hüseyn Əsgərov da müəllimləri təbrik edərək bu adı uca tutan, ona sonsuz sevgi ilə yanaşan hər bir insanın əsl vətəndaş kimi yüksək hörmət və ehtirama layiq olduğunu qeyd etdi. Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.