Yeni dərs ili qarşısında

Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması dövrün tələbidir
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında islahatlar uğurla həyata keçirilir

Azərbaycanda aparılan təhsil islahatı artıq öz müsbət nəticələrini verməkdədir. Bu gün təhsilin bütün sferalarında yeniləşmə, dünya mütərəqqi təhsilinə inteqrasiya prosesi aydı\n nəzərə çarpır. Xüsusilə, ali təhsil sahəsində həyata keçirilən islahat bu sferada yeni tədris modelinin tətbiqinə yol açır, ölkədə yüksək səviyyəli kadrların yetişdirilməsinə imkan yaradır.
Ali təhsil sahəsində islahatın başlaması təhsilin bu sahəsinin inkişafına yeni stimul verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə ali təhsilin inkişafına göstərdiyi qayğı milli təhsilimizin bu sahəsində əsaslı yeniliklərin yaranmasına səbəb oldu və bu gün Azərbaycanı ali təhsilin inkişafı sahəsində qabaqcıl ölkələr sırasında hesab etmək olar. Cənab Prezidentin imzaladığı "2009-2013-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" (2009-cu il 22 may) ali təhsilin dövlət siyasətində prioritet sahələrdən olmasını bir daha sübut edir. Həmin sərəncamda ölkə ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya proseslərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatının ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması qarşıya məqsəd qoyulur. Göründüyü kimi, artıq bütövlükdə təhsil sistemində islahatlar dönməz xarakter almışdır.
Ölkədə pedaqoji kadrların hazırlanması da təhsilin mühüm problemlərindəndir. Bu sahədə ali təhsilli kadrların yetişdirilməsi istiqamətində çox səmərəli iş aparılır. Nazirlər Kabineti tərəfindən 2004-cü ildə təsdiq olunmuş "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri sahəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı" bu sahədə əhəmiyyətli rol oynamışdır. Bu proqram ali təhsil üzrə kadr hazırlayan ali təhsil müəssisələri üzərinə də mühüm vəzifələr qoymuşdur.
Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ali təhsilli pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli rolu var. Son illər Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlının yüksək təşkilatçılıq bacarığı nəticəsində bu institut və onun filialları uğurlu nailiyyətlər qazanmış, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasına öz dəyərli töhfələrini vermişdir.
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı da ulu öndərin sərəncamı ilə elə 2000-ci ildə yaradılmış və bu şəhərdəki keçmiş Politexnik Texnikumunun tədris üçün yararsız olan ikimərtəbəli üç tədris korpusundan ibarət binada fəaliyyətə başlamışdır.
2000-2001-ci tədris ilində təhsil naziri prof. M.Mərdanovun yaxından köməkliyi ilə institutun auditoriyalarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir. Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır.
Hazırda institutda iki fakültə-pedaqoji və təbiət - humanitar fənlər fakültələri və altı kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır.
Filialın ikinci əsas fəaliyyət sahəsi olan əlavə təhsil fakültəsi özündə pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir. Yəni, pedaqoji işçilər filialda təhsillərini təkmilləşdirir, ixtisaslarını dəyişə bilirlər.
Filialda müəllimlərin ixtisasartırma və yenidənhazırlanmasına xidmət edən 4 kabinet yaradılmışdır. Həmçinin, burada kollegial idarəetmə orqanı olan Elmi Şura, Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.
Müəllimlər İnstitutunun Sumqayıt filialı müasir tələblərə cavab verən yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması üçün yeni təhsil texnologiyalarından istifadə etmək imkanlarını genişləndirir. İndi təhsildə informasiya texnologiyalarından geniş istifadə edilir. Tələbələr internetdən istifadə edərək lazımi informasiyaları asanlıqla əldə edə bilirlər.
Məlumdur ki, Azərbaycan ali təhsil sahəsində Bolonya sisteminə qoşulmuşdur. AMİ-nin rektoru Aqiyə xanımın təşəbbüsü ilə üçüncü ildir ki, Sumqayıt filialı da bu sistemə qoşulub. Bu sahədə müəyyən işlər görülmüş və artıq xeyli təcrübə toplanılmışdır. Bolonya sisteminin mütərəqqi nəticələri özünü göstərməkdədir. Kredit sistemi təhsildə müasir qiymətləndirmə metodu kimi çox əhəmiyyətlidir.
Ümumiyyətlə, 2005-ci ildən AMİ-nin rəhbərliyinin dəyişməsi, Aqiyə Naxçıvanlının bu təhsil ocağına rektor təyin olunması bütövlükdə institutun fəaliyyətində, o cümlədən filiallarda təhsilin təşkilində çox əhəmiyyətli rol oynadı. Aqiyə xanımın vaxtaşırı filialların fəaliyyətinə nəzarəti, təhsildə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirməsi Sumqayıt filialında da təhsilin təşkilinə əsaslı kömək göstərmişdir. Məhz bunun nəticəsidir ki, Sumqayıt filialında son illər əsaslı dönüş yaranmışdır.
Filial daxili imkanlar hesabına yeni dərs ilinə hazırlıq işlərini başa çatdırmışdır. Burada sinif otaqları, laboratoriyalar cari təmir edilmiş, auditoriyaların pəncərələri dəyişdirilmişdir.
Təhsilin təşkilində bir sıra yeniliklər də vardır. Artıq ikinci ildir ki, tədris planına salınmış "Təhsilin əsasları" fənni üzrə bütün dərslər yalnız kompyuter vasitəsilə keçirilir. Bu dərsləri aparan müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün hazırda onlar 20 günlük yüksək səviyyəli kurslarda təhsil alırlar.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Filialın tələbələri vaxtaşırı bilik yarışlarında iştirak edir və yüksək nəticələr qazanırlar. Ötən tədris ilində onlar respublika ali məktəb tələbələrinin XV fənn olimpiadasına qoşulmuş, tələbələrdən 1 nəfər "Riyaziyyat" fənni üzrə 2-ci yerə, 1 nəfər "Ana dili" fənni üzrə 4-cü yerə layiq görülmüşdür.
Filialın məzunlarından respublikanın ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olanların sayı ilbəil artır.Pedaqoji kadrların diplomdan sonrakı təhsilinin təkmilləşdirilməsi,ixtisaslarının artırılması və yenidənhazırlanması sahəsində filial öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir. Hər tədris ili olduğu kimi, yeni tədris ilinin başlanğıcında da filial rəhbərliyi, filialın əlavə təhsil üzrə əməkdaşları dislokasiyasına daxil olan Sumqayıt, Xızı, Siyəzən, Qubadlı və Abşeron rayonlarında təşkil olumuş konfranslarda iştirak etmiş, yeni tədris ilində görüləcək işlərdən, problemlərdən ibarət çıxışlar etmişlər. Filialda cari tədris ilində üç ixtisas üzrə ("Riyaziyyat-informatika", "Psixologiya", "Azərbaycan dili və ədəbiyyatı") yenidənhazırlanma kursları təşkil olunmuşdur. Ötən tədris ilində Sumqayıt, Abşeron, Siyəzən və Qubadlı rayonlarının 414 nəfər müəllimi ümumtəhsil fənnləri, 314 nəfər ibtidai sinif müəllimi kurslardan keçmiş. Bu rayonların 345 müəllimi burada fənn kurikulumlarını mənimsəmiş və yeni dərs ilində bu sahədə çalışacaqlar.
Filialda və onun dislokasiyasına aid bölgələrdə hər tədris ili 1000 nəfər fənn müəllimi ixtisasartırma kurslarından keçir.
Əlbəttə, kurikulum islahatı hazırda Təhsil Nazirliyinin xüsusi nəzarəti ilə həyata keçirilir. Bu sahədə kadrların hazırlanması üçün filialda ixtisaslaşmış müəllimlər kurslara rəhbərlik edirlər. Filialın direktoru, kimya elmləri doktoru, Raya Nəcəfova bu sahədə kadrların təkmilləşməsi işinə xüsusi nəzarət edir. Ümumiyyətlə, burada əlavə təhsilin təşkili müasir tələblər səviyyəsindədir.
Sumqayıt filialının fəaliyyəti ilə tanışlıq onu deməyə əsas verir ki, Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi fəaliyyət göstərən bu təhsil ocağı pedaqoji kadr hazırlığı və əlavə təhsilin təşkilində əhəmiyyətli rol oynayır.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında