Şriftin ölçüsü:
09.09.2010 01:54 | Oxunma sayı: 645
Binəqədi Rayon İcra Hakimiyyətində ölkə Prezidentinin müvafiq sərəncamları ilə qalib elan olunmuş orta məktəblərin və rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və bu ilki məzunlar arasında ən yüksək nəticə göstərmiş tələbələrlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev 15 sentyabr - Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə toplantı iştirakçılarını təbrik etmişdir.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayevin geniş məruzəsi dinlənilmişdir. Natiq demişdir:
- Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatı proqramı son illər möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla uğurla davam etdirilir. Bu gün milli təhsilimizin tərəqqisi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir.
Son illərdə cənab Prezident milli təhsilimizin dünya təhsili sisteminə əsaslı inteqrasiyası yolunda yeni məktəb binalarının tikintisi, köhnələrinin təmiri və yenidən qurulması, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil ocaqlarının müasir avadanlıqlarla, kompyuter və informasiya texnologiyaları ilə təchiz edilməsi və kadrlarla təminatı, dərsliklərin şagirdlərə pulsuz paylanılması, təhsil işçilərinin əmək haqlarının artırılması və digər sahələri əhatə edən müstəsna əhəmiyyətli fərman və sərəncamları ilə təkmil dövlət proqramlarını imzalamışdır.
E.Ağayev daha sonra bildirmişdir ki, təhsil sisteminin inkişafı ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının yaratdığı imkanlardan qaynaqlanır. Yəni bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin təhsil sektoru ilə bağlı imzaladığı dövlət proqramları təhsil sisteminin hərtərəfli inkişafına səbəb olmuşdur. Dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsaitin ilbəil artması, təhsil işçilərinin aylıq vəzifə maaşlarının yüksəlməsi, yeni məktəb binalarının inşası, məktəblərin əsaslı təmiri, istilik sisteminin bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Natiq eyni zamanda, göstərdi ki, Binəqədi rayonunda fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbini 2009-2010-cu tədris ilində 2553 nəfər şagird bitirmişdir. Bunlardan 2258 nəfəri ali məktəblərə sənəd vermiş və 1286-ı qəbul olmuşdur. Tələbə adını qazananlardan 86 nəfər 600-dən çox bal toplamışdır. 115 nömrəli orta ümumtəhsil məktəbinin məzunu Aygüll Tanrıverdiyeva isə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin bizə bəxş etdiyi çox dəyərli ənənələrdən biri də fəaliyyət sahəsindən asılı olmayaraq istənilən peşə sahiblərinin xidmətlərinin layiqincə qiymətləndirilməsi idi. Cənab İlham Əliyevin həmin ənənəni davam etdirməsi isə bizim üçün ikiqat sevincdir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamı ilə rayonumuzu təmsil edən 99, 126, 115 və 143 nömrəli orta məktəblər pul mükafatına layiq görülmüşlər.
Ölkə başçısının "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" digər sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsində rayonumuzdan 4 nəfər müəllim qalib adnı qazanmışdır.
Görüşdə qalib elan olunmuş orta məktəblərin direktorlarına, müəllimlərə, həmçinin yüksək balla ali məktəblərə qəbul olan məzunlara fəxri fərman və qiymətli xatirə hədiyyələri verilmişdir.
Görüşdə Milli Məclisin deputatları E.İbrahimov, R.Cəbrayılov, M.Musayev, YAP-ın rayon təşkilatının sədri N.Xəlilov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi H.Əsgərov iştirak etmişlər.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.