Sumqayıtın təhsil işçiləri yeni dərs ilinə yüksək ovqatla başlayırlar

Ötən dərs ilində Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 3442 şagird bitirmişdir. Onlardan 3442 nəfəri ali məktəblərə sənəd vermiş və TQDK-nın verdiyi ilkin rəsmi məlumata görə, sənəd verənlərin 1330 nəfəri, yəni 41 faizdən çoxu tələbə adını qazanmışdır. Şəhər üzrə 109 məzun 600-dən yuxarı bal toplamış, onlardan 36 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən respublika səviyyəsində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində Sumqayıtın 3 təhsil müəssisəsi, "Ən yaxşı müəllim" müsabiqəsində isə gənclik şəhərindən 8 pedaqoq qalib adını qazanmışdır.
Ənənəvi sentyabr konfransına belə yüksək nailiyyətlərlə gələn Sumqayıt müəllimləri əvvəlcə məktəblilərin və bağça uşaqlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırovun "2009-2010-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzəsi maraqla dinlənildi. O qeyd etdi ki, təhsil sahəsində ölkəmizdə qabaqcıl mövqeyə malik olan Sumqayıt şəhərində son illər aparılmış kompleks tədbirlər təhsilin məzmun və keyfiyyətinə müsbət təsir göstərib. Sumqayıt məzunları hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələr nümayiş etdirir, respublika müsabiqələrində şəhəri təmsil edən orta ümumtəhsil müəssisələri və müəllimlər qalib yerləri tuturlar.
Son illərdə Sumqayıtda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, 7 məktəb üçün ümumilikdə 2200 yerlik əlavə tədris korpusları inşa edilmiş, 5 məktəb və 2 uşaq bağçası əsaslı təmir olunmuş, mebellər, laboratoriyalar alınaraq təhsil müəssisələrinə paylanmışdır. Ötən dərs ilinin yaddaqalan hadisələri sırasında Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin (Şahmat-Dama Məktəbi) müasir üslubda əsaslı təmirdən sonra istifadəyə verilməsi xüsusi qeyd edilməlidir. Şəhərdəki 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbində aparılan irihəcmli işlər il ərzində davam etdirilib və bu məktəb də əsaslı yenidənqurmadan sonra tezliklə qapılarını açacaqdır.
Azərbaycanda ilk dəfə olaraq məhz Sumqayıtda 2003-cü ildən şəhər rəhbərliyinin təşəbbüsü ilə fəaliyyətə başlayan yay istirahət düşərgələrində hər il tətil zamanı 46 məktəbdən 2300 şagird dincəlir.
Vidadi Bağırov builki tələbə qəbulunda fərqlənən şəhər məktəblərindən söhbət açaraq bildirdi ki, təkcə Texniki-Təbiət Elmləri Liseyinin məzunlarından 19 nəfəri 600-dən yuxarı (o cümlədən 12 nəfər 650-dən yuxarı) bal toplamışdır. Təbiət Elmləri Təmayüllü Gimnaziya, Sumqayıt Özəl Türk Liseyi, 12, 33, 11, 21 və 25 saylı məktəblər də daha yüksək nəticələrə nail olan təhsil ocaqlarıdır.
Bir neçə ildir ki, Ümumdünya Poçt İttifaqının təşəbbüsünə əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyi birgə epistolyar üslubda inşa müsabiqəsi keçirir. Ötən il 5 min məktəblinin üç mövzuda inşa-məktub təqdim etdiyi müsabiqədə Sumqayıtdan iki şagird mükafatalayiq yerlər tutmuşdur. "Gələcək nəsillərlə üz-üzə" 3-cü Ümumrespublika inşa müsabiqəsində iştirak edən 700-ə yaxın yuxarı sinif şagirdindən 118 nəfərinin işi bəyənilmiş və Təşkilat Komitəsinə göndərilmişdir. Bundan başqa, İREX-Azərbaycan Mediyaya Yardım Proqramı çərçivəsində keçirilən inşa müsabiqəsində üç sumqayıtlı şagird fərqlənmişdir.
Sumqayıt məktəblərinin böyük əksəriyyəti sürətli internetlə təmin edilmiş, iki məktəb isə "Elektron məktəb" layihəsinə qoşulmuşdur.
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" respublika müsabiqələrinə qoşulan pedaqoji kollektivlərin sayının ilbəil artması da müsbət haldır. Bu müsabiqələrin keçirildiyi üç ildə Sumqayıtdan ümumilikdə 9 məktəb (şəhər təhsil müəssisələrinin 18 faizi) və 22 müəllim qalib olmuşdur. Son bir neçə ildə Sumqayıtdan xeyli sayda müəllim dövlət təltiflərinə layiq görülmüşdür. Təkcə ötən dərs ilində bir müəllim "Şöhrət" ordeni, altı müəllim "Tərəqqi" medalı ilə təltif edilmiş, beş nəfər əməkdar müəllim fəxri adını, dörd nəfər isə Təhsil Nazirliyinin Fəxri-fərmanını almışdır.
Konfransda çıxış edən müəllimlər təmsil etdikləri məktəblərin qabaqcıl təcrübəsi barədə ətraflı məlumat verdilər və dövlət qayğısına, əməkhaqlarının növbəti dəfə artırılmasına görə minnətdarlıqlarını çatdırdılar. Ali məktəblərə qəbulda 650 baldan yüksək nəticə ilə fərqlənmiş məzunlar səhnəyə dəvət edilərək alqışlandılar. Onlar etimadı bundan sonra da doğruldacaqlarını söylədilər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev konfransdakı çıxışına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına böyük dövlət qayğısının möhkəm təməlini qoyması, möhtərəm Prezidentimiz İlham Əliyevin bu ənənəni uğurla davam etdirməsi barədə fikirlərlə başladı. O, Sumqayıtın timsalında təhsilə dövlət qayğısının fərəhli nəticələrindən danışdı. Məktəblərin istilik təchizatı, dam örtüklərinin yenidən qurulması, yeni bina və korpusların inşası, maddi-texniki bazanın ilbəil möhkəmləndirilməsi ilə bağlı konkret faktları diqqətə çatdıran V.Əliyev konfrans iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və onlara yeni uğurlar arzuladı.
Təhsil naziri Misir Mərdanov Sumqayıtın çoxsaylı müəllim, tələbə və şagird kollektivlərini salamlayaraq gənclik şəhərində təhsil sahəsində qazanılan uğurları təqdir etdi. Sonra diqqəti təhsil işçilərinin qarşısında duran əsas vəzifələrə cəlb edən nazir onların ölkəmizin tərəqqisi naminə bundan sonra da fədakarlıq göstərəcəklərinə inandığını bildirdi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti" (Foto Şakir RƏHMANINDIR)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında