Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Sonra tədbir davam etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında demişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir şəxs özünü məhz müəllimlərinə borclu sayır.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, son illər təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərəçarpacaq uğurlar əldə edilmişdir. Həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılmasından xəbər verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafı, problemlərin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərimizin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Dövlət başçımızın hər il Beynəlxalq Müəllim Günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi ölkə rəhbərinin təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.
İ. Abbasov Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında ümummilli lider Heydər Əliyevin mütərəqqi ənənələrinə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Suraxanıda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən, ötən tədris ilində rayonun təhsil işçilərinin qazandığı uğurlardan danışmışdır. Qeyd etmişdir ki, 84, 87, 118, 140, 282 nömrəli məktəblər əsaslı təmir olunmuş, 104, 118, 146 nömrəli məktəblər üçün əlavə korpuslar tikilmişdir.
Sevinc Hüseynova bildirmişdir ki, Suraxanı rayonu üzrə 2013-2014-cü tədris ilində 1847 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1558 nəfəri ali məktəblərə sənəd vermiş və 983 nəfəri, yəni imtahanda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. Bundan başqa, 5 məzun orta məktəbi qızıl medalla bitirmişdir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı, 20 nəfəri isə 650-dən yuxarı bal toplamışdır.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasov, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, rayon üzrə ən yüksək bal toplayan Gülşən Hacıbalayeva, Səidə Balayeva, Fərid Mahmudov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.
Müəllim Günü münasibətilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup şəxs və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.
İcra hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri ümummilli lider Heydər Əliyevin təhsil haqqında dediyi sözlərlə yekunlaşdırmışdır: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”.
Sonda şagirdlərin ifasında bədii hissə göstərilmişdir.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.