Azərbaycanlı gənclərin əksəriyyəti Uinston Çörçillin işlədiyi, Çarlz Darvinin oxuduğu ali məktəblərə üstünlük verir

Son zamanlar şahidi olduğumuz əhatəli tendensiyalardan biri də budur ki, Azərbaycan gəncləri Uinston Çörçillin işlədiyi, Çarlz Darvinin oxuduğu ali məktəblərdə təhsil almağa səy göstərirlər. Bu, alqışlanmalı məqamdır. Ümumiyyətlə isə ölkə gəncləri arasında xaricdə təhsil almağa çalışanların sayı ildən-ilə sürətlə artır.

Bunun bir neçə səbəbi vardır. Birinci odur ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş azərbaycanlı gənclərin xaricdə təhsil almasını stimullaşdırmaq ənənəsi bu gün də yaşadılır. İkincisi, bu gün Azərbaycan dövləti həmin məqsədlə xüsusi proqramlar icra edir və bunun üçün heç nəyi əsirgəmir. “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin bu il sentyabrın 5-də keçirilən XII forumunda   qeyd etmişdilər  ki, indiyədək 2902 nəfər azərbaycanlı gənc  xaricdə təhsil almaq hüququ qazanmışdır. Xaricdə təhsil almaq üçün dövlət xətti ilə — yəni,  Təhsil Nazirliyinin seçimi əsasında göndərilən gənclərin hamısının xərclərini Dövlət Neft Fondu ödəyir.

Bu tədris ilində   daha  yüzlərlə gənc xaricdə təhsil almaq üçün seçilib. Ən vacib məqam ondan ibarətdir ki, xaricdə təhsilini başa vurmuş 714 məzunun bir çoxu ölkəmizdə dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır və gənc, müstəqil dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir. Nəhayət, gənclərin bu istiqamətdə fəallaşmasının əsas səbəblərindən biri də beynəlxalq aləmdə Azərbaycana olan inam və etimadın artmasıdır. Hamı görür ki, dünyanın hər yerində Azərbaycana və soydaşlarımıza böyük hörmət və ehtiram göstərilir. Çünki Azərbaycan dövləti sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Elə xaricdə təhsil almağa hazırlaşan gənclərimizin 85-90 faizi də hər il məhz iqtisadi təhsil istiqamətlərini seçirlər. Həmin istiqamətli təhsil müəssisələrinin  əksəriyyəti isə məhz Böyük Britaniyadadır.

Müasir dünyada ən mükəmməl təhsil verən qabaqcıl ali məktəblər Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın universitetləridir. Ancaq təhlillər göstərir ki,  xaricdə təhsil almaq istəyən  gənclərin mütləq  əksəriyyəti Böyük Britaniyanın ali məktəblərini seçir. Dövlət Proqramı çərçivəsində oxumağa göndərilən 2392 nəfərin 612-si, yəni 25,6 faizi məhz bu ölkənin ali məktəblərinə üstünlük verib.  Sonrakı yerlərdə Türkiyə və Almaniya gəlir. Bəs nə üçün bizim gənclər ABŞ, Kanada, Yaponiya, Fransa, Sinqapur və Rusiya kimi  ölkələrin universitetlərini deyil, məhz Böyük Britaniyanın ali məktəblərini daha çox seçirlər?

Səbəblər müxtəlifdir. Birincisi, Britaniya ali məktəblərinin daha qədim – çoxəsrlik təhsil ənənələri və nüfuzu, statusu  vardır və ingilislər haqlı olaraq, öz ali məktəbləri ilə fəxr edirlər. Üstəlik, ABŞ universitetləri tələbə seçimi zamanı gənclərin qarşısına kifayət qədər ağır şərtlər qoyurlar.  Məsələn, iqtisadçı olmaq istəyən abituriyentdən tələb olunur ki, bu sahədə əhatəli təcrübəsinin olduğu barədə sənəd təqdim etsin. Britaniya universitetlərinə müraciət edən gənclər isə belə şərtlərlə üzləşmirlər. Çünki Britaniya universitetlərində kadrlara dərs vermək deyil, bilavasitə universitetin özündə səriştəli, qabiliyyətli kadr hazırlamaq prinsipi əsas götürülür.

İkincisi, Britaniya ali məktəblərində təhsillə yanaşı, elmi tədqiqatlar da aparılır və bunun üçün yüksək səviyyəli maddi-texniki baza yaradılmışdır. Üçüncüsü, bu ölkənin ciddi təhsil standartları Britaniya təhsilinin artıq çoxdandır ki, bütün dünya üzrə birinciliyi saxlamasını təmin edir. Dördüncüsü, Britaniya ali məktəblərinə qəbul olmaq istəyən  avropalı, asiyalı, amerikalı gənclər  də eynilə britaniyalı gənclər kimi sadə şərtlərdən bəhrələnirlər.

Hələ ali məktəb illərindən dünya təhsil təcrübəsini öyrənməyə, tədqiq etməyə xüsusi maraq göstərən bir adam kimi öyrəndiyim bəzi məqamları hörmətli oxuculara təqdim etmək istəyirəm. Məsələn, azərbaycanlı gənclərin daha çox maraq göstərdiyi  Böyük Britaniyanın üç  universiteti barədə qısa məlumat verək.

Birinci. 1583-cü ildə Şotlandiyanın  eyni adlı  şəhərində yaradılmış Edinburq Universiteti UNESCO-nun Ümumdünya İrs Siyahısına düşüb. Bu ali məktəbə qəbul olunmaq üçün sənəd verənlərin sayına görə krallıqda  üçüncü yeri tutur. Bütün göstəricilərinə görə Avropada beşinci, dünyada isə onyeddinci yerdədir. Avropanın Tədqiqat Universitetləri Liqasının üzvü olan yeganə Britaniya universitetidir. Bu ali məktəbin rektorları arasında  Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış, dünyanın ən görkəmli siyasətçilərindən olan Uinston Çörçill, məzunları sırasında Britaniyanın Baş naziri işləmiş Qordon Braun, böyük alim Çarlz Darvin, yazıçılar Artur Konan Doyl, Valter Skott, Robert Luis Stivenson da vardır.

İkinci. Elmi-tədqiqat potensialına görə Oksford və Kembric universitetlərindən sonra  bütün dünyada üçüncü yeri tutan Mançester Universiteti Edinburq Universitetinə nisbətən xeyli cavan olsa da (bu ali məktəb 1824 -cü ildə Viktoriya Universiteti adı ilə  təsis olunmuş, 2004-cü ildə Mançester Universiteti adlandırılmışdır), onun məzunları arasında 25 nəfər Nobel mükafatçısı vardır. Bu göstəriciyə görə, birinci və ikinci yerləri  Oksford və Kembric universitetləri, üçüncü yeri Mançester Universiteti tutur. Burada 500 akademik proqram üzrə 40 min tələbə oxuyur və 10 min nəfər professor-müəllim heyəti və texniki işçi çalışır. Universitetin illik gəliri 650 milyon funt-sterlinqdir.

Üçüncü. 1876-cı ildə yaradılmış kollecin bazasında 1909-cu ildə formalaşdırılmış Bristol Universiteti elə həmin il Britaniya Kralının fəxri fərmanını alıb. “Ümumdünya Universitetlər Şəbəkəsi”nin üzvü olan bu ali məktəbin 18 min tələbəsi vardır. İllik maliyyə dövriyyəsi 347 milyon funt-sterlinqdir. Ötən əsrlərdən Britaniyada qeyri-rəsmi olaraq fəaliyyət göstərən “Qırmızı kərpicdən tikilmiş universitetlər” qrupunun üzvü olan bu ali məktəb İngiltərənin böyük sənaye şəhərlərini təmsil edən 6 ən  nüfuzlu universitetin siyahısındadır.

Bir sözlə, azərbaycanlı gənclərin xaricdə təhsil almağa böyük maraq göstərməsi kimi, onların Britaniya təhsilinə üstünlük verməsi də alqışlanmalı və təqdir olunmalıdır. Uğurlar olsun!

 

Sadiq MƏMMƏDCANLI

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında