Məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Sərəncama uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.

Oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə gəlmiş, Distant Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov məlumat vermişdir ki, binada mərkəzi server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinifinə intellektual-elektron lövhə, kompyuter, smart kamera, monitor və digər texniki avadanlıqlar qoyulmuşdur. Hazırda muxtar respublika üzrə 18 sağlamlıq imkanı məhdud uşaq distant təhsilə cəlb edilmişdir. Bu uşaqların yaşadığı mənzillərdə Asinxron Rəqəmsal Abunəçi Avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır. Mərkəzdə çalışan 4 müəllimə, eləcə də uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçirilmişdir. Distant Tədris Mərkəzinə eyni vaxtda 50 istifadəçinin qoşulması mümkündür. Gələcəkdə serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulmuşdur ki, bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir.

Ali Məclisin sədri Distant Tədris Sistemini işə salmış, dərs prosesini izləmişdir.

Bildirilmişdir ki, Distant Tədris Sistemi müxtəlif məsafələrdə olan təhsil müəssisələri arasında informasiya mübadiləsinin operativ və səmərəli təşkilinə imkan verir. Mərkəzdə müəllim və şagirdlər arasında interaktiv əlaqə təşkil olunmuşdur. Şagirdlər videobağlantı vasitəsilə keçirilən dərsləri dinləmək və müəllimlərlə birbaşa əlaqə saxlamaq imkanına malikdirlər. Hazırda burada şagirdlərə ibtidai siniflərin proqramında nəzərdə tutulan fənlər tədris olunur. Tədris sinfindəki interaktiv lövhə elektron dərsliklərdən və digər multimedia tədris avadanlıqlarından istifadəyə imkan verəcəkdir. Bu da şagirdlərin daha çox biliklərə yiyələnməsi və dünyagörüşlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin qeyd olunmuşdur ki, son illər muxtar respublikada məhdud fiziki imkanlı uşaqların ümumtəhsil məktəblərinə cəlbi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq muxtar respublikanın ümumtəhsil məktəblərində 701 məhdud fiziki imkanlı uşaq təhsil alır ki, onların da 64-ü birinci sinif şagirdidir.

Şahbuz rayonunun Ağbulaq kənd sakini, valideyn Səlim Cəmşidli videobağlantı vasitəsilə yaradılan şəraitə görə Ali Məclisin sədrinə minnətdarlıq etmiş, məhdud fiziki imkanlıların təhsilə cəlbi istiqamətində görülən işləri ölkəmizdə, elcədə muxtar respublikamızda insan amilinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirmişdir.

Müəllimlərlə söhbət zamanı Ali Məclisin sədri demişdir ki, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında distant təhsilin mühüm rolu olacaqdır. Yaradılan şərait uşaqların yaxşı təhsil almasına imkan verəcəkdir. Ona görə də müəllimlər uşaqların təhsilinə diqqətlə yanaşmalı, tədris proqramlarının həcmi artırılmalı, valideynlərlə mütəmadi əlaqə saxlanılmalıdır.

Sonra Ali Məclisin sədri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, mərkəzdə kompyuter, operator və müəllimlər otaqları, audiostudiya, defektoloji bölmə və kitabxana vardır. Otaqlarda quraşdırılan müasir tədris avadanlıqları sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına, onların kompüter və digər elektron resurslardan istifadə bacarıqlarının artırılmasına şərait yaradır. Mərkəzin audio və elektron kitabxanasında 439 audio və 518 elektron kitab mövcuddur. Həmçinin burada “Brayl” əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar da vardır. Bu günə qədər audio kitabxanada muxtar respublika üzrə 482 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçirmişdir.

Ali Məclisin sədri mərkəzin audio və elekton kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, muxtar respublikada distant təhsilə keçid istiqamətində həyata keçirilən tədbirlərin və bu sahədə yeni texnologiyaların tətbiqinin bundan sonra da davam etdirilməsi, eləcə də müvafiq pedaqoji kadr hazırlığının təmin olunması barədə aid qurumlara tapşırıqlar vermişdir.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında