SABAH-ın tələbələri üstünlüyü ADİU-ya vermişlər

 Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının yeni tədris ilində keçirilən ilk iclasında söhbət getmişdir.

Universitetin rektoru, professor Ədalət Muradov qeyd etmişdir ki, ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisələri arasında ADİU I yerdədir. SABAH qrupu tələbələrinin üçdə-biri İqtisad Universitetini seçmişdir. Rektor demişdir ki, SABAH, əslində, ali təhsilin sabahıdır. Buna görə də universitetdə SABAH gənclərinin təhsil alacağı auditoriyalara xüsusi diqqət yetirilir. Biz universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq SABAH-da yaratmışıq. SABAH üçün yaradılan şərait tədricən bütün universitetə şamil olunacaq.

Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetdə “İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.

İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əmək haqlarının 15 faiz artırılacağı bildirilib. Universitetin maliyyə bazası artdıqca əmək haqlarının daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, bir illik əmək haqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.

Şura üzvləri xüsusi istedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin.

Tədbirdə ümumi iqtisadiyyat fakültəsinin adı dəyişdirilərək, iqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.

İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən “İşçilərin universitetdaxili intizam qaydaları” ilə “Tələbələrin universitetdaxili intizam qaydaları” qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.

Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki, prorektorların qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin.

Elmi Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyularaq qəbul edilib.

 

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında