Azərbaycanda sosial-iqtisadi proqramların uğurla reallaşdırılması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər öz mühüm nəticələrini göstərməkdədir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu bu ilin əvvəlindən başlayaraq iqtisadiyyatın, sosial sahənin tərəqqisini təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib.
Xatırladaq ki, bu gün Azərbaycanda milli gəlirlərin əsas hissəsi sosial xərclərə yönəldilir. Məhz bunun nəticəsidir ki, ölkədə əmək haqları və pensiyalarda mütəmadi artım müşahidə edilir. Son 6 ildə bu bölmədə artım dinamikası 4 dəfədən çox olub. Ümumiyyətlə, sosial siyasətin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Bu ilin büdcə layihəsində sosialyönümlü xərclərin həcminin daha da artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, minimum əmək haqqının, pensiyaların, müavinətlərin artırılması gələn il də reallaşacaq. Bir sözlə, büdcə layihələri hazırlanarkən, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
İqtisadiyyatın dinamik inkişafı və artan maliyyə imkanları sosial sahəyə təsirsiz ötüşməyib. Fərəhli haldır ki, həyata keçirilən düşünülmüş iqtisadi islahatlar respublikamızda makroiqtisadi sabitliyi tam təmin edib. 2008-2009-cu illərin beynəlxalq iqtisadi və maliyyə böhranının ölkəmizə təsirinin minimal səviyyədə olması da Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi siyasətin, davamlı inkişafa xidmət edən islahatların düzgünlüyünü, dərin elmi-nəzəri əsaslarının olduğunu sübuta yetirdi. Qlobal böhran bir çox ölkələrdə iqtisadiyyata zərbə vurmaqla, həm də əhalinin sosial müdafiəsinin zəifləməsinə ciddi təsir göstərdi. İstehsalın dayanması bir çox ölkələrdə yüz minlərlə insanın işsiz qalmasına gətirib çıxardı. Böhran ölkəmizə də müəyyən dərəcədə təsir göstərdi. Çünki Azərbaycan iqtisadiyyatı qapalı deyil və dünya iqtisadiyyatına inteqrasiya şəraitində inkişaf edir. Lakin respublikamızda həyata keçirilən iqtisadi siyasətin düzgünlüyü, o cümlədən vaxtında antiböhran tədbirlərinin həyata keçirilməsi nəticə etibarilə özünü göstərdi. Zavodların fəaliyyətini dayandırması, insanların iş yerlərini itirməsi kimi hallara Azərbaycanda rast gəlinmədi.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Elə buna görə də Azərbaycanda artıq neçə illərdir daha geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri dünya iqtisadiyyatının böhranlı günlərində də uğurla davam etdirildi. Aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri uğurla həyata keçirildi.
Ölkəmizin inkişaf strategiyasına əsasən, əhalinin sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, pensiyaların baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin mütəmadi olaraq artırılması qarşıya qoyulan əsas vəzifələrdir. Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin əsas tərəflərindən biri məhz budur. Ötən 6 ildə əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Minimum əməkhaqqının, pensiya və müavinətlərin artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı cənab İlham Əliyev minimum əməkhaqqı və pensiyaların qaldırılmasının nəzərdə tutulduğunu bəyan etmişdir. "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə o qədər də böyük imkanlara malik olmayan insanlar".
Prezident İlham Əliyev avqustun 31-də əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə "Minimum aylıq əməkhaqqının artırılması haqqında", pensiyaçıların sosial müdafiəsini gücləndirmək üçün isə "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamlar imzalayıb. Dövlət başçısının sentyabrın 6-da imzaladığı müvafiq sərəncamla təhsil müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Xatırladaq ki, Azərbaycant Prezidenti eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə yuxarıda göstərilən tarixdə digər bir sərəncam da verib.
Yeri gəlmişkən, son illər təhsil sisteminə diqqət və qayğı daha da artırılmışdır. Müasir dünya təcrübəsi əsas götürülməklə təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və s. bunun bariz nümunəsidir.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.