Şriftin ölçüsü:
08.09.2010 01:38 | Oxunma sayı: 689
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 sentyabr 2010-cu il tarixdə imzaladığı "Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında" sərəncamı ölkənin təhsil işçiləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Son illər Azərbaycanda təhsilə qayğı ildən-ilə artmaqdadır. Bunu təhsilin bütün sferalarında aparılan davamlı islahatlar bir daha təsdiq edir.
Bu yaxınlarda keçirilən Azərbaycan təhsil işçilərinin respublika konfransında ötən il qazanılmış uğurlar haqqında hesabat verilməsi ilə yanaşı, qarşıda duran vəzifələr də müəyyənləşdirildi. Bakıdakı "Gülüstan" sarayında keçirilən həmin konfransda təhsil naziri Misir Mərdanov geniş və əhatəli məruzə ilə çıxış etdi. Nazir ötən tədris ilində qazanılmış nailiyyətlərdən danışdı. Konfransda qeyd olundu ki, bu il 49 yeni inşa edilmiş məktəb binası istifadəyə veriləcəkdir. Məktəblərimizin əksəriyyəti yeni avadanlıqlarla təchiz olunub. Eyni zamanda, 66 məktəbin kitabxanası da zəruri avadanlıqlar əldə etmişdir.
Əlbəttə, ölkə Prezidenti İlham Əliyevin təhsilə qayğısı nəticəsində ümumtəhsil məktəblərində informasiya texnologiyaları daha sürətlə tətbiq olunmağa başlamışdır. Yeni elektron dərsliklərin yaradılması, məktəblərin internetə qoşulmasının sürətləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər də öz nəticəsini vermişdir.
Elə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransında da təhsildə baş vermiş yeniliklərdən ətraflı bəhs olundu. Məktəblərimiz, doğrudan da, son illər yeniləşməkdədir, təhsilin məzmunu yeniləşmiş, keyfiyyəti əsaslı şəkildə dəyişmişdir. Bakı şəhər məktəblərinin əsaslı şəkildə yenidən qurulmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın xüsusi xidmətləri olmuşdur.
Biz 244 saylı məktəbə göstərilən qayğıdan bunu aydın hiss edirik.
Bizim məktəb yeni dərs ilinə demək olar ki, tam şəkildə hazırdır. Məktəbimizi daxili imkanlar hesabına cari təmir etmişik. Burada müasir təhsilin təşkili üçün hər cür şərait yaradılmışdır. Belə ki, kifayət qədər savadlı, bilikli müəllim kontingentimiz var və 2008 - 2009-cu tədris ilində müsabiqədə onlardan üçü "İlin ən yaxşı müəllimi" fəxri adına layiq görülmüşdür. Bu, bizim üçün çox şərəfli bir mükafat idi. Üstəlik, məktəbimiz də "İlin ən yaxşı ümumtəhsil məktəbi" nominasiyasından qalib olmuşdur. Biz istəyirik ki, bu estafeti axıra kimi davam etdirək. Bunun üçün ötən tədris ilində də kollektivimiz böyük səylə çalışmışdır. Nəticə də uğurludur. Sadəcə, bir faktı diqqətə çatdırmaq istəyirəm. Ötən dərs ilində məktəbimizin məzunlarından 118 nəfər şagird ali məktəblərə imtahan vermişdir. Onlardan 82 nəfəri ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. 8 şagirdimiz 600-dən yuxarı bal toplamşdır. Binəqədi Rayon İcra Hakimiyyətində 600-dən yuxarı bal toplayan uşaqlar xüsusi mükafatlarla təltif olunacaqlar, onların içərisində bizim məktəbin 8 şagirdi də var.
Bundan başqa 20 məzunumuz isə 500-600 arası bal toplaya bilmişlər. Bunlar çox sevindirici faktlardır. Bütün bunlar bizim "Ən yaxşı məktəb" ənənəmizə sədaqət rəmzidir.
Məktəbimiz müasir tipli tədris ocağıdır. Burada demək olar ki, təhsilin təşkili üçün bütün imkanlar vardır.
Azərbaycan Respublikası Prezidentinin ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı üzrə təsdiq etdiyi Dövlət Proqramı ölkədə sürətlə həyata keçirilir. Bu gün Bakı şəhərində hər 29 uşağa bir kompyuter nisbəti həll olunmuşdur. Hazırda bu istiqamətdə çox uğurlu layihələr həyata keçirilir.
Bizim məktəb də kompyuterlərlə təmin olunan ilkin təhsil ocaqlarındandır. Hazırda məktəbimizdə 3 kompyuter otağı bütün lazımi avadanlıqları ilə şagirdlərin istifadəsinə verilmişdir. Amma hələ bu sahədə görüləsi işlər çoxdur. İnternetə tam qoşulmamaq hələ də problemlər yaradır.
Şagirdlərimizə informasiya texnologiyalarını tədris edən müəllim kadrlarımız da kifayət qədərdir və gələcəkdə yəqin ki, onların sayı artırılacaq.
Bu gün hər bir məktəb yeni dərs ili qarşısında öz-özünə hesabat verməlidir. Dövlət başçımız cənab İlham Əliyev təhsil işçilərinin əməkhaqlarının artırılması barədə imzaladığı sərəncam hər bir təhsil işçisinin məsuliyyətini artırmalıdır. Görün, yeni təhsil ilində nə qədər müəllimin sosial vəziyyəti qismən yaxşılaşacaq. Son illər mütəmadi olaraq müəllimlərin əməkhaqqı artırılır və yəqin ki, bu da son hədd olmayacaq. Bizim kollektivdə isə 183 müəllim çalışır. Onların hər biri öz məsuliyyətlərini yaxşı başa düşür. Onların cənab Prezidentimizə minnətdarlıqılarını bldirir və bu qayğıya təhsildə qazandıqları uğurlarla cavab verəcəklərini deyirlər.
{nl}
Yəhya ABBASOV, Bakıdakı 244 saylı məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.