Zərdaba budəfəki gəlişim xoş bir təsadüfə düşdü. Rayon icra hakimiyyətində dedilər ki, Ağabağı kənd məktəbinin təməlqoyma mərasimi keçirilir. İcra hakimiyyətinin, əlaqədar idarə və müəssisələrin rəhbərləri ordadır. İcra başçısı Lütvəli Babayevlə də pilləkəndə rastlaşdıq. Ayaqüstü görüşdük, hal-əhval tutduq. Lütvəli müəllim xoş bir təbəssümlə:
- Nə yaxşı ki, gəldiniz, - dedi. Bax, buna deyərlər hadisələri qabaqlamaq. Gedək...
Gedəcəyimiz ünvan, keçiriləcək tədbir məlum idi. Ona görə də yolboyu icra başçısı ilə məhz bu barədə söhbət edirdik. Əlbəttə, rayon rəhbəri daha çox təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından, onun maddi-texniki bazasının möhkəmləndirilməsindən, bu sahədə aparılan ardıcıl və məqsədyönlü tədbirlərdən, ölkə rəhbərinin gündəlik diqqət və qayğısından danışdı:
- İqtisadi, siyasi və mədəni sahələrdə ciddi islahatlar aparılmaqla sivil dünyaya inteqrasiya olunan Azərbaycan Respublikası iqtisadiyyatın bütün sahələrində dinamik inkişafına görə lider ölkələrdən birinə çevrilir. Son illər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də məqsədyönlü islahatlar aparılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkədə təhsilin ən prioritet sahə olduğunu daim vurğulayan dövlət başçısının diqqət və qayğısı sayəsində problemlər ardıcıl olaraq öz həllini tapır, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, son dövrlərində 16 dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Son illər respublika təhsilində həyata keçirilən bu proqramların nəticəsində yeni-yeni məktəb binaları, əlavə tədris korpusları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, maddi-tədris baza yaxşılaşdırılır, tədris müəssisələri kompüterlə təchiz edilir, yeni dərsliklər hazırlanır. Ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün danılmaz həqiqətədir. Bir sözlə, təhsilimiz ötən illərlə müqayisədə çox böyük inkişaf yolu keçmişdir. Ağabağı kəndində əsl təntənə və qələbəlik vardı. Axı, bünövrəsi qoyulan təhsil ocağında bura toplaşan insanların övladları oxuyacaq. Onlar hər cür şəraiti olan məktəbdə təhsillərini davam etdirəcəklər. Deməli, əslində, bu təntənə təkcə müəllimlərin, şagirdlərin yox, burda yaşayan insanların hamısının idi. Ona görə də üzlərdə sevinc, baxışlarda təbəssüm və minnətdarlıq oxunurdu.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu münasibətlə kənd sakinlərini, müəllimləri, şagirdləri təbrik etdi, inşaatçılara uğurlar arzuladı. Kənd sakinlərindən Öysət Cavadov, Məhəmməd Aslanov, Sabit Heydərov çıxış edərək diqqət və qayğı üçün ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər, rayon icra hakimiyyətinin qayğıkeş və təşəbbüskar fəaliyyətini yüksək qiymətləndirdilər.
Yeri gəlmişkən, yolboyu başqa məktəblərə də baş çəkdik, yeni dərs ilinə hazırlıqla aparılan təmir və bərpa işlərinin gedişi ilə maraqlandıq. Hiss olunurdu ki, icra başçısı işlərin gedişindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən, görülmüş işlərdən razıdır.
Doğrudan da, son illər əsas diqqət ümumi icbari orta təhsilin həyata keçirilməsinə, rəhbər və pedaqoji kadrlarla işin daha da təkmilləşdirilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, uşaqların şəxsiyyət kimi hərtərəfli hazırlanmasına, onların xüsusi istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi kimi məsələlərə yönəldilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram" rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük təkan vermişdir. Belə bir cəhət xüsusilə böyük fərəh hissi doğurur ki, uzun illər bir məktəb binası tikilmədiyi halda 2008 - 2010-cu illərdə Zərdab şəhər 3 saylı orta məktəbi əsaslı təmir olunmuş, Məlikumudlu və Alıcanlı kəndlərində 360 yerlik, yarandığı gündən məktəb binası olmayan Xanməmmədli və Cilovxanlı kəndlərində 80 yerlik müasir tipli məktəb binaları tikilərək istifadəyə verilmişdir. Yeni tikilmiş və əsaslı təmir olunmuş bütün məktəblər müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə, ötən 3 il ərzində Çallı, Əlibəyli, Şəftəhal kənd orta məktəblərində, Zərdab şəhər 1 və 2 saylı uşaq bağçalarında təmir işləri aparılmışdır.
Ümumtəhsil məktəblərinin istilik təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılıması ilə əlaqədar əsaslı tədbirlər həyata keçirilmişdir. Ötən payız-qış mövsümü ərəfəsində Zərdab şəhərində yerləşən 4 məktəbdə istilik sistemi tamamilə yenidən qurulmuşdur. 1 saylı məktəb liseyi, 2 və 3 saylı orta, şəhər əsas məktəbi, Məlikumudlu, Alıcanlı kənd orta, Xanməmmədli kənd ibtidai məktəbləri müasir tələblərə cavab verən istilik sistemləri ilə təchiz olunmuşdur.
Hazırda Şıxbağı kəndində tikilən 180 yerlik müasir tipli yeni məktəb binasında son tamamlama işləri görülür və bu bina yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir.
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" rayonda uğurla həyata keçirilir. Hazırda 38 məktəbdə kompyuter avadanlıqları quraşdırılıb. Şagirdlərin istifadəsində 192 əsas kompyuter avadanlığı vardır ki, bunlar da ümumtəhsil məktəblərində hər 29 şagirdə 1 kompyuter nisbəti yaratmışdır. Təhsildə aparılan genişmiqyaslı işlər yalnız infrastrukturun yeniləşdirilməsi ilə bağlı olmamışdır. Əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun dəyişiklikləri üçün də əlverişli zəmin yaratmışdır.
"Xüsusi istedada malik olan uşaqaların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 - 2010-cu illər)"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamından sonra ümumtəhsil məktəblərində istedadlı uşaq və gənclərlə işlər ön plana çəkilmiş, ilk növbədə rayonun ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlər haqqında məlumat bankı yaradılmışdır. Hər il istedadlı uşaq və gənclərlə rayon icra hakimiyyətinin keçirdiyi görüşlər, bu görüşlərdə onların fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması istedad bankının daha da genişləndirilməsi işinə xeyli təkan vermişdir.
Son illər həyata keçirilən tədbirlər öz müsbət nəticəsini vermişdir. Belə ki, son 3 ildə rayon məktəblərinin fənn olimpiadalarında qazandıqları nailiyyətləri respublikada ən yüksək nəticələrdəndir. Fənn olimpiadalarının respublika turunda 21 nəfər məktəbli qalib adına layiq görülmüşdür. 2009-cu ildə Zərdab şəhər 2 saylı orta məktəbin şagirdi Rufanə Qəribli daha böyük uğur əldə edərək ümummilli lider Heydər Əliyevə həsr olunan inşa müsabiqəsinin respublika mərhələsində 2-ci yeri tutaraq Təhsil Naziriliyi tərəfindən mükafatlandırılmışdır.
İstedadlı uşaqların aşkara çıxarılması və onların potensial imkanlarının inkişaf etdirilməsində rayonun məktəbdənkənar müəssisələrinin rolu da gücləndirilmişdir. Ötən 3 il ərzində bütün məktəbdənkənar müəssisələrdə dərnək məşğələlərinə cəlb edilən istedadlı şagirdlər fəallıq göstərmiş, respublika miqyaslı müxtəlif yarış və müsabiqələrdə uğurlu nəticələr əldə etmişlər. Uşaq Gənclər Şahmat Məktəbi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi xüsusi fərqlənmişdir.
Uşaq Gənclər Şahmat Məktəbinin komandası 2009-cu ildə respublika şahmat məktəblərinin komanda birinciliyinin zona yarışlarında 2-ci yeri, respublika finalında isə 3-cü yeri tutmuşdur. Məktəbin şagirdi İzzət Rəhimli 14-16 yaşlı qızlar arasında Azərbaycan çempionu olmuş, 2009-cu ilin aprel ayında Yunanıstanın Saloniki şəhərində keçirilən Dünya olimpiadasında 5-ci yeri tutmuş, həmin ilin noyabr ayında İstanbulda keçirilən Dünya çempionatında respublikamızı təmsil etmişdir. Məktəbin digər nümayəndəsi Talıbxan Talıbxanlı 2010-cu ili aprel ayında Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa çempionatında uğurla iştirak etmişdir. Şəhər 2 saylı orta məktəbin şagirdi Nərmin Camalzadə karate üzrə beynələxalq turnirdə qalib gələrək Dünya kuboku və qızıl medala layiq görülmüşdür.
Ölkə tarixində ilk dəfə dövlət səviyyəsində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi və qaliblərin mükafatlandırılması məktəblər və müəllimlər arasında sağlam rəqabətə geniş meydan verməklə, təhsilin keyfiyyətinə müsbət təsir göstərmişdir. Sevindirici haldır ki, həmin müsabiqələrin respublika mərhələsində Zərdab məktəbləri və müəllimləri də fəal iştirak etmişlər.
2007 - 2008-ci dərs ilində keçirilən həmin müsabiqədə Zərdab şəhər 1 saylı məktəb-lisey "Ən yaxşı ümumtəhsil məktəbi", şəhər 2 saylı orta məktəbin biologiya müəllimi Çimnaz Məmmədova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşlar. 2008 - 2009-cu dərs ilində şəhər 3 saylı orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş və pul ilə mükafatlandırılmışdır.
Ötən il Zərdab müəllimləri üçun xüsusilə uğurlu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Nəsimi Hüseynova, şəhər 2 saylı orta məktəbin müəllimi Çimnaz Məmmədovaya, şəhər 1 saylı orta məktəb-liseyin müəllimi Sara Soltanovaya "Əməkdar müəllim" adı verilmiş, şəhər 3 saylı orta məktəbin müəllimi Cəvahir İsmayılova "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Hazırda rayonun təhsil sistemində 5 nəfər "Əməkdar müəllim" adına, 2 nəfər "Tərəqqi" medalına layiq görülmüş pedaqoji işçi fəaliyyət göstərir ki, bu da dövlətimizin rayon müəllimlərinə böyük etimadı və qayğısı kimi qiymətləndirilir. Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə təhsil işçilərinin məvaciblərinin yenidən artırılması Zərdab müəllimlərini də ürəkdən sevindirmişdir.
Məlumdur ki, təhsilin ən böyük keyfiyyət göstəricisi orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrdir. Belə ki, Zərdab məzunlarından 2008-ci ildə 69 nəfəri, 2009-cu ildə 78 nəfəri ali məktəblərə qəbul olunmuşdursa, 2010-cu ildə bu rəqəm 88 nəfər olmuşdur.
Rayon təhsil işçiləri yeni dərs ilində bu uğurları daha da artırmaq əzmindədirlər.
Ümumiyyətlə, 2010 - 2011-ci dərs ilində rayonda 28 orta, 9 əsas, 5 ibtidai məktəbi, 19 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərəcək. Rayonun 42 ümumtəhsil məktəbində 7425 nəfər şagird təhsil alacaq. Ötən dərs ilində təhsil müəssisələrinin kadrlarla təminatı, onların ixtisasının artırılması və yenidən hazırlanması istiqamətində bir sıra işlər görülmüş, nəticədə kadrlara olan ehtiyacın bir hissəsi aradan qaldırılımışdır. Bununla belə, ümumtəhsil məktəblərinin ixtisaslı müəllimlərə ehtiyacı tam ödənilməmişdir. Ona görə də bu barədə Təhsil Nazirliyinə sifariş verilmişdir.
Qarşıdan gələn dərs ili ərəfəsində məktəblilərin dərsliklərlə təminatı diqqət mərkəzindədir. Əvvəlki illərdə I-XI siniflərə verilmiş pulsuz dərsliklər hesabına rayonun hər bir məktəbdə dərslik fondu yaradılmış, onların qorunub səliqəli saxlanılmasına nəzarət gücləndirilmişdir. İndiyə kimi, Təhsil Nazirliyindən 33 adda 11760 ədəd pulsuz dərslik gətirilmiş və məktəblərə paylanmışdır.
Uzun illərdir ki, şagirdlərin vahid məktəbli forması ilə təmin edilməsi məqsəd olaraq qalırdı. Son illərdə bu problem də aradan qaldırımışdır. Dərs ilinin çox hissəsinin payız-qış aylarına düşdüyü nəzərə alınaraq qarşıdan gələn mövsümə hazırlıqla əlaqədar bir sıra işlər görülmüşdür. Bu günədək 640 kubmetr odun tədarük edilmişdir. Şəhər 1, 2, 3 saylı, eləcə də Məlikumudlu, Alıcanlı, Xanməmmədli kənd məktəbləri istilik sistemi ilə qızdırılacaqdır.
Göründüyü kimi, son illər Zərdab rayonunda təhsilə diqqət və qayğı artırılmış, bu sahədə bir sıra ciddi uğurlar əldə edilmiş, əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. Bütün bunlar isə belə bir möhkəm inam yaradır ki, qarşıdan gələn yeni dərs ilində uğurlar artacaqdır.{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.