Bu il Lənkəranda 11 məktəb üçün yeni binalar tikilib, şəhər 2 nömrəli tam orta məktəbinin binası əsaslı təmir olunub. Həmin məktəblərin açılış mərasimlərində əsl bayram sevincləri yaşanıb.
Şəhər 8 nömrəli tam orta məktəbinin yeni binasında keçirilən mərasimdə şəhər rəhbərliyi də iştirak edirdi. Sevinc hisslərini ifadə edən Darquba kənd ağsaqqalları, müəllim və şagirdlər təhsilə qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda təhsil şəbəkəsinin durmadan yenilənməsindən, Lənkəranda da məktəb tikintisinin geniş vüsət almasından söz açdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bayram münasibətilə bütün təhsil işçilərini və şagirdləri təbrik etdi. Bildirdi ki, ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsi millətin xoşbəxt gələcəyinə xidmət edir. Buna cavab olaraq pedaqoji kollektivlər tədrisin keyfiyyətini yaxşılaşdırmalı, gəncləri milli ruhda tərbiyə etməli, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məhkurəsinə sadiq gənclər kimi yetişdirməlidir.
Sonra qırmızı lent kəsildi, məktəblə tanışlıq oldu.
T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimində çıxış edənlər də yeni dərs ilinə son dərəcə yaraşıqlı binada başlamalarından hədsiz məmnunluq duyduqlarını dilə gətirdilər.
Milli Məclisin deputatları Hadi Rəcəbli və Rüfət Quliyev kollektivə məktəbin əsaslı surətdə yenidən qurulması münasibətilə təbriklərini çatdırdılar, uğurlar arzuladılar. İcra başçısı Taleh Qaraşov bildirdi ki, 1-cilər üçün bu gün həm də ona görə xüsusilə əlamətdardır ki, onlar təhsil sahəsində ilk addımlarını Avropa standartlarına uyğun məktəbdə atırlar. Rayonda 11 məktəbin açılışının həyata keçirildiyini söyləyən icra başçısı xüsusi vurğuladı ki, bu, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğının təzahürüdür. Sonra o, yeni tədris ilində pedaqoji kollektivə uğurlar arzuladı, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Lənkəran rayonunda yeni tikilən Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Separadi, Tükəvilə tam orta məktəblərinin, Daşdalığjar, Tütəpeştə, Qurunba və Şağlaser kənd ümumi orta məktəblərinin də açılış mərasimləri keçirildi.
* * *
Son 10 ildə Astarada 40-dan çox yeni məktəb binası tikilib, yaxud əsaslı təmir olunub. Builki açılış mərasimləri Suparibağ kənd tam orta, Anboba və Əzərüd kənd ibtidai məktəbinin kollektivlərinə xüsusilə unudulmaz təsir bağışladı. Çünki onlar yeni dərs ilini yeni məktəb binalarında qarşıladılar.
220 şagird yerlik Suparibağ kənd tam orta məktəbin açılış mərasimində çıxış edənlər hər cür şəraiti olan ikimərtəbəli məktəb binasını yetişməkdə olan gənc nəslə hədiyyə etdiyinə görə dövlət başçısı İlham Əliyevə hədsiz minnətdarlıq etdilər. Qeyd olundu ki, daha bilikli, savadlı, Vətənə və xalqa layiqli vətəndaşların yetişdirlməsi üçün bütün imkanlardan maksimum istifadə ediləcək. Şagirdlər Vətənə, ulu öndərin xatirəsinə və ölkə Prezidenti cənab İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev yeni məktəbin açılışı münasibətilə kənd sakinlərini təbrik etdi. Müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin bununla dövlət gənclər siyasətini uğurla həyata keçirdiyini diqqətə çatdırdı. O dedi ki, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən yeni təhsil müəssisələrində müəllimlər Vətənimiz, xalqımız üçün bilikli, savadlı, vətənpərvər gənclərin yetişdirilməsinə var qüvvələrini sərf etməlidirlər.
Sonra yeni məktəb binasının açılış lenti kəsildi və yaradılan şəraitlə tanışlıq oldu.
Həmin gün Asxanakarən kənd inzibati ərazi dairəsi nümayəndəliyinin Əzərüd və Anboba kənd ibtidai məktəbləri üçün inşa edilmiş yeni binaların da təntənəli açılış mərasimləri oldu.
* * *
Yeni dərs ili Lerik rayonunda da əsl bayram təntənələri ilə qeyd edildi.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq inşa edilmiş, 180 şagird yerlik Vizəzəmin və Nücu kənd tam orta məktəblərinin yeni binalarının, həmçinin əsaslı təmirdən sonra Mastail kənd tam orta məktəbinin açılış mərasimləri keçirildi.
Çıxışlarda vurğulandı ki, son illərdə təhsil sahəsinə dövlət qayğısı daha da artıb. Bunun nəticəsidir ki, respublikanın ən ucqar bölgələrində belə yeni, müasir məktəb binaları inşa edilib, maddi-texniki baza xeyli zənginləşdirilib.
Açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisinin deputatı İqbal Məmmədov müəllim və şagirdləri yeni tədris ilinin başlanması və məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik etdilər. Qeyd olundu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda misilsiz nailiyyətlər qazanılıb. Dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişib, müasirləşib, əhalinin rifah halı daha da yüksəlib. Hər yerdə abad yollar çəkilir, infrastruktur formalaşdırılır, müasir məktəblər tikilir. Natiqlər dağlar diyarının inkişafına göstərilən diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonra məktəbin açılış mərasimlərində iştirak edən qocaman müəllimlərə xatirə hədiyyələri təqdim edildi, 1-ci siniflərə qəbul olunmuş şagirdlərə isə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edildi.
Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə yaxından tanış oldular.
* * *
Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yeni inşa olunmuş 450 şagird yerlik kənd tam orta məktəbinin açılış mərasimində icra hakimiyyətinin başçısı Mahir Quliyev, Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Natiqlər strateji sahə olan təhsilə dövlət səviyyəsində prioritet verilməsindən hədsiz razılıqlarını bildirdilər. M.Quliyev çıxışında dedi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş regional inkişaf Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir. Bu gün açılışı reallaşan bu tədris ocağında müəllim və şagirdlər üçün gözəl şərait yaradılmışdır. Ölkə rəhbəri bildirib ki, yaxın illər ərzində Azərbaycanda bir dənə də olsun yararsız məktəb qalmayacaq. Müəllimlərdən yalnız bir şey tələb olunur: şagirdlərə gözəl təhsil vermək və yeni tikilən tədris ocaqlarını təmiz saxlamaq, qorumaq.
Prezident Adminstrasiyasının məsul işçisi V.Bağırov respublikamızda aparılan hərtərəfli sosial-iqtisadi inkişafdan, abadlıq-quruculuq işlərindən ətraflı danışdı, məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Sonra məktəbin açılışını bildirən qırmızı lent kəsildi və siniflərə baxış keçirdi.
Rayonun Xırmandalı kəndində yeni inşa olunmuş 640 şagird yerlik 2 saylı tam orta məktəbinin açılış mərasimi də yaddaqalan oldu. Tədbirdə rayon rəsmiləri də iştirak edirdi.
İcra hakimiyyətinin başçısı Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri və valideynləri təbrik etdi, hər kəsə uğurlar arzuladı. O bildirdi ki, cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində respublikamızın hər yerində olduğu kimi, Biləsuvar da xeyli gözəlləşib, burada sürətli abadlıq və tikinti işləri aparılır. Yeni məktəblər inşa olunur. Məqsəd sabahımızın sahibləri olacaq bugünkü gənc nəsil üçün hərtərəfli şərait yaratmaq, dövlətimizin davamlı inkişafını təmin etmək, müstəqilliyimizi daha da möhkəmləndirməkdir.
Yeni məktəblərdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olundu.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.