Üçüncü qrupun birincisi

Ceyran Məmmədova əslən Şərur rayonunun ­İbadulla kəndindəndir. Elə ibtidai təhsilini də doğma kəndlərindəki orta məktəbdə alıb. Sonradan təhsilini Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə davam etdirən Ceyran bu il  ölkə üzrə ən yüksək nəticə göstərən abituriyentlərdəndir. O, topladığı bala görə rus bölməsində III qrup üzrə Azərbaycan birincisidir. İmtahanda 667 bal toplayan Ceyran ölkənin ən nüfuzlu məktəblərindən biri olan ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” fakültəsini seçib. Orta təhsilini rus dilində alan
Ceyran Məmmədova ali məktəbdə ingilis dilində oxuyacaq.

Onunla təsadüfən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında qarşılaşırıq. Kitabxanada qarşısına müxtəlif kitablar yığıb onları vərəqləyən, tez-tez kitabxanaçılardan müxtəlif kitabların adlarını soruşan qız diqqətimi çəkir. Gəlin etiraf edək ki, bu gənclərimizin hər gün daha çox texniki vasitələrə meyillənib kitabdan uzaqlaşdığı bir zamanda təəccübləndirici olmaya bilməzdi. Kitabxanaçılardan öyrənirəm ki, o bu il ölkə üzrə ən yüksək bal toplayan abituriyentlərdəndir.

Ceyran Rasim qızı Məmmədova üçün indi əsas məqsəd universitet tələbəsi adını qazanarkən göstərdiyi nəticəni əldə etdiyi yeni biliklərlə daha da yüksəltmək, təhsil alacağı universitetin sayılıb-seçilən tələbələrindən biri olmaqdır. Niyə məhz “Dövlət və ictimai münasibətlər” ixtisasını seçdiyini soruşuruq. Deyir ki, Azərbaycan dövlətinin dünya miqyasında əldə etdiyi uğurlar, ölkəmizin günü-gündən artan nüfuzu, həyata keçirilən islahatlar, reallaşdırılan çoxprofilli layihələr o qədər genişmiqyaslıdır ki, bunların ictimaiyyətə çatdırılmasına ehtiyac var. Seçiminə təsir göstərən səbəblərdən biri bu olub. O dövlətlər inkişafının dayanıqlılığını qoruyur ki, orada dövlətlə xalq arasında, dövlətlə ictimaiyyət arasında bağlılıq mövcuddur. Məqsədim gələcəkdə ölkəmizə faydalı vətəndaş olmaqdır – deyir Ceyran. İstəyirəm ki, təhsilimi başa vurduqdan sonra doğma Naxçıvanımıza qayıdım, burada fəaliyyətimi davam etdirim. Çünki blokada şəraitində olan və bütün çətinliklərə baxmayaraq sürətlə inkişaf edən Naxçıvanda işləmək daha qürurverici, məsuliyyətli və şərəflidir. Eyni zamanda bura Azərbaycan dövlətçiliyinin beşiyidir. Tez-tez Naxçıvandakı muzeylərə baş çəkdiyini deyən Ceyranın fikrincə, Naxçıvanın özü artıq dövlətçilik və mədəniyyət muzeyinə çevrilməkdədir.

Bu xoş söhbətin, eşitdiyimiz kifayət qədər intellektual fikirlərin təsiri altında sağollaşırıq. İçimizdə bir əminlik də var. Ölkəmizin gələcək inkişafının məhz belə intellektual gənclərimizin əllərində olmasından doğan əminlik.

 

Elnur KƏLBİZADƏ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında