Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın zəngin təbii resursları, artıq şaxələndirilmiş iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial sahəyə çox böyük diqqət göstərilir. Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Bakının Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışından
Artıq həm yerli, həm də beynəlxalq ekspertlər bütün səviyyələrdə və bütün tribunalardan açıq şəkildə bəyan edirlər ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” ideyası dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Son illərdə dövlətimizin başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları da məhz bu məqsədə xidmət edir. İndi artıq dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da təhsil ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissələrindən biri kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Təbii ki, bunun üçün güclü iqtisadiyyat, qüdrətli dövlət prinsipi əsas rol oynayır. Həmin prinsiplər isə müasir Azərbaycan reallıqları sırasında çoxdan öz yerini möhkəmləndirib.
Ekspertlər qətiyyətlə söyləyirlər ki, Azərbaycanın Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində yüksək mövqeyi iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlərin davamlılığının və irimiqyaslı layihələrin səmərəliliyinin məntiqi nəticəsidir. Respublikamız dünya ölkələrinin rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini 1 pillə yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Bu barədə DİF-in dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir. Bizim üçün daha maraqlı olan məqamlardan biri də odur ki, Azərbaycan artıq 6 ildir bu sahədə MDB ölkələri arasında öndədir. Müqayisə üçün qeyd edək ki, MDB-nin digər iki əsas neft ölkəsi olan Rusiya bu reytinq cədvəlində 53-cü, Qazaxıstan isə 50-ci yerdədir. Yəni, müasir zamanda ölkənin inkişafının əsas stimulu təbii imkanların zənginliyi deyil, elmi əsaslarla qurulan dəqiq idarəetmədir.
Xatırladaq ki, Dünya İqtisadi Forumu kimi mötəbər bir təşkilat dünya ölkələrinin qlobal rəqabətə davamlılıq indeksini 144 ölkənin 14 min ekspert və şirkət rəhbərinin makroiqtisadi sabitlik, maliyyə bazarının inkişafı, əmək bazarı, texnoloji inkişaf, innovasiya potensialı, şirkətlərin rəqabət qabiliyyətliliyi, təhsil, səhiyyə və sair bu kimi 12 nəzarət göstəricisinə münasibəti əsasında formalaşdırır və tərtib edir. Yəni bu, göstərici ölkəmiz üçün hədsiz dərəcədə əhəmiyyət kəsb edir.
O da vurğulanır ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev respublikamızda yaranmış maddi imkanlardan və hərtərəfli sabitlikdən istifadə edərək təhsilin, elmin, mədəniyyətin və səhiyyənin inkişaf etdirilməsi məqsədilə silsilə tədbirlər reallaşdırır, bu sahələrdə ölkəmizin qazandığı nailiyyətlərin sayını gündən-günə artırır. Məsələn, son illər dövlət başçımızın ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompyuter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib.
Bu sahədə dövlətin ən yaxın köməkçisi isə ulu öndərin adını daşıyan fonddur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.
Dərs ilinin başlandığı gün Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev iştirakçısı olduğu mərasimə yüksək qiymət verərək demişdir: “Bu, çox gözəl, əlamətdar hadisədir. Bu gözəl məktəb göz oxşayır, çox rahatdır, genişdir və burada oxumaq üçün bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən üç dəfə böyükdür. Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır”.
Burada xüsusilə xatırladılmalı, daha doğrusu, dövlətin və dövlət başçımızın orta ümumtəhsil məktəblərinə göstərdiyi diqqət və qayğının miqyasını müəyyən edən daha bir məqam da var idi. Həmin məqamı bilavasitə cənab Prezidentin öz sözləri ilə təqdim edək: “Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki, təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır”.
Yəqin ki, diqqətli oxucu əsas fikrin məhz dövlət başçımızın bu qədər sıx iş qrafiki ilə çalışdığı günlərdə (son həftələr Bakının rəsmi qonaqlarsız keçən bir günü belə olmur və həmin qonaqların böyük əksəriyyətini məhz dövlət başçımız qəbul edir) , cəmi üç həftədə 20-dən çox orta məktəbdə olmasına yönəldildiyini hiss etdi. Bu isə o deməkdir ki, möhtərəm Prezident “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının daha tez reallaşdırılmasında israrlıdır. Əksər ölkələrin sarsıdıcı iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycanın təhsil sektoruna bu qədər sərmayə yatırması bir çoxlarına inandırıcı görünmürdü. Ancaq günün reallıqları hamını inandırdı.
Yeri gəlmişkən, beynəlxalq aləmdə ölkələrin bir çoxunun iqtisadi böhran yaşadığını Prezident İlham Əliyev də çıxışında xatırlatmışdır: “Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir”.
Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezident İlham Əliyev daim müasirləşmənin, xarici ölkələrdəki elmi-texniki yeniliklərin Azərbaycana gətirilməsinin, beynəlxalq aləmdəki mütərəqqi təcrübələrin ölkəmizdə də tətbiq olunmasının vacibliyini vurğulayıblar. Hər iki prezident gənc müstəqil respublikamızın beynəlxalq aləmə inteqrasiyasına möhtəşəm töhfələr vermiş dövlət başçısı kimi tanınıblar. Bakıda təşkil olunan multikulturalizm, tolerantlıq mövzulu beynəlxalq forum və simpoziumlar da həmin iradədən qaynaqlanırdı. Ancaq hər iki böyük siyasətçi möhtəşəm qətiyyət və cidd-cəhdlə çalışıb ki, beynəlxalq aləmdə gedən qloballaşma prosesində Azərbaycan xalqının milli-mənəvi dəyərləri zərər çəkməsin. Prezident İlham Əliyev bu məqsədlə ölkə gəncliyinin qarşısında da böyük vəzifələrin durduğunu söyləyir: “Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi, həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri əsas tutacaq”.
Fikrimizcə, cənab Prezidentin nümayiş etdirdiyi bu qətiyyət və iradə onun siyasətçiliyindən, dövlət başçılığından öncə kamil vətəndaş olmasından qaynaqlanır. Çünki kamil vətəndaş olmayan siyasətçi və dövlət başçısı öz xalqını və dövlətini beynəlxalq aləmdə cərəyan edən çoxsaylı ictimai-siyasi proseslər fonunda bu qədər ustalıqla tərəqqiyə doğru apara bilməzdi. Bir bu məqam, bir də cənab Prezidentin Heydər Əliyev siyasi məktəbinin yetirməsi olması bəs edir ki, o, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin sırasına çıxartsın.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.