Dünən respublikamızın bütün məktəblərində yeni dərs ili başlandı

Nəsimi

Bilik Günündə Nəsimi rayonundakı əsaslı təmirdən sonra istifadəyə verilmiş 54 və 46 saylı tam orta məktəblərdə təntənəli mərasimlər keçirilib. Tədbirlərdə hökm sürən böyük ruh yüksəkliyinə önəm verən əsas amil isə yeni tədris ili ərəfəsində həmin təhsil ocaqlarındakı əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə möhtərəm Prezidentimiz İlham Əliyevin tanış olması idi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirlərdə çıxış edərək məktəblərin kollektivlərini və şagirdləri Bilik Günü münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də böyük nailiyyətlər əldə olunur. Təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan natiq bu sahədə irimiqyaslı proqram və layihələrin həyata keçirildiyini dedi. Müasir avadanlıqlarla təchiz edilmiş, yeni inşa olunan və əsaslı təmir işləri görülən yüzlərlə təhsil müəssisəsi bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Hazırda Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, biliklərə mükəmməl yiyələnmiş gəncliyin təşəkkül tapması naminə bütün lazımi tədbirlər həyata keçirilir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizin bütün regionlarında ümumi təhsilin inkişafına öz bəhrəsini verməkdədir.

Son illər Nəsimi rayonunda da təhsil sahəsində uğurlar əldə edildiyini qeyd edən Nəsib Məhəməliyev yeni tədris ilinin başlanması ilə əlaqədar müəllim və şagirdləri bir daha təbrik edərək onlara xoş arzularını bildirdi.

Səbail

Bilik Günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olundu. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, sentyabrın 15-də 18 orta məktəbdə dərslərə təntənələrlə başlandı.

Bayıl yaşayış sahəsindəki  49 saylı “İntellekt” Məktəb-Liseydə keçirilən mərasimdə direktor Təhminə Əsədova  bildirdi ki, məktəbin binası 1929-cu ildə tikilmiş və Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı fəaliyyət göstərmişdir. Dövlət proqramına uyğun olaraq, 2012-ci ildə bina əsaslı təmir olunmuş, müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar 36 əlavə sinif otağı olan 660 şagird yerlik,  üçmərtəbəli yeni tədris korpusu da tikilmişdir. Həmin il sentyabr ayının 5-də Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Bu hadisə, məktəbə olan diqqət  və qayğı pedaqoji kollektivi daha yaxşı nəticələr əldə etməyə həvəsləndirmişdir. 

Hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 müəllim dərs deyir. Bu il 209 uşaq birinci sinfə qəbul olunub. Məktəbin 73 məzunundan 44 nəfəri tələbə adını qazanıb, 2 nəfər qəbul imtahanlarında 600-dən, 1 nəfər isə 650-dən çox bal toplayıb. 4 məzun xaricdə təhsil alacaqdır.

91 saylı orta məktəbdə təşkil olunan şənliyə toplaşan  şagirdləri, valideynləri və qonaqları salamlayan direktor Svetlana Zülfuqarova qeyd etdi ki, hazırda bu təhsil ocağında 1200  şagird oxuyur, onlara 100 müəllim dərs deyir. Bu il birinci sinfə 123 nəfər uşaq qəbul edilib. Keçən tədris ilində 68 məzunun 46-sı ali məktəblərə, onlardan 7-si isə xarici universitetlərə daxil olub. Məzunların 4-ü 500-dən çox, 2-si 600-dən, 2-si isə 650-dən çox bal toplayıb. 680 balla “ADA” Universitetinə daxil olmuş Mikayıl Mikayıllı Prezident təqaüdünə layiq görülüb.  Bilik Gününə həsr olunan tədbirlərdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni dərs ilinin başlanması münasibəti ilə  məktəb kollektivlərini təbrik etdi, onlara təhsildə uğurlar arzuladı.

Qeyd olundu ki, son 3 il ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncam və dövlət proqramlarına əsasən, rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuş, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunmuşdur. 2014-2016-cı illərdə rayon üzrə 3 orta və 1 musiqi məktəbinin və 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdur.

Bu il rayonun orta məktəblərini 1355 nəfər bitirib,   onlardan 901 nəfəri tələbə adını qazanıb. 124  nəfər 500-dən, 37 nəfər 600-dən, 9 nəfər isə 650-dən çox bal toplayıb. Məzunlarından 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olub. Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdü alacaq. 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları 43 qızıl və  3 gümüş medala layiq görülüblər.

Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açaraq bildirdi ki, keçən il bu qurumun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı, bu il isə “Könül” körpələr evi-uşaq bağçalarında əsaslı təmir aparılıb, 90 yerlik yeni korpus tikilib.

Bilik Günü rayonun digər məktəblərində də əsl ümumxalq bayramı kimi keçdi, şənliklərdə rayonun məsul nümayəndələri, ağsaqqallar, veteranlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Suraxanı

Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbdə Bilik Günü münasibəti ilə mərasim keçirilmişdir. Tədbirdə çıxış edən  rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Həmin proqrama  əsasən, hər il olduğu kimi, bu il də məktəblərin təmiri və yenidən qurulması da davam etdirilmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.

İ. Abbasov dövlət başçısının Azərbaycan təhsilinə diqqət və qayğısını xüsusi vurğulayaraq müxtəlif  dövlət proqramlarının icrası nəticəsində rayonda son illər yeni məktəb binalarının tikilməsini, mövcud məktəblərin demək olar ki, böyük əksəriyyətinin əsaslı təmir edilməsini, şagird sıxlığının aradan qaldırılmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyevin sentyabrın 13-də 84 nömrəli tam orta məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak etməsini, burada  yaradılmış şəraitlə tanış olmasını İ. Abbasov qürurverici hal kimi dəyərləndirmişdir.

Rayon rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb Proqram”ı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

Natiq çıxışında rayon təhsil işçilərinin ötən tədris ilində bir sıra uğurlar əldə etdiklərini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2013-2014-cü tədris ilində rayonun 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 1847 şagird bitirmiş, onlardan 983 nəfəri tələbə adını qazanmışdır. Bu isə sənəd verən məzunların 63 faizini təşkil edir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bundan başqa, ötən tədris ilində 5 nəfər məktəbi qızıl medalla bitirmişdir. Onlardan biri- Ləman Talıbova 84 nömrəli məktəbin məzunudur.

Başçı çıxışının sonunda əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etmiş və qarşıdakı tədris ilində uğurlar arzulamışdır.

Tədbirdə məktəbin direktoru Ağaxan Balayev və digər çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Nərimanov

Dünən  respublikamızın bütün məktəblərində  yeni dərs ili başlandı. Həmin gün  139 mindən çox  şagird birinci sinfə  qədəm  basdı. Bütün orta ümumtəhsil məktəblərində ilk  zəng çalındı  və bu münasibətlə   tədbirlər keçirildi. Bakının Nərimanov rayonunda yerləşən 177  nömrəli orta məktəbdə  də  həmin günə xüsusi hazırlıq  görülmüşdü. Səhər  tezdən  məktəbin  qarşısına toplaşan  şagirdlər arasında  birinciləri aydın seçmək olurdu.  Valideynlərinə sığınaraq   ilk dəfə məktəbə  gələn  bu fidanlar  bir azdan  ilk zəngin sədaları altında  sinif otaqlarına qədəm  basıb müəllim qarşısında əyləşəcəklər.

Budur, məktəbin direktoru  Həqiqət  Qaçayeva  tribunada  görünür. Yeni dərs ili münasibətilə   uşaqları və valideynləri təbrik edən  direktor  son  vaxtlar təhsil sistemində baş verən yeniliklərdən danışır.   Bildirir ki, ölkə  Prezidenti cənab İlham Əliyev  hakimiyyətə  gəldiyi vaxtdan ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil islahatlarını uğurla davam etdirmişdir.  Təhsillə bağlı  20-dən  artıq  Dövlət  Proqramı  qəbul edilmiş, onların icrası  davamlı olaraq həyata keçirilmişdir. Bu gün məktəblərimizdə  informasiya texnologiyaları  müvəffəqiyyətlə tətbiq olunur, elektron dərsliklər yaradılır, yeni məktəblər inşa edilir,  köhnələr əsaslı  şəkildə  təmir olunub istifadəyə verilir. Bizim məktəbdə də  cari təmir işləri başa çatdırılmış, uşaqların təhsil almaları üçün  gözəl şərait yaradılmışdır.

Məktəbimizdə  yeni dərs ilində 105  sagird birinci  sinfə  qəbul olunub. Onların  keyfiyyətli təhsil almaları üçün   hər cür imkan yaradılıb. Təhsil naziri Mikayıl  Cabbarov məktəblərdə təhsilin  yüksək  səviyyədə təşkili üçün ciddi tapşırıqlar verib.  Biz  də çalışacağıq ki, bu tapşırıqları  uğurla icra edək.

 Sonra  çıxış edən valideynlər təhsildə baş  verən yeniliklərin bu il daha keyfiyyətlə  davam etməsini arzuladıqlarını bildirdilər.

 Sonra  ilk  zəngin  sədası altında  şagirdlər siniflərə dəvət olundular.

 

A.HƏMİDOĞLU,

R. TAHİR,

V. BAYRAMOV,

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 ***

 

Qax

Sentyabrın 15-də yeni dərs ilinin başlanması münasibətilə ənənəvi Bilik Günü və İlk zəng mərasimləri respublikamızın hər yerində olduğu kimi, zəngin təhsil ənənələri olan Qaxda da yüksək mütəşəkkilliklə, ümumxalq bayramı kimi qeyd edilmişdir.

Həmin gün şəhər 4 saylı tam orta məktəbdə isə daha böyük qələbəlik hökm sürürdü. Buraya toplaşan təhsil ictimaiyyətinin nümayəndələrinin sevincinin həddi-hüdudu yox idi. Onlar ikiqat bayram sevinci yaşayırdılar. Müxtəlif səbəblərdən uzun illər təmirsiz qalan bu məktəbin 1965-ci ildə inşa edilən binasında ötən tədris ilinin sonlarında başlamış əsaslı təmir işləri artıq başa çatmışdır. Kollektiv yeni dərs ilini yeni binada qarşılayırdı. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev də iştirak edirdi.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Sultan Hacıyev ötən tədris ilinin yekunları, məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri uğurlar, yeni dərs ilinə hazırlıqla bağlı həyata keçirilən tədbirlərdən danışdı. Məktəbin binasında başa çatmış əsaslı təmir işləri barədə məlumat verdi. Qeyd etdi ki, məktəbin binası, əslində, tamamilə yenidən qurularaq müasir standartlara cavab verən vəziyyətə gətirilmiş, ən müasir texniki vəsaitlər, avadanlıqlarla, laboratoriya və fənn kabinetləri, elektron-informasiya vasitələri ilə təmin olunmuşdur. 

Sultan Hacıyev məktəbə göstərilən bu yüksək diqqət və qayğıya görə kollektiv adından ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığını bildirdi, həmçinin, rayon rəhbərliyinə, inşaatçılara razılığını çatdırdı. Qeyd etdi ki, məktəbin kollektivi göstərilən bu yüksək diqqət və qayğıya cavab olaraq daha səylə çalışaraq təhsilin inkişafına öz töhfələrini verəcəkdir.

Mərasimdə RİH başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə, o cümlədən, rayonda bu ümumxalq əhəmiyyətli sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdı. Bölgənin məktəblərinin, eyni zamanda, şəhər 4 saylı tam orta məktəbin  əldə etdikləri uğurları yüksək qiymətləndirdi. Qeyd etdi ki, son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqramlar və həmçinin, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 2000-dən çox məktəb binası tikilmişdir. O cümlədən, son bir-iki il ərzində bölgədə 16 yeni, müasir tipli məktəb binası tikilib istifadəyə verilmişdir. Əmin olduğunu bildirdi ki, yeni dərs ilini yeni, hər cür şəraiti olan, müasir standartlara cavab verən bu yaraşıqlı binada qarşılayan kollektiv göstərilən diqqət və qayğıya cavab olaraq hərtərəfli inkişaf etmiş gənc nəslin əsl vətəndaş kimi yetişməsi üçün indidən sonra daha əzmlə çalışacaq, yüksək nəticələrə nail olacaqlar. RİH başçısı çıxışının sonunda məktəbin müəllim və şagirdlərini, eləcə də rayonun təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması, Bilik Günü və bu təhsil ocağının yeni binasının istifadəyə verilməsi münasibətilə təbrik etdi, onlara xoş arzularnı çatdırdı.

Digər natiqlər də təhsilə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Mərasimin gedişi boyunca çıxış edən şagirdlər öz sevinclərini şeirlərlə, ifa etdikləri mahnılarla, oynadıqları rəqslərlə nümayiş etdirdilər. Sonra birincilərin səsləndirdikləri ilk zəngin sədaları ətrafa yayılaraq iştirakçıların hər birinə sevinc dolu kövrək anlar yaşatdı.

Mərasimdən sonra RİH başçısı Musa Şəkiliyev və qonaqlar sinif otaqları, laboratoriya və fənn kabinetləri ilə tanış oldular.

Qazax

Qazax şəhərindəki Ədəbiyyat Muzeyində  rayon təhsil işçilərinin konfransı keçirilmişdir. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov, Milli Məclisin deputatı Əhməd Vəliyev, Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Aparatının şöbə müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı  Ayaz Əsgərov açmışdır. O, ötən dərs ilində respublikamızda,  eləcə də Qazax rayonunda təhsil sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan bəhs etmiş və qarşıda duran vəzifələrdən danışmışdır.

Sonda rayon icra hakimiyyətinin başçısı 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuş məzunları təbrik etmiş, onları və onların təhsil aldığı məktəblərin direktorlarını RİH-in fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

 

İ.HƏSƏNOV,

H.QASIMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında