Sumqayıt müəllimlərinin ənənəvi konfransı

Gənclik şəhərinin Tarixi Muzeyində təhsil işçilərinin ənənəvi sentyabr konfransı  ötən dərs ilində qazanlımış uğurların qeyd edilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə əlamətdar olub.

Təhsil şöbəsi müdirinin əvəzi Vaqif Ələkbərov məruzə ilə çıxış edərək bildirdi ki, ötən ilin ən mühüm hadisələrindən biri sahənin gələcəyini müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın qəbul edilməsi haqqında Prezident İlham Əliyevin sərəncam imzalaması olub. Azərbaycan müəllimlərinin XIV qurultayı isə təhsil işçilərinin fəaliyyətini bu dövlət əhəmiyyətli tarixi sənədin həyata keçirilməsinə yönəldib. Nazir Mikayıl Cabbarovun qurultayda qeyd etdiyi kimi, strategiyanın təsdiqi təhsili dövlət siyasətimizin əsas prioritetinə çevirib.

Ötən tədris ilində Sumqayıt təhsil sisteminin fəaliyyətindən danışan məruzəçi dedi ki, öz ənənələri olan şəhərin pedaqoji kollektivləri dövlətin güclü dəstəyi ilə nailiyyətləri daha da artırıblar. İl ərzində inkişafı təmin edən fənn aylıqları, geniş tətbiq olunan açıq dərslər, davamiyyətin mütəmadi yoxlanması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən tədbirlər uğurları xeyli möhkəmləndirib.  Son iki ildə əla qiymətlərlə oxuyan şagirdlərin sayı 6291-dən 7791-ə çatıb. Şagird biliyinin keyfiyyət göstəricisi riyaziyyatdan 2 faiz, Azərbaycan dili və ədəbiyyatdan 3 faiz, coğrafiyadan 4 faiz, Azərbaycan tarixi fənnindən isə 8 faiz artıb. Respublika üzrə fənn olimpiadalarında iştirak edən 22 şagirddən 11-i mükafatalayiq yer tutub.

Buraxılış imtahanlarının nəticələri respublika üzrə ən yüksək olan üç bölgədən biri Sumqayıtdır. Bu göstərici Sumqayıtda IX siniflər üzrə 81 faiz, XI siniflər üzrə isə 88,3 faiz təşkil edib. Ötən dərs ilində şəhərin tam orta ümumtəhsil məktəblərini 2906 şagird bitirib. Onlardan 2530-u müxtəlif ali məktəblərə sənəd verib və 1520 nəfər  tələbə adını qazanıb.

Sumqayıtdan 129 məzun qəbulda 600-dən yuxarı bal, əldə edib. Məzunlardan 46-sı  650 bal, o cümlədən 20-si 670 bal həddini keçib. Elmir Əbilov 695 balla Bakı Ali Neft Məktəbinə daxil olub.  Bu il Prezident təqaüdünə isə 9 sumqayıtlı gənc layiq görülüb.

Təhsil  Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaxından köməkliyi ilə təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Ötən dərs ilində daha 6 məktəb binası əsaslı təmir olunub. Hazırda 3 məktəbdə əsaslı təmir aparılır.

Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Hər il mayın əvvəllərində ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Sumqayıtda “Şahin” komandalarının təntənəli keçidi təşkil olunur. Silahlı qüvvələrin texnikası, “Difai” müdafiə təşkilatının atlıları, balaca hərbçilər də daxil olmaqla 3000-ə yaxın iştirakçının qatıldığı bu tədbiri şəhər ictimaiyyəti son dərəcə böyük maraqla izləyir. Şəhər məktəblərinin hərbi hazırlıq komandaları ölkə miqyaslı yarışlarda daim fərqlənirlər.

Sonra yüksək balla tələbə adını qazanmış gənclərə mükafatlar təqdim olundu.

Müzakirələrdə çıxış edən müəllimlər ayrı-ayrı mövzularda təcrübə mübadiləsi etdilər, təhsilə qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını dilə gətirdilər.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və Milli Məclisin deputatı, 18 nömrəli məktəbin direktoru Leyla Abdullayeva  nailiyyətlərin fərəh doğurduğunu bildirdilər. Onlar yeni dərs ili münasibətilə konfrans iştirakçılarını təbrik etdilər, qarşıda duran vəzifələri diqqətə çatdırdılar.

Konfransın sonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında