Qazax məktəbliləri İsmayıllı, Qəbələ və Şəki rayonlarına ekskursiyadan zəngin təəssüratlarla qayıtmışlar

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Qazaxdan olan iştirakçılarının respublikamızın şimal-qərb bölgəsinə ekskursiyası İsmayıllı rayonundakı Lahıc qəsəbəsindən başlamışdır. Qəsəbə ilə tanışlıqdan böyük zövq alan məktəblilər Qəbələ rayonuna gəlmişlər. Qəbələnin keçmişini əks etdirən eksponatlarla tanışlıqdan sonra onlar  hiss etmişlər ki, bu gözəl məkanın hər qarışında qədim tariximizin izləri var. Qəbələ həm qədim, həm də müasir şəhərdir.

Ekskursiyanın 3-cü günü Qazax məktəblilərinin Şəki ilə tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlamışdır. Saray tur iştirakçılarının böyük marağına səbəb olmuşdur. Onlara bildirilmişdir ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray 761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Sarayın həyətindəki 500 yaşlı Xan çinarı məktəblilərin böyük marağına səbəb olub. Bildirilmişdir ki, 2 il əvvəl Şəki xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib.

Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” tarix-memarlıq qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-diyarşünaslıq Muzeyində olmuşlar.  Məlumat verilmişdir ki, muzeydə 5 minə qədər eksponat saxlanılır.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq Qazax məktəblilərinin ürəyincə olub. Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalıb, ticarətlə məşğul olublar.

Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.

Səfər proqramına uyğun olaraq, aksiya iştirakçıları daha sonra XIX əsrə aid tarix-memarlıq abidəsi—Şəki cümə məscidinə və burada fəaliyyət göstərən İslam Mədrəsəsinə baş çəkiblər.

 Tur-aksiyası iştirakçıları Fazil kəndində yerləşən və eramızdan əvvəl II minilliyin ikinci yarısına, tunc dövrünə aid edilən qədim yaşayış məskəni – Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə tanış olublar.

Şəkiyə səfərləri çərçivəsində Qazax məktəbliləri Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Bildirilib ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin marağına səbəb olmuşdur.

Qədim və müasir Şəki ilə tanışlıq Qazax məktəblilərini heyran etmişdir. Onlarda Vətənimizin hər bölgəsinə, torpağımızın hər qarışına böyük sevgi və məhəbbət hissi yaratmışdır.

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında