Şamaxı və Bərdə məktəbliləri qardaşlaşdılar

Prezident İlham Əliyevin tapşırığı  ilə bu yay məktəblilərin mənalı istirahətinin təşkili məqsədilə gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir neçə layihə həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən start götürən “İlboyu bilik” layihəsi çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” proqramı da belə layihələrdəndir.

AzərTAc xəbər verir ki, “İlboyu bilik” layihəsi çərçivəsində sentyabrın 11-də Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbinin şagirdləri Bərdə rayonuna gəldilər.

Bərdə Rayon İcra Hakimiyyətində qonaqlarla rayon rəhbərliyinin görüşü oldu. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev layihənin əhəmiyyətini yüksək qiymətləndirərək məktəblilərə Bərdə rayonunun tarixi, abidələri, son illərdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, Şamaxı şəhəri kimi, Bərdə də qədim tarixə malikdir. Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə və sair kimi abidələr bu diyarın qədim tarixini əks etdirir.

Qeyd olundu ki, qədim Bərdə bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Son illərdə həyata keçirilən tədbirlər, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri sayəsində Bərdə gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib.

Görüşdə hər bir məktəbliyə “Heydər Əliyev və Bərdə” kitabı, Bərdə ilə bağlı fotoalbom, videodisklər təqdim olundu.

Məktəblilər sonra ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyəti ilə bağlı ekspozisiyalara baxdılar.

Şamaxılı məktəblilər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyə gələrək təhsil ocağı ilə tanış oldular. Məlumat verildi ki, akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey nəinki rayonda, həmçinin respublikada tanınan təhsil ocağıdır. Bu il məktəb-liseyi bitirən 75 məzunun 68 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və onlardan 63-ü tələbə adını qazanıb. Məzunların 12 nəfəri  600-dən, 9 nəfəri  500-dən çox bal toplayıb.

Bərdə və Şamaxı məktəbliləri daha sonra “Soyuq bulaq” istirahət mərkəzinə gəldilər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya layihənin əhəmiyyətindən danışdılar. Bildirildi ki, Bilik Fondunun maliyyəsi ilə reallaşan “Qardaşlaşmış məktəblər” layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçmiş olduqları liderlərin və məktəb direktorlarının imzalayacağı müqavilədə bir sıra öhdəliklər götürülür. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, dərs ilinin ikinci yarısında qarşı tərəf bu dəfə ev sahibliyini edəcək, məktəblərdə xüsusi qardaşlıq guşəsi yaradılacaq, ilboyu birgə təcrübə və informasiya mübadiləsi aparılacaq. “Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.

Sonra Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbi və akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-lisey arasında “Qardaşlaşma haqqında” saziş imzalandı. Bu saziş həm də Azərbaycanın iki qədim tarix və mədəniyyət mərkəzini qardaşlaşdırdı.

Məktəblilər sonra “İmamzadə” kompleksi ilə tanış oldular. Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi hacı Ramazan Hüseynov şagirdlərə kompleksin tarixi haqqında məlumat verdi. Minnətdarlıqla bildirdi ki, Bilik Fondunun ilk layihəsi “İmamzadə” kompleksinin bərpasıdır.

Şagirdlər Bərdə türbəsi, Heydər Əliyev və Qəhrəmanlar parklarında oldular. Rayon ictimaiyyətinin, yaşlı nəslin nümayəndələri ilə söhbət qonaqların marağına səbəb oldu.

Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülmirə Babaşova AzərTAc-a müsahibəsində dedi: “Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə yay tətilində reallaşan rəngarəng tədbirlər ölkəmizin bütün guşələrində razılıq hissi ilə qarşılandı. Heç şübhə yoxdur ki, bu diqqət və qayğı böyüməkdə olan nəslin tərbiyəsinə, onlarda doğma Vətənimizə məhəbbət hisslərinin aşılanmasına müsbət təsir göstərir. Bu baxımdan ”Qardaşlaşmış məktəblər” layihəsinin də əhəmiyyəti böyükdür. Bizim məktəb bu gün akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-lisey ilə qardaşlaşdı. İnanıram ki, bu dostluq, qardaşlıq körpüsü möhkəm və davamlı olacaq”.

Sabir qəsəbə tam orta məktəbinin şagirdi Gülüstan Qəniyeva layihə çərçivəsində Bərdəyə gəldiyinə görə çox sevindiyini bildirərək dedi: “İlk dəfədir Bərdə şəhərinə gəlirəm. Bərdə şəhərinin inkişafı, tarixi abidələri ilə tanış oldum, ən əsası isə özümə yeni dostlar tapdım. Layihənin təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin şagirdi Ayxan Mikayılov fikirlərini belə ifadə etdi: “Unudulmaz bir gün yaşadıq, özümüzə yeni dostlar tapdıq. Şamaxıya səfərimizi səbirsizliklə gözləyirik”.

Növbəti gün məktəblilər Dövlət Bayrağı Meydanı, park və xiyabanlar, tarix-diyarşünaslıq muzeyi, rayon ərazisindəki qədim abidələrlə tanış olacaq, hərbi hissədə əsgərlərlə görüşəcəklər.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında