İdarəçilik sahəsində beynəlxalq təcrübəyə dair elmi-praktik konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru, professor A.N.Morozeviçin dəvəti ilə Avrasiya İqtisadi Birlik Ölkələrinin dövlət idarəçiliyi və dövlət qulluğu akademiya və institutları rektorlarının görüşü çərçivəsində bu il martın 25-dən 31-dək Belarusun paytaxtı Minsk şəhərində olmuşdur. S. Qəndilov Minskdə şəhər Ratuşası muzey kompleksi və XVII əsrdə inşa edilmiş kilsə ilə tanış olmuş, Brest əyalətinin Baranoviçi şəhərinə getmişdir.
S.Qəndilov Avropanın böyük kitabxanalarından biri, öz arxitektur kompozisiyası ilə göz oxşayan və ən son elmi-texniki vasitələrin tətbiq olunduğu Belarus Milli Kitabxanasına da baş çəkmişdir. Kitabxananın direktoru, pedaqoji elmlər doktoru, professor R.S.Matulski rektor S. Qəndilova kitabxananın inşası, arxitektoru, kitabxana daxilində xüsusi iqlim yaradan mürəkkəb qurğuların iş prinsipindən danışmış, burada fəaliyyət göstərən nadir əlyazmaları və çox qədim tarixə malik kitabların saxlanıldığı muzey barədə məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12-13 dekabr 2009-cu ildə Belarus Respublikasına rəsmi səfəri zamanı Belarus Milli Kitabxanasına etdiyi hədiyyə də bu muzeydə saxlanılır.
Martın 28-də S. Qəndilov Belarusdakı səfirliyimizin nümayəndələri ilə birlikdə Xatın xatirə kompleksini ziyarət etmişdir.
Avrasiya İqtisadi Birlik ölkələrinin 29 mart 2010-cu il tarixdə dövlət idarəçiliyi və eləcə də dövlət qulluğu akademiya və institutları rektorlarının görüşünü Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin binasında Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru professor A. N. Morozeviç açmışdır. O, forum iştirakçılarını salamlamış, Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının fəaliyyəti haqqında geniş məlumat vermiş, Avrasiya Dövlət İdarəçiliyi və Dövlət Qulluğu Akademiya və İnstitutları Assosiasiyasının fəaliyyətinin dialoq şəklində müzakirəsini təklif etmişdir.
Konfransda Belarus Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının baş ideoloji idarəsinin rəisi V.V.Yançevski tərəfindən Prezident A. Q. Lukaşenkonun görüş iştirakçılarına təbrik məktubu oxunmuş, sonra isə Müstəqil Dövlətlər Birliyinin icraçı katibi, icraiyyə komitəsi sədrinin birinci müavini V.Q. Qarkun çıxış edərək görüş iştirakçılarını salamlamışdır.
S.Qəndilov konfransda "Azərbaycan Respublikasında idarəçilik sahəsindəki təhsilin bəzi problemləri" mövzusunda çıxış etmişdir. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin İdarəçilik Akademiyası qarşısında qoyduğu vəzifələrdən, dövlət idarəçiliyinin bütün sahələrində yeni təfəkkürlü, bugünkü günün tələblərinə uyğun, beynəlxalq təcrübəni öyrənib tətbiq etməyi bacaran, eyni zamanda idarəçiliyin yerli, milli xüsusiyyətlərini özündə saxlamağı və onu beynəlxalq təcrübə ilə üzvi şəkildə əlaqələndirməyi bacaran kadr yetişdirmək sahəsindəki işlərdən danışmışdır. O, yeni idarəçilik təhsilinin inkişaf perspektivlərindən ətraflı bəhs edərək vurğulamışdır ki, hazırkı dövr yeni təhsil sistemində multimedia texnologiyalarının, kompyuterləşmənin və pedaqoji kollektivin professional səviyyəsini artırmaq üçün distant təhsil sistemini tətbiq etmək və təkmilləşdirmək kimi vəzifələr qarşıya qoyur.
Rektor həmçinin xüsusi olaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda əvvəlki inzibati idarəetmə sistemində prinsipial fərqlənən dövlət idarəçilik mexanizmi kimi dövlət qulluğunun konstitusion əsasları formalaşmış və təsbit edilmişdir. O, kadr hazırlığı məsələlərindən bəhs edərkən bu sahədə bəzi mülahizələrini bildirərək qeyd etmişdir ki, hazırlayacağımız bu mütəxəssislər əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək, xidmətdə irəliləmək, regionun iqtisadi inkişafına yönələn vəzifələrin həllinə daha çox cəlb olunmaq üçün real imkanlara malik olmalıdırlar. S. Qəndilov həmçinin qeyd etmişdir ki, bu gün biz kadr proseslərinin dövlət tənzimlənməsinin yeni modelinin yaranması barədə düşünməli, idarəetmə təhsilinin müasir səviyyəsini əks etdirən kadr məsələlərinin həlli prioritetlərini, prinsipləri və texnologiyalarını müəyyən etməliyik. O, çıxışını yekunlaşdıraraq sonda Belarus həmkarlarına onu belə yüksək səviyyəli, mötəbər konfransda iştirak üçün dəvətə görə təşəkkürünü bildirmiş və konfrans iştirakçılarını Belarus İdarəçilik Akademiyasının və eləcə də bir-birilərinin zəngin təcrübəsindən yararlanmağa çağırmışdır.
İqtisadi Birlik Ölkələrinin dövlət idarəçiliyi akademiyalarının və dövlət qulluğu institutları rektorlarının birinci görüşü çərçivəsində "Aktual idarəçilik təhsili: müasir çağırışlara cavab" mövzusunda dialoq uğurla keçmiş və səmərəli olmuşdur.
Konfrans başa çatdıqdan sonra görüş iştirakçıları Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının fəaliyyəti və bir sıra qabaqcıl təsərrüfat sahələri ilə də tanış olmuşlar. Belə ki, konfrans iştirakçıları Minsk "Avtomobil" zavodu, Minsk "Traktor" zavodu, tramvay, trolleybus istehsal edən "Belkommunmaş" istehsalat birliyi və "Jdanoviçi" aqrar-təsərrüfat sahəsində olmuş, müəssisə rəhbərləri ilə görüşlərdəki yığıncaqlarda çıxışlar etmiş və istehsal prosesi ilə, habelə Avropanın çox böyük idman mərkəzlərindən biri olan "Minsk Arena" İdman Kompleksi ilə də tanış olmuşlar. Konfransın axırıncı günü görüş iştirakçıları Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinə Minsk şəhərində ucaldılmış monument qarşısına əklil qoymuşlar.
Səfərin sonunda Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanmışdır.

{nl}

Sona MƏMMƏDBƏYOVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat xidmətinin rəhbəri, filologiya elmləri namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında