Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

Sentyabrın 6-da "Hyatt-Regency-Naxçıvan" mehmanxanasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Milli Məclis deputatlarının, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva paytaxtın məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil məktəbləri üzrə 2009- 2010-cu tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı məruzə etmişdir.
N.Rzaquliyeva bildirmişdir ki, müstəqil dövlətimizin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatları Prezident İlham Əliyev tərəfindən əzmlə davam və inkişaf etdirilir. Bu gün təhsilimiz uğurla dünya təhsil sisteminə inteqrasiya olunur.
Tədris ilinin uğurlarından danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri bildirmişdir ki, BŞTİ-nin tabeliyində 325 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 325 min 995 nəfər şagirdin təlim-tərbiyəsi ilə 33 min 784 nəfər müəllim məşğul olur.
Ötən illərlə müqayisədə 2010-2011-ci tədris ili üçün ali məktəblərə qəbulda Bakı məktəblərinin xüsusi çəkisi artmış, məzunlarımızın 44,35 faizi tələbə adını qazanmışdır (keçən il bu rəqəm 41,99 faiz olmuşdur).
Məzunların orta balı keçən ildəkinə nisbətən 9 faiz artaraq 241-dən 262-yə yüksəlmişdir. Bu il 600 bal toplayanların sayının keçən illə müqayisədə 40 faiz (159 nəfər) artması fərəh hissləri doğurur.
Prezident sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri məktəbləri və müəllimləri uğurlu nəticələr qazanmışlar. 2009/2010-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib olan 50 məktəbdən 28-i Bakı şəhərinin məktəbləri olmuşdur. "Ən yaxşı müəllim" müsabiqəsində isə Bakı məktəblərinin 50 nəfər müəllimi bu şərəfli ada layiq görülmüşdür. Bu il fənn olimpiadalarının respublika turunda qalib şagirdlərin sayı 106 nəfər olmuşdur.
Prezident sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın uğurla həyata keçirildiyini vurğulayan N.Rzaquliyeva xatırlatmışdır ki, Bakının 139 ümumtəhsil məktəbi genişzolaqlı internet şəbəkəsinə qoşulmuşdur. Bütün məktəblərdə lokal şəbəkələr yaradılmışdır. Məktəblərdə elektron dərs vəsaitlərindən səmərəli istifadə olunur. Son illər tətbiq edilən "Elektron məktəb" layihəsinin əhatə dairəsi də olduqca genişlənmişdir.
Bakı şəhərindəki 21, 24 və 25 nömrəli uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri Türkiyədə keçirilən "Uluslararası Çocuk Festivalı"nda ölkəmizi layiqincə təmsil etmişlər.
Gənc idmançılarımız bu il idmanın 23 növü üzrə keçirilən respublika və beynəlxalq miqyaslı yarış və turnirlərdə, Avropa və dünya çempionatlarında ümumilikdə 648 medal (189 qızıl, 187 gümüş və 272 bürünc) qazanmışlar.
Hesabat dövründə paytaxtın təhsil müəssisələrinin maddi-texniki bazaları da möhkəmləndirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində 3 məktəb əsaslı təmir edilmiş, Təhsil Nazirliyinin vəsaiti hesabına 2 məktəb üçün əlavə korpus tikilmiş, 14 məktəb və 8 uşaq bağçasında əsaslı təmir, 12 məktəb və 10 uşaq bağçasında cari təmir aparılmışdır.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafına daim böyük önəm verildiyini vurğulamışdır. Yeni nəslin formalaşmasında məktəbəqədər təhsil müəssisələrinin mühüm rolunu qeyd edən nazir bu müəssisələrdə bacarıqlı, yüksək ixtisaslı mütəxəssislərin çalışmalarının zəruriliyini bildirmişdir.
Paytaxtın təhsil sistemində qazanılan uğurları, mövcud problemləri xatırladan M.Mərdanov, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini vermişdir.
Milli Məclisin deputatı Asim Mollazadə, müəllimlər çıxış edərək, təhsilin inkişafı ilə bağlı fikir və təkliflərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında