Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu yay məktəblilərin mənalı istirahətinin təşkili məqsədilə gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir neçə layihə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən start götürən “İlboyu bilik” layihəsi çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” proqramı da belə layihələrdəndir.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, ilk mərhələdə 15 sentyabr - “Bilik günü”nədək 20 rayonun hərəsindən bir məktəb layihəyə cəlb edilsə də, bu hərəkat gələcəkdə respublikanın bütün bölgələrini əhatə edəcək. Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Laçın, Zəngilan rayonları ilə birlikdə, sərhədyanı Tovuz, Ağstafa, Ağdam, Gədəbəy, Astara məktəbləri də layihə iştirakçısıdır. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək verməkdir. Dövlətçilik, vətənsevərlik ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır. Hər görüş iki gün davam edəcək, qonaq gedən məktəblilər öz yaşıdlarının evlərində gecələyəcəklər.
Maraqlı, rəngarəng proqramda qarşılanma mərasimlərinin iştirakçılarına üzərinə Bilik Fondunun loqosu həkk olunan geyim dəstləri hazırlanaraq paylanıb. Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüləcək, Dövlət Bayrağı meydanında, park və xiyabanlarda yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçiriləcək, tarixi abidələrə, diyarşünaslıq muzeylərinə, təbiət qoynuna səfərlər təşkil olunacaq. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar, viktorina, idman, bilik yarışları keçiriləcək, qaliblərə Bilik Fondunun diplomları və qiymətli hədiyyələr veriləcək. Bölgələrdə yaşayan şeir, sənət adamları ilə görüşlər olacaq, məktəblilər musiqili-ədəbi proqram təqdim edəcəklər. Məktəblərin qardaşlaşdığını təsdiqləyən müqavilə imzalanacaqdır.
Qeyd olunub ki, Bilik Fondunun maliyyəsi ilə reallaşan “Qardaşlaşmış məktəblər” layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçdikləri liderlərin və məktəb direktorlarının imzalayacağı müqavilədə bir sıra öhdəliklər nəzərdə tutulur. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, dərs ilinin ikinci yarısında qarşı tərəf bu dəfə ev sahibliyini edəcək. Məktəblərdə xüsusi qardaşlıq guşəsi yaradılacaq, ilboyu birgə təcrübə və informasiya mübadiləsi aparılacaq. Fiziki və intellektual yarışlar, müsabiqələr keçirəcək, uğurları bölüşəcək, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edəcək, məzunlarımızın da əlaqələrinin davamlı olmasına səy göstərəcək, qardaşlaşma ideyasının üstünlüklərini digər məktəblər arasında da təbliğ edəcəklər.
Fonda daxil olan yazılı, şifahi müraciətlər bir daha onu göstərir ki, bu layihə yerlərdə xoş rezonans doğurub, ideya müsbət qarşılanıb. “Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun bu layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəinki məktəblərin, hətta bölgələrin də yaxınlaşmasına yardımçı olacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.