“Cənub mirvarisi” Lənkərandakı Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.
Tədbirdə icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov, məktəb direktorları və qabaqcıl pedaqoqlar iştirak edirdilər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə parkına gələrək ulu öndərin abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular.
Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova “2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Təhsil rəsmisi təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışaraq qeyd etdi ki, bu, gənc nəslin uğurlu gələcəyi baxımdan mühüm amildir. Son 10 ildə Lənkəranda 29 məktəb binası, 4 məktəb üçün əlavə korpus, 1 uşaq bağçası tikilmiş, əksər təhsil ocaqları və uşaq tərbiyə müəssisələri yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilmişdir. Təkcə bu il T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbinin 640 yerlik binası əsaslı təmir olunub. Şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalıqjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün binalar tikilib. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqla, kompyuter texnologiyaları ilə təmin olunub.
Məruzəçi onu da xüsusi vurğuladı ki, yay tətili dövründə şəhər icra hakimiyyətinin başçısı T.Qaraşovun diqqət və qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılıb, payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib.
Ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı bildirildi ki, bu tədris ilində Lənkəran məktəblərini bitirən 1699 nəfər məzundan 900 nəfəri tələbə olmaq üçün sənədlərini təqdim etmişdi. Onlardan 473 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da keçənilki nəticədən 13 nəfər çoxdur. Tələbə adını qazananlardan 52 nəfəri 500-dən yuxarı, 33 nəfəri 600-dən yuxarı bal toplayıb. Şəhər 7 nömrəli tam orta məktəbinin məzunu Oruc Xəlilov 687 balla rayon üzrə ən yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Daha sonra 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara qiymətli hədiyyələr təqdim edildi.
Məruzə ətrafında müzakirələrdə şəhər 10 nömrəli məktəbin müəllimi İlhamə Babayeva, 4 nömrəli məktəbin məzunu, tibb universitetinin 1-ci kurs tələbəsi Nadir Ağazadə, şəhər 8 nömrəli məktəbin direktoru Aslan İbrahimov və valideynlər adından Şəmsəddin Xəlilov çıxış etdilər.
Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.
Son 10 ildə ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, milli iqtisadiyyatımızın dinamik inkişafından söz açan icra başçısı daha sonra milli təhsil strategiyası, bu yöndə həyata keçirilən islahatlar və struktur dəyişikliklərindən danışdı. Məktəblərin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsini təqdir etdi. O, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsinin uğurlu icrasını, Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin rayonda səylə həyata keçirildiyini diqqətə çatdırdı və təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri önə çəkdi.
Lənkəran şəhər 16 nömrəli uşaq bağçasının yetirmələri konfrans iştirakçılarını şeirlərlə salamladılar.
Konfransın qətnaməsi qəbul edildi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.
Ə.ƏLİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.