Ənənələrinə sadiq qalan Xətai Rayon İcra Hakimiyyəti bu il də ali məktəblərə qəbul imtahanında yüksək bal toplayıb tələbə adını qazanmış rayon orta məktəblərinin məzunları ilə təntənəli görüş keçirib onları qazandıqları uğurlara görə mükafatlandırdı.
Əsaslı təmiri yenicə başa çatmış icra hakimiyyətinin müasir elektron informasiya vasitələri ilə təchiz edilmiş geniş iclas salonunda düzənlənən tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açdı. Çıxışına artıq ali məktəb tələbəsi adını qazanmış məzunların, onların müəllim və valideynlərinin təbrikilə başlayan R.Məmmədov son illər təhsildə qazanılan bütün uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirdi. Natiq qeyd etdi ki, Azərbaycanın tərəqqi strategiyasının əsas istiqamətlərindən biri olan təhsilin indiki inkişaf səviyyəsi ölkəmizin yaxın gələcəkdə daha böyük uğurlara imza atacağından xəbər verir.
R.Məmmədov təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əldə olunan uğurlardan söz açaraq bildirdi ki, 2013-2014-cü tədris ilində rayonun 38 məktəbində təhsilini başa vuran 2560 şagirddən 2549 nəfəri buraxılış imtahanını müvəffəqiyyətlə verərək attestat almışdır. Ali məktəblərə qəbul üçün sənəd vermiş 2365 məzundan 1635 nəfəri və ya 69,13 faizi yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 194 nəfəri 500-600, 80 nəfəri 600 - 650, 41 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir.
Natiq xüsusi vurğulamışdır ki, iki nəfər - 287 saylı “Zəkalar” liseyinin məzunları Nurlan Quluzadə və Azər Qədimbəyli ən yüksək-700 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşdur. Ötən tədris ilində 8 məzunumuz orta təhsili qızıl medalla bitirmişdir. Onlardan 3 nəfəri Heydər Əliyev liseyinin, 3 nəfəri 287 saylı “Zəkalar” liseyinin, bir nəfəri 194 saylı, bir nəfərisə 245 saylı tam orta məktəbin məzunlarıdır. Qızıl medal almış tələbələrimiz də yüksək balla ali məktəblərə qəbul olunmuşlar.
Xətai rayon məktəbləri üzrə tələbə qəbuluna görə ən yüksək nəticəni 93,93 faizlə 147 saylı texniki himanitar liseyi, 92,18 faizlə 287 saylı “Zəkalar” liseyi, 90,36 faizlə Heydər Əliyev liseyi, 88 faizlə 171 saylı tam orta məktəb, 85,18 faizlə humanitar təmayüllü məktəb-lisey, 82,5 faizlə 17 saylı tam orta məktəb, 81,25 faizlə 264 saylı məktəb-lisey və 80,55 faizlə 263 saylı tam orta məktəb göstərmişdir. 22 məktəb 60-80 faiz, 7 məktəb 50-60 faiz arası nəticə göstərərək paytaxt rayonları arasında Xətaini yenə ön sıraya çıxarmışlar.
Razim Məmmədov çıxışına davam edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş 2011-2013-cü və 2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrdə sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları çərçivəsində Xətai rayonundakı 38 məktəbdən 22-si əsaslı təmir olunmuş, 55 və 194 saylı məktəblərin binaları sökülərək yerlərində tam yeni və müasir standartlara cavab verən məktəblər inşa olunmuşdur. Fərəhli haldır ki, üç məktəbimizin açılışında Prezident cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
Çıxışının sonunda R.Məmmədov bildirdi ki, təhsildəki burada elan etdiyimiz uğurlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıya bizim ən yaxşı cavabımızdır.
Sonra təbrik üçün söz alan Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov dedi ki, dövlət başçısının səyi ilə ən müasir standartlarla tikilən və təmir olunan, ən yeni texnologiyalarla təmin edilən məktəblərimizdə yaxşı oxumamaq, düşüncəmə görə, günah olardı. Mən çox şadam ki, bu il yenə də Xətai rayonunun orta məktəb məzunları öz vətəndaşlıq borclarını sədaqətlə yerinə yetirib, yüksək nəticələrlə rayon təhsilinin, eyni zamanda, paytaxt təhsilinin şərəfini yüksəklərə qaldırdılar. İndi tələbə adı almış bu gənclər qarşısında elm aləminə baş vurub daha yüksək uğurlar qazanmaq və Vətənimizin şərəfini yüksəklərə qaldırmaq vəzifəsi durur. Bu işdə sizə yüksək uğurlar arzulayıram.
Bütün bu təbriklərə Bakı Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov da qoşularaq tədbirdə iştirak edən valideyn və müəllimlərə gözaydınlığı verdi.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından yüksək bal toplayıb tələbə adını qazanmış rayon məzunlarına qiymətli hədiyyələr və mükafatlar təqdim olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.