Azərbaycan və azərbaycanlılar ərəb mənbələrində Axtarışlar, tapıntılar

Uzun bir dövr ərzində Azərbaycan tarixi İslam – ərəb dünyası ilə bağlı olduğu üçün Qahirə və İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında və Əl-Əzhər Universiteti daxil olmaqla, İslam dininin tədrisi üzrə ixtisaslaşmış elm mərkəzlərinin arxivlərində Azərbaycana aid çoxsaylı mənbələr var.

Sovet dövründə Azərbaycan alimlərinə bu mənbələrlə daha yaxından işləməyə lazımi şərait yaradılmamış, ideoloji əsasda məhdudiyyətlər qoyulmuşdu. Bir çox hallarda Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı olan məlumatlar Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şərqşünaslıq məktəbləri vasitəsilə Azərbaycana çatdırılmışdır ki, burada da siyasi-ideoloji əsasda təhriflərə yol verilmiş və məhdudiyyətlər tətbiq olunmuşdur.

İstisna edilməməlidir ki, bu mənbələrin yenidən tədqiqi ilə Azərbaycan tarixinə və ədəbiyyatına bəlli olmayan adlar və faktlar ortaya çıxa və yaradıcılığı haqqında səthi məlumatlar olan Azərbaycan ədiblərinin yeni əsərləri və ya onlara istinadlar aşkarlana bilər.

Əl-Əzhər Universitetində təhsil aldığım müddətdə ərəb mənbələrində Azərbaycana aid olan yeni tarixi həqiqətlərin üzə çıxarılması və bununla da tariximizin bəzi qaranlıq səhifələrinin yenidən öyrənilməsi işinə töhfə vermək arzusu ilə bu sahədə araşdırmalara başladım. Altı ildən artıq davam edən bu fəaliyyət çərçivəsində beş yüzə qədər müxtəlif mənbələrə müraciət edərək, hər bir azərbaycanlıya fəxarət hissi verəcək şanlı tariximiz və görkəmli şəxsiyyətlərimiz barəsində yeni faktları üzə çıxarmağa müvəffəq oldum. Bu xüsusda fürsətdən istifadə edib məni işdə həvəsləndirdiyinə və elmi tədqiqatlarımın ilkin nəticəsinin kitab halında çapına göstərdiyi dəstəyə görə ölkəmizin Misirdəki səfirliyinə, şəxsən səfir cənab Şahin Abdullayevədərin təşəkkürümü çatdırmaq istərdim.

XIII əsr ərəb alimi İmam Cəzəri Azərbaycanın Mərənd şəhərindən bəhs edərkən demişdir: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetirmişdir”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” əsərində yazmışdır: “Azərbaycan qədimdən ta bu günə qədər alimlərin yetişdiyi bir diyardır”.

XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi isə Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq, şərqdə Azərbaycanın, qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd etmişdir.

Ərəb alimi İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimdə cənnətdən bəhs olunarkən Azərbaycan adlı xalçaya eyham edildiyini bildirir. Surədə cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi bildirilir. Qeyd etmək lazımdır ki, İbn Aşur Quran təfsirçiləri arasında xüsusi hörmətə və nüfuza malik olan alimdir. Müəllif Qaşiyə surəsinin on altıncı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalçadır. Xalçanı varlı və maddi imkanı yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Buxara ölkələrindən olan Azərbaycana işarə edildiyi qənaətindədir. Belə ki, “Zərbiyyə” kəlməsinin kar “z” samiti ilə işlənən “Əzribiyyə”yə işarə olduğunu yazan alim “a” hərfinin silinməsinin tələffüzü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik praktika olduğunu qeyd edir.

Ərəb dilinin fonetik quruluşu və qrammatikası baxımdan güclü dəlillər gətirən İbn Aşurun bu təfsiri ilə hamı hesablaşır. Digər tərəfdən də, həqiqətən, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çıxdığını nəzərə alsaq, burada güclü əsasın olduğunu görərik. Təbii ki, müqəddəs Quranda bu cür pozitiv anlamda Azərbaycana istinad hər bir azərbaycanlı üçün böyük fəxrdir.

Müəyyən etdim ki, XV əsrdə Misirin baş hakimi, əslən Azərbaycandan olan hakim Fəthullah İbn Nəfis olmuşdur. Azərbaycanlı hüquqşünas – alim Əftələddin Əl-Xunci XIV əsrdə Misirin Qazilər qazisi, yəni baş hakimi vəzifəsində işləmişdir.

XIV əsrdə Qahirədə yazıb-yaratmış azərbaycanlı ərəbşünas dilçi – alim Cəmaləddin İbn Həcibin ərəb dilinin qrammatikasına həsr olunmuş kitabı bu günə qədər Misirin ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə olunur.

Digər bir maraqlı məqam, Azərbaycan tarixşünaslığında buna rast gəlinməsə də, ərəb tarixi mənbələrində “Səlib yürüşləri”nin qarşısının alınmasında, İslamın xilas edilməsində və müsəlmanların torpaqlarının işğaldan azad edilməsində mühüm xidmətləri olan sərkərdə Sultan Səlahəddin Əyyubinin Azərbaycandan olması barəsində söylənilən fikirlərdir. XVI əsrin əvvəllərində yaşamış böyük ensiklopedik ərəb alimi İbn Xallikan “Vəfuyyat ul-Əyan” əsərində yazır ki, tarixi mənbələrə görə, Sultan Səlahəddin Əyyubi və əyyubilər ailəsi Azərbaycanın qərbində yerləşən gürcülərin ölkəsinə yaxın Dvin şəhərindəndir. Bundan əlavə, XIII əsrin ikinci yarısında yaşamış tarixşünas alim İbn Əl-Asir (Əl-kamil Fi-t-tarix), XIV əsrdə yaşayıb yaratmış İmam Zəhəbi (Siyer-ələm), XV əsrin əvvəllərində yaşamış Təqriberdi (“Məraddu-Lətafə”) və başqaları da Səlahəddin Əyyubinin Azərbaycandan olduğu qənaətindədirlər.

XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbar ül-ibəd” əsərində Azərbaycanın qədim şəhəri Gəncə haqqında yazarkən dahi Azərbaycan şairi Əbu Məhəmməd Nizamidən – Nizami Gəncəvidən bəhs edir. Gəncənin coğrafiyası, tarixi və sakinlərinin əsas məşğuliyyətindən danışan alim Əbu Məhəmməd Nizaminin dahi və müdrik şair olduğunu və onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu yazaraq, Nizaminin hicri tarixi ilə 590-cı ildə vəfat etdiyini bildirir.

Qeyd olunan ərəb mənbələri Azərbaycana aid istinadların və tariximiz və ədəbiyyatımız üçün dəyərli olan material zənginliyindən xəbər verir. Bu mənbələrin təfərrüatı ilə araşdırılmasına böyük ehtiyac var.

 

Seymur NƏSİROV,

Qahirə Açıq Amerika Universiteti ərəb dili və ədəbiyyatı fakültəsinin doktorantı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında