Hər bir dövlətin gələcəyi onun intellektual potensialından asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu sahənin inkişafına yatırılan investisayalar gələcəyimizin təminatıdır. Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək demişdir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir... Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılıdır”.
Dövlətimizin müəyyənləşdirdiyi strateji sahələr və istiqamətlər ölkəmizin bugünkü sürətli tərəqqisini təmin etməklə yanaşı, daha çox gələcəyə hesablanmış hədəflərdir. Möhtərəm İlham Əliyevin on bir illik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi, qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti yaxın dövrdə qarşıya qoyulan hədəflərə çatacaqdır. Belə ki, dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq, Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və gələcəkdə də dönmədən davam etdiriləcək siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır. “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”, – deyən dövlətimizin başçısı ölkəmizin tezliklə dünyanın ən inkişaf etmiş dövlətləri cərgəsinə qoşulacağına əmindir.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da ulu öndərimizin əsasını qoyduğu konsepsiya və dərin islahatlara söykənir. Bu, bir həqiqətdir ki, ulu öndərimiz Azərbaycanın siyasi, sosial-iqtisadi məsələləri ilə yanaşı, elmin və təhsilin inkişafına da həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb və Avropa standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib.
Təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz ona fəaliyyətinin bütün dövrlərində böyük önəm verib. Təhsilə qayğının artırılmasına dövlət siyasətinin üstün prinsipi, prioritet məsələsi kimi yanaşıb. Ölkəmizdə Təhsil İslahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə həmin proqrama uyğun olaraq müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.
Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib. Bu illər ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 3 minə yaxın orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət alıb.
Təhsil sistemində əsas meyar bilik səviyyəsidir və bu sahədə dövlətimizin və biz müəllimlərin məqsədi uzunmüddətli bazaya əsaslanan dəyişikliklərə nail olmaqdır. Təhsilin keyfiyyətini yüksəldəcək mühiti yaradan tədbirlər bu sahədə aparıcı sənəd olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. Bu proqram sənəddə göstərilir ki, ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
İnkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşdırılması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Prezident İlham Əliyev ölkəmizin gələcək inkişaf yolunun məhz onlardan asılı olduğunu önə çəkərək demişdir: “Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir. İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun. Bu məsələlərlə bağlı konkret proqramlar hazırlanıb icra edilir. Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə gedən balalar gələcəkdə doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaqlar, peşəkarlığını göstərəcəklər və ölkəmizin inkişafında öz sözünü deyəcəklər”.
Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri dövlət siyasətinin prioritet istiqamətləridir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bu sahələrdəki layihələrin həyata keçirilməsini, xüsusən də dünya standartlarına cavab verən müasir məktəblərin və səhiyyə ocaqlarının inşasına, Azərbayçançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir.
Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı layihələrin, məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə həqiqətən də, analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yoluni tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin sağlam böyüməsi və yüksək biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil və səhiyyə sisteminə inteqrasiyasına dəstək verilməsi fondun fəaliyyətinin öncül sahələrindən biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə paytaxtda və regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu həm də regional inkişaf dövlət proqramlarının reallaşmasına sanballı töhfədir. Qarşıdan yeni dərs ili gəlir. Rəhbərlik etdiyim “Ankara məktəbi” məktəb-lisey də yeni dərs ilinə ciddi hazırlaşır. Sinif otaqlarının, fənn kabinələrinin təmiri, lazımi avadanlıqla təchizatı məsələləri başa çatmaq üzrədir. Şagirdlərin, xüsusən də 1-ci sinfə gedəcək balacaların dərs kitabları və s. ilə təminatı da diqqət mərkəzindədir. Əminik ki, qarşıdakı ildə təhsil sahəsində daha böyük uğurlar əldə edəcəyik.
Səmayə EYNULLAYEVA,
“Ankara məktəbi” məktəb-liseyin direktoru, respublikanın əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.