Astarada tələbələrlə görüş

 Respublikanın “cənub qapısı” sayılan Astarada ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış, həmçinin ali hərbi məktəblərə qəbul olunmuş tələbələrlə rayon rəhbərliyinin görüşü keçirilib.

Tələbə adını qazanmış gənclər və onların valideynlərinin, ümumtəhsil məktəbləri direktorlarının iştirak etdikləri görüşdə rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova məzunların uğurları barədə statistikanı iştirakçıların nəzərinə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək   deyib ki, rayonda ali məktəblərə daxil olan məzunların sayı ildən-ilə artır. Bu, həm keyfiyyətli təhsilə xüsusi diqqət yetirilməsinin, həm də gənclərin elmə, biliyə  marağının artmasının nəticəsidir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş təhsil islahatları öz bəhrəsini verir. Təhsilə dövlət qayğısı ənənəsi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu sahədə mühüm Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdədir.

Respublikamızın hər yerində olduğu kimi, Astarada da təhsilin inkişaf dinamikası artır. Son illər ərzində rayonda 40-dan çox yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Yeni dərs ilində daha 2 məktəb binası qapılarını şagird və müəllimlərin üzünə açacaq. Bu diqqətin nəticəsidir ki, rayonun təhsil sistemində ardıcıl olaraq uğurlu nəticələr əldə edilir. Bu il astaralı məzunlardan 162 nəfəri tələbə adını qazanıb ki, onlardan 14-ü 500-dən, 5-i isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olub. Rayon rəhbəri onlara ən xoş arzularını bildirərək əminlik ifadə edib ki, hər biri yüksək ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi Azərbaycanın tərəqqisinə layiqli töhfələr verəcək.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük irəliləyişlər var. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə gənclərin hərbi sahəyə maraq göstərməsi təqdirəlayiqdir. Bu il Astaradan 11 məzunun ali hərbi məktəblərə, o cümlədən iki nəfərin C.Naxçıvanski adına hərbi liseyə qəbul olunması fərəh doğurur. Bu, gənclərimizdə Vətən məhəbbətinin, xalqa və dövlətə sədaqətlə xidmət etmək həvəsinin, ordumuza olan böyük inamın bariz nümunəsi kimi dəyərləndirilir. 

 Tədbirdə Pensər kənd 2 saylı məktəb-liseyin direktoru Asif Əsədullayev, valideynlərdən Zeynal Kişiyev, Firudin Quliyev, Əziz Dadaşov və başqaları gənclərin təhsili üçün yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti İlham Əliyevə  minnətdarlıq ediblər.

Kijəbə qəsəbə tam orta məktəbin məzunu, 681 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Fuad Quliyev, Astara şəhər 7 saylı tam orta məktəbin məzunu, 673 balla ATU-ya qəbul olunmuş Vaqif Muradzadə, Siyaku kənd tam orta məktəbin məzunu, 558 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuş Ülvi Hacıquluzadə və Dövlət  Sərhəd Xidməti Akademiyasına qəbul olunmuş Astara şəhər 7 saylı tam orta məktəbin məzunu Rəfi Novruzov çıxışlarında dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və pul mükafatları  verilib, xatirə şəkli çəkdirilib.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”   

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında