Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır

Avqustun 26-da Qax və Zaqatala məktəblilərindən ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə yaxından tanış oldular. 

AzərTAc xəbər verir ki, məktəblilərin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başladı. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır.

Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa etdilər və xatirə şəkilləri çəkdirdilər.

Zaqatala məktəblilərindən ibarət qrupun rəhbəri Elmira Hacıyeva ölkə başçısının tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiyanın şagirdlər, təhsil işçiləri və valideynlər tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etdi. “Atalardan məsəl var. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Quba, Qusar, Xaçmazdakı tarixi abidələr, istirahət məkanları haqqında  çox eşitmişdik. Bu tur-aksiya çərçivəsində isə yurdumuzun gözəl rayonları ilə yaxından tanış olmaq imkanı qazandıq. Məktəblilərin dünyagörüşünün artması, Vətənimizi daha da yaxından tanıması baxımından bu ekskursiyanın əhəmiyyəti olduqca böyükdür”.

Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində oldular. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verildi. Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərdən yararlandılar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəldi.

Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verildi.

Günün ikinci yarısında məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası və Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət etdilər.

Avqustun 27-də Qax və Zaqatala məktəblilərindən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olacaqlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında