Təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir

Sentyabrın 4-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir.Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür.
Sonra təhsil işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Konfrans işinə məktəblilərin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak etmişlər.
Təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Konfransda təhsil naziri Misir Mərdanov "2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə etmişdir.
Nazir ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq demişdir ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının bu sahəyə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. 2009-2010-cu illərdə 470 nəfər təhsil işçisi müxtəlif fəxri adlara layiq görülmüşdür. Prezident İlham Əliyevin bu yaxınlarda "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalaması həmin qayğının bariz nümunəsidir. Bu addımlar məktəbin və müəllimin statusunun yüksəldilməsinə yönəlmişdir.
Yüksək diqqətə görə təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən M.Mərdanov demişdir ki, bugünkü tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilmiş islahatların əsas istiqamətlərindən söz açılacaq, mövcud problemlər təhlil ediləcək, onların həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır. Qeyd edilmişdir ki, dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlamış, bu məqsədlə müxtəlif sərəncam və fərmanlar imzalamışdır. Bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilmişdir.
Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq ali təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsini mühüm hadisələrdən biri hesab edən M.Mərdanov demişdir ki, bütün bu işlər təhsilimizin inkişafına mühüm təsir göstərəcəkdir.
Dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq, Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illərdə olduğu kimi, yenə də diqqətlə yanaşmışdır. Sevindirici haldır ki, 2010-cu ildə təhsilə ayrılan xərclərdə 10 faiz artım olmuşdur.
Məktəbəqədər təhsildən bəhs edən nazir demişdir ki, hazırda ölkəmizdə dövlətə məxsus 1624 uşaq bağçası fəaliyyət göstərir. Son vaxtlar 17 uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Özəl məktəbəqədər təhsil müəssisələrinin də sayı artmaqdadır. Artıq belə uşaq bağçaları 16-ya çatmışdır. Bu ilin ötən dövründə 3 yeni uşaq bağçası tikilmiş, 6 müəssisə əsaslı təmir olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində il ərzində bağçaya 8 mindən çox uşaq cəlb edilmişdir.
Bu gün ölkədə 1173 uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu söyləyən natiq vurğulamışdır ki, hazırda məktəbəqədər müəssisələrə uşaqların cəlb olunması sahəsində mövcud vəziyyət bizi daha çox narahat edir. Hazırda ölkəmizdə mövcud 3532 yaşayış məntəqəsindən 75,5 faizində uşaq bağçasının olmaması acınacaqlı haldır.
Nazir diqqətə çatdırmışdır ki, bu il ümumi orta təhsil müəssisələrinin 1-ci siniflərinə qəbul olunacaq məktəblilərin sayında 2 mindən çox artım gözlənilir. 2010-cu ildə 49 yeni məktəb binası tikilmiş, 10 məktəb üçün əlavə korpuslar inşa edilmiş, 7 məktəbdə əsaslı, 356 məktəbdə isə cari təmir işləri aparılmışdır. Gələn il istifadəyə veriləcək 25 məktəbin isə tikintisinə başlanılmışdır. Bakı şəhərinin mərkəzində 132 və 134 nömrəli məktəblərin tarixi binası yeni dərs ilində istifadəyə veriləcəkdir. Nazir bildirmişdir ki, hazırda ölkə üzrə 262 məktəb qəza vəziyyətindədir, 872 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır. Biz bu problemin də aradan qaldırılmasına çalışırıq.
Konfransda məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi vurğulanmışdır.
Qeyd edilmişdir ki, fondun təşəbbüsü ilə hər il yüzlərlə məktəbli yeni tədris ilinə yeni sinif otalarında qədəm qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil ocaqlarının yeniləşməsinə xüsusi əhəmiyyət verir.
Ümumiyyətlə, təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Fondun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Son illərdə bu proqram çərçivəsində 300-ə yaxın məktəb binası tikilmişdir. Artıq layihənin ikinci mərhələsinə başlanılmışdır. Bu layihə çərçivəsində yüzlərlə məktəb yenidən bərpa olunmuş, ən müasir avadanlıq və kompyuterlərlə təchiz edilmişdir.
Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər yeni dərs ilinin əvvəlində birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilmişdir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni tədris ilində dərs vəsaitləri ilə sevindirir. Rusiya Federasiyası, Hollandiya, Türkiyə və Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar.
Heydər Əliyev Fondu elm və təhsil sahəsinə qrantların ayrılması, xüsusi istedadlı şagirdlərə, tələbələrə və alimlərə təqaüdlərin verilməsinə də xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır. Xalq bu məhəbbəti görür və qiymətləndirir.
Təhsil naziri demişdir ki, son illərin mühüm hadisələrindən biri də kurrikulumla bağlı islahatlardır. Artıq üç ildir ki, ölkəmizdə bu istiqamətdə ciddi iş aparılır. Müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi üçün mühüm layihələr həyata keçirilir. Bu sahədə Dünya Bankı Azərbaycan hökumətinə yaxından köməklik göstərir.
Nazir Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, bu nailiyyətləri artırmağın vacibliyindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı istiqamətində görülmüş işlərdən, vahid məktəbli formasının tətbiqindən söz açmış, dərsliklərlə bağlı məsələlərə toxunmuşdur. Qeyd edilmişdir ki, son illər bu sahəyə xüsusi diqqət yetirilir. Hər il olduğu kimi, bu il də dərsliklər çap edilərək şagirdlərə pulsuz paylanılacaqdır.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın əhəmiyyətini xatırladan nazir bu sahədə YUNİSEF ilə birgə həyata keçirilən tədbirlərin səmərəli olduğunu söyləmişdir. İlk növbədə Suraxanı və Xəzər rayonlarında uşaq müdafiə sistemləri yaradılmışdır. İki pilot rayonda bu iş həyata keçirildikdən sonra ölkə üzrə proqramın icrasına başlanılacaqdır.
Diqqətə çatdırılmışdır ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı ilbəil artır. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər.
Məruzədə təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, müəllimlərin hərtərəfli hazırlığı üçün görüləcək işlərdən danışılmışdır.
Bildirilmişdir ki, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı xeyli iş görülmüşdür. Artıq 20 məktəb "Elektron məktəb" layihəsinə qoşulmuş və təhsil müəssisələrində çalışan müəllimlərin 30 faizdən çoxu kompyuter biliklərinə yiyələnmişdir. Nazirlik dünyanın məşhur şirkətləri "Microsoft" və "İntel"in rəhbərləri ilə memorandum imzalamışdır. Bu memorandumun əsas məqsədi hər şagirdə bir noutbuk ideyasını reallaşdırmaqdır.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirmişdir ki, ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev Azərbaycan təhsilinə daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət milli təhsil sistemimizin aydın strategiya və konsepsiyasını, təhsilin idarə edilməsində yeni prinsiplərin bərqərar olunmasını, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını və dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini əks etdirir və hər bir təhsil işçisinin qarşısında mühüm vəzifələr qoyur.
Qeyd edilmişdir ki, son illər Naxçıvan MR-in şəhər, kənd və qəsəbələrində müasir tələblərə cavab verən 157 məktəb binası tikilmiş və əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Bu il 4 min 872 şagird yeri olan 9 ümumtəhsil məktəbində, 502 yerlik iki uşaq bağçasında, 4 məktəbdənkənar tədris müəssisəsi üçün binada tikinti və yenidənqurma işləri davam etdirilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə muxtar respublikada da müasir tələblərə cavab verən məktəb binaları tikilmiş və onların maddi-texniki bazaları möhkəmləndirilmişdir.
Prezident sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq təhsil müəssisələrində elektron təhsil texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi, ümumtəhsil məktəblərində hər 20 şagirdin bir kompyuterlə təmin olunması nəzərdə tutulmuşdur. Proqramın icrası ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinə 2674 kompyuter dəsti verilmişdir ki, bunların da 78 faizi internetə qoşulmuşdur. Ümumtəhsil məktəblərində 208 müasir elektron lövhə quraşdırılmışdır.
Naxçıvan MR-in ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 1 milyon 257 min 918 nüsxə dərslik pulsuz paylanmış və bu sahədə iş davam etdirilir.
P.Nağıyev vurğulamışdır ki, son illərdə Naxçıvan MR-də təhsilin inkişafındakı xidmətlərinə görə 35 nəfər Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına, 32 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.
Bu il ümumtəhsil məktəblərinin XI sinfini 4131 nəfər bitirmiş, onlardan 3106 nəfəri, yəni 75,18 faizi ali məktəblərə sənəd vermiş və 1435 nəfəri, yəni sənəd verənlərin 46,2 faizi tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 280 nəfəri 500-700 arası bal toplamışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
TQDK-nın sədri 2010/2011-ci tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələri barədə ətraflı məlumat vermişdir.
Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva bu təhsil ocağında həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs etmişdir.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov rəhbərlik etdikləri universitetlərin fəaliyyəti barədə məlumat vermişlər.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan natiqlər, eyni zamanda, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev təhsilin inkişafı ilə bağlı arzu və təkliflərini bildirmişdir.
Konfransda 2009/2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə vəsiqələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında