“Ölkəmizi tanıyaq” layihəsi yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq

Bərdə

Avqustun 25-də səhər tezdən Bərdə rayonunun mərkəzi meydanında qələbəlik idi. Rayon rəhbərliyi, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasında iştirak edən məktəbliləri İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

AzərTAc xəbər verir ki, şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Mərasimdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Bərdə şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Səfurə Hümbətova AzərTAc-a müsahibəsində dedi: “Doğma Vətənimizin hər bir guşəsi bizim üçün əzizdir. Bu hissi böyüməkdə olan nəslə aşılamaq biz müəllimlərin borcudur. Ölkəmizin səfalı yerlərinə təşkil edilən ekskursiyadan gözəl nəticələr gözləyirəm. Bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır. İnanıram ki, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”.

Zərifə Əliyeva adına məktəb-liseyin X sinif şagirdi Oruc Kərimov fikirlərini belə ifadə etdi: “İlk dəfədir valideynlərsiz səfərə çıxıram. Vətənimin səfalı yerlərini görəcəyəm. Xüsusən Lahıc qəsəbəsini görmək, Qəbələdə kanat yolları ilə səyahət, Şəkidə Xan sarayında olmaq çoxdankı arzum idi. Bu şəraiti yaratdığına görə şagird dostlarım adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla İsmayıllı-Qəbələ-Şəki marşrutu istiqamətində yola düşdülər.

Şəmkir

 “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Masallı və Yardımlı rayonlarının məktəbliləri Gəncədən sonra Şəmkir və Göygölün tarixi-mədəniyyət abidələri, turizm obyektləri, füsunkar yerləri ilə tanış oldular.

AzərTAc xəbər verir ki, əvvəlcə Şəmkirə gələn şagirdlər rayonla tanışlığa orta əsr Şəmkir qalasına ekskursiya ilə başladılar. Sonra Gənclər Mərkəzinə gələn şagirdlərə burada gənclərin asudə vaxtlarının təşkili, eləcə də onların intellektual  səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verildi. Masallı və Yardımlı məktəbliləri mərkəzdə təşkil olunan intellektual oyunda iştirak etdikdən sonra Bayraq muzeyinə baxdılar.

Ekskursiyanın növbəti ünvanı Heydər Əliyev Mərkəzi oldu. Aksiya iştirakçıları dahi rəhbərin müxtəlif vəzifələrdə çalışdığı iş otaqlarını əks etdirən bölməyə, eləcə də həyatinin müxtəlif anlarını və siyasi fəaliyyətini özündə yaşadan fotoşəkillərə maraqla tamaşa etdilər. Sonra rayon mərkəzində aparılan abadlıq və quruculuq işləri ilə tanışlıq başladı.

Göygöl rayonuna gələn Masallı və Yardımlı məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılandılar. Onlar  mərkəzdə Azərbaycan tarixini, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, ölkəmizin son illərdə qazandığı nailiyyətləri əks etdirən bölmələrlə tanış oldular.

Şagirdlərə məlumat verildi ki, son bir ildə Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Dövlət rəmzləri muzeyi, Gənclər Mərkəzi, uşaq əyləncə park-kompleksi istifadəyə verilib. Vaxtilə almanlar tərəfindən salınan altı küçə təxminən iki əsrdən sonra əvvəlki görkəminə qaytarılıb.

Məktəblilər Şəmkir və Göygöl rayonlarına maraqlı ekskursiyadan razı qaldıqlarını bildirdilər.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında