Böyüklər balacaları dilə tutanda ən çox bu sualı verirlər: “Şəkər balam, hansı şeiri, nağılı bilirsən? Birini bizə söyləsənə.” Gələcəyin layiqli vətəndaşı olan körpələrin dilindən hansısa şeiri, nağılı eşitmək böyüklər üçün necə xoş olur, təsəvvür etmək çətindir. Kiçik yaşlardan şeir, nağıl, mahnı dünyası ilə mənən zənginləşən uşaqlar ədəbiyyat sayəsində humanizmi, əxlaqı, insanlığı öyrənirlər.
Uşaqlar üçün əsərlər yazmaq zahirən sadə görünsə də, əslində o qədər də asan bir iş deyil. Çünki hər yazılan əsər uşaqların könül dünyasına yol tapa bilmir. Ancaq daha çox uşaq yazarı kimi tanıdığımız Rəfiqə Məmmədova o xoşbəxt sənətkarlardandır ki, onun hər bir əsəri uşaqların arzu və istəklərinə, xəyallarına köklənib, balaca oxucuların daim sevgi və rəğbəti ilə qarşılanıb.
1938-ci ildə Qarabağın dilbər guşələrindən olan Cəbrayılda dünyaya göz açan sənətkarın ömür yolunda ədəbiyyata, sözə və uşaqlara sevgi yaradıcılığında mühüm dönüş yaradıb. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) iqtisad fakültəsini bitirdikdən sonra 1960-1972-ci illərdə Bakı Yeyinti-Sənaye Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub.
İçindəki ülvi duyğuları uşaqlara olan sevgisi ilə birləşərək balaca oxucuların zövqünü oxşayan əsərlərin meydana gəlməsinə müsbət təsir edib. “Uşaqları sevirəm, onlarla ünsiyyətdə olmaq mənə çox xoşdur” -deyən yazıçı ədəbiyyata gəldiyi dövrü, o xoş və kövrək illəri xatırladıqca çöhrəsinə bir təbəssüm qonur: “Bakıda universitetdə oxuyanda bir qızla eyni otaqda qalırdım. O zaman şeirlər, poemalar yazırdım. Bunu görən həmin qız məndən xahiş etdi ki, onları sevimli şairimiz Bəxtiyar Vahabzadəyə göstərsin. Mənim əsərlərimlə tanış olan Bəxtiyar müəllim demişdi ki, o, böyük yazıçı olacaq.” Görkəmli şairin bu xoş sözü gənc yazıçı üçün xeyir-dua, yaradıcılığını davam etdirmək üçün bir stimul olur. Bədii mütaliəni yüksək qiymətləndirən yazıçı gənclərin dünyagörüşünün hərtərəfli formalaşması üçün Azərbaycan və dünya klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanışlığı vacib hesab edir. Çünki məhz onun özünün də bədii fikrinin formalaşmasında Azərbaycan ədiblərinin yaradıcılığı ilə yanaşı Ç.Dikkens, V.Folkner, T.Drayzer, R.Taqor, İ.Turgenev və digər dünya klassiklərinin əsərləri də mühüm rol oynayıb.
Onun uşaqlar üçün yazdığı şeir və hekayələr istər forma, istərsə də məzmun baxımından balacaların anladığı dil və təfəkkür tərzində olduğundan daim dövri mətbuatda rəğbətlə qarşılanıb. “Pioner”, “Günəş”, “Göyərçin” jurnallarında, “Savalan”, “Kommunist”, “Ədəbiyyat və incəsənət” və “Azərbaycan müəllimi” qəzetlərinin səhifələrində Rəfiqə Məmmədova imzası daim seçilib. Onun şeirlərini oxuduqca, uşaqların könlündə əməksevərlik, xeyirxahlıq, valideynlərə sevgi, eləcə də Vətənə məhəbbət cücərtiləri yaranır:
Qanadlanar, öyünər,
Quş öz yuvası ilə.
Qəlbdən qəmi silinər
Vətən nəğməsi ilə.
Rəfiqə xanımın hekayələri maraqla qarşılansa da, bəzən redaksiyalara göndərilən əsərinin “zəif” hesab edildiyi, çap olunmadığı vaxtlar da olurdu. Bu, Rəfiqə xanımı qətiyyən ruhdan salmır, əksinə, əsərə hansı səbəbdən mənfi rəy yazılmasını öyrənməyə çalışırdı. Çünki əsl yazarda olan təvazökarlıq, təkmilləşmək arzusu Rəfiqə xanımın ürəyindədir. “Bir dəfə “Balaca Leyla” hekayəsini nəşr üçün “Ədəbiyyat və İncəsənət” qəzetinə göndərmişdim. Mənfi rəy yazmışdılar. Səbəbini öyrənmək üçün qəzetin redaktoru Nəriman Həsənzadə ilə görüşdüm. Hekayəni arxivdən gətizdirdi. Oxuyandan sonra hekayəni həqiqətən çox bəyəndi. Dedi ki, bundan sonra bizim nəşr sizin üzünüzə açıqdır. Bu hekayədən sonra mənim uşaqlar üçün yazdığım satirik-yumoristik hekayələr “Ədəbiyyat və incəsənət” qəzetində tez-tez çap olunurdu”.
Yazıçının hekayələri təkcə dövri mətbuatın deyil, eyni zamanda, dinləyicilərin də diqqətində olub. Balaca dinləyicilər 1984-cü ildən başlayaraq, bu günə qədər yazıçının Azərbaycan radiosunun uşaq verilişlərində səsləndirilən hekayələrini böyük maraqla dinləyirlər. Təsadüfi deyil ki, təkcə ölkə daxilindən deyil, xaricdən- qonşu İrandan da dinləyicilər zəng edib, müəllifə öz təşəkkürlərini çatdırıblar. “Yazıçı üçün bundan gözəl nə ola bilər”-deyə Rəfiqə xanım razılığını ifadə edir. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin hazırladığı icmalda müasir dövrün müsbət nümunələri sırasında Rəfiqə Məmmədovanın “Dostluq”, “Ardımca gəl”, “Güllü kəpənəkli bağ”, “Nəciblik duyğusu” kitablarının adları nəfis nümunələr kimi çəkilir.
Onunla söhbət etdikcə, özüm üçün bu zərif duyğulu xanımın təkcə insani keyfiyyətlərini deyil, həm də yazıçı ruhunu kəşf edirdim. Əsərləri ilə uşaqlara aşıladığı doğulduğun torpağa, elə-obaya məhəbbət hissi, onu nəyin bahasına olursa-olsun, müdafiə etmək duyğusu əslində yazıçının özünün vətəndaşlıq mövqeyindən irəli gəlir. Odur ki, Qarabağ mövzusu, uşaqların gözü ilə müharibənin təsviri və uşaqlara Vətənin dar günündə onu müdafiə etmək hissinin aşılanması Rəfiqə xanımın yaradıcılığının ana xəttidir.
Müharibənin ağrılı-acılı illərində yazdığı bu ruhda hekayələr uşaqlar tərəfindən maraqla qarşılanmış, hətta onlar arasında özünü hekayə qəhrəmanlarına oxşatmağa çalışanlar, əllərində Azərbaycan bayrağını yelləyərək müəllifə “mən də böyüyəndə kəşfiyyatçı olacağam”-deyən uşaqlar da az deyildi. Əsərlərin bu cür təsirli olması yazıçının istedadı idisə, digər səbəbi də o yurdda doğulub boya-başa çatan bir vətəndaş kimi onun Qarabağ ağrı-acısını yaşaması, o duyğularla qələmə sarılması idi. “ Kaş, o ağrılı günləri xalqımız yaşamayaydı. Amma neyləmək olar, mən də bir yazıçı kimi müharibə ilə bağlı düşüncə və fikirlərimi əsərlərimdə qələmə aldım ”- deyir Rəfiqə xanım.
Müəllifin indiyə qədər bir-birindən maraqlı 13 kitabı işıq üzü görüb; “Dolu”, “Uğurlu ov”, “Şəfəq müğənnisi”, “İnam”, “Könül”, “Mənim şahinim”, “Dostluq”, “Güllü-kəpənəkli bağ”, “Ardımca gəl”, “Nəciblik duyğusu”, “Bizim bağ”, “Zər çiçəklər”. Onu uşaq yazıçısı kimi tanısalar da, əslində böyüklər üçün daha çox əsərlər yazıb. “Mənim böyüklər üçün yazılmış xeyli sayda roman, povest və hekayələrim var, deyən yazıçının “Könül” romanı Türkiyədə, İranda bu gün də sevilə-sevilə oxunur. Hətta dostları, oxucuları yazıçıya müharibə mövzusunda olan “Mənim şahinim” romanının ikinci hissəsini yazmağı təklif edirlər.
İndi ömrünün ən müdrik, ən kövrək və ən şərəfli zirvəsini yaşayır Rəfiqə xanım. Yaş üstünə yaş gəldikcə, daha da müdrikləşir, dünyanın gərdişini öz ədalət tərəzisində daha yaxşı ölçüb-biçir. Bu illərdə qazandıqları da oldu, itirdikləri də. Allahın taleyinə yazdığı acılı-şirinli, enişli-yoxuşlu ömür payında qazandığı uğurlara sevindi, kədərlə yazılan günlərə isə “ qəzavü-qədər”-deyib sınmadı. Ətrafında “nənə, nənə”-deyə dövrə vuran nəvələrinin naz-qəmzəsi, şıltaqlıqları və onlarla şirin söhbətlər Rəfiqə xanımı çox vaxt qayğılarından ayırır, onu başqa bir aləmə aparır. Özünün uşaqlıq illərini, bəxtəvər qarabağlı günlərini xatırlayır. İndi isə bir yazıçı, ziyalı olaraq, bir istəyi var: doğma yurdu Qarabağda yazıb-yaratmaq, igid oğul və qızlarımızın qəhrəmanlığını və qələbəsini vəsf edən əsərlər yazmaq...
Yetmiş altı yaşın zirvəsindən boylanan tanınmış xanım yazarın arzu və istəkləri ilə maraqlanırıq. Bitib-tükənməyən arzulardan bunları dilə gətirir: “Bu ömürdə əsas can sağlığıdır, Allahın verdiyi ömrü can sağlığı ilə, gözəl əməl sahibi kimi yaşamaqdır. Bir də ki, övladlarımın, xalqımın, dövlətimin xoş günlərini görmək. Mənim üçün əsas bunlardır” - deyir Rəfiqə xanım. Ancaq söhbət boyu onun Qarabağ həsrəti və sevgisini duymamaq olmur. Arzu edirik ki, ordumuzun Qarabağda qələbə sevincinə əsərlər həsr edib, oxucularına təqdim etmək tanınmış yazıçı, ürəyi sevgi dolu insan Rəfiqə xanıma qismət olsun!
Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.