Azərbaycan təhsilinin maddi-texniki bazası gündən-günə müasirləşir

 

Təhsil ölkəmizdə priotitet sahələrdən biridir və bu zəruri sahənin inkişafına daim xüsusi diqqət yetirilir, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün hər cür şərait yaradılır. Ümumiyyətlə, hər bir ölkənin təhsil sisteminin vəziyyəti həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən əsas amillərdən biridir. Təhsilin keyfiyyəti və hamı üçün əlçatan olması bütün dövrlərdə  dünya ölkələrinin təhsil siyasətinin əsas prioritetinə çevrilib. Əsas zənginliyi insan kapitalı hesabına formalaşan inkişaf etmiş ölkələrdə  hələ də təhsil sistemlərində islahatlar davam etdirilir, qabaqcıl təcrübələr öyrənilir, tətbiq edilir və inteqrasiya üçün yeni üsullar axtarılır.

Müstəqilliyini bərpa etmiş Azərbaycan dünyada gedən bu proseslərdən heç vəchlə geri qala bilməzdi. SSRİ-nin  süqutundan  sonra Azərbaycan təhsilinin qarşısında iki mühüm problem dayanırdı: yeni qanunvericilik bazası yaratmaq və islahatlara təkan vermək. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün isə dövlət idarəçiliyində zəngin təcrübəsi olan, dünyada baş verən hadisələri obyektiv təhlil edib  çıxış yolu tapan ölkə rəhbərinə böyük ehtiyac var idi. Gəlin etiraf edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir neçə il ölkəyə rəhbərlik edənlərin belə səriştələri yox idi. Ona görə də gənc, müstəqil respublikamızda bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahələrində də  kəskin böhran yaranmışdı. Azərbaycan uçurumun bir addımlığında olduğu bir vaxtda xalqın təkidi ilə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə qayıtdı. Məhz bundan sonra Azərbaycanda bütün sahələr üzrə əsaslı dönüş yaradıldı. 

Ölkəmizdə təhsilin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” - deyən böyük tarixi şəxsiyyət daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz ulu öndərin rəhbərliyi və təşkilatçılığı ilə təhsil sistemində tədricən  əsaslı islahatlar aparılmış və mühüm əhəmiyyətli sərəncamlar, fərmanlar imzalanmışdır.

 Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur. Ulu öndərin təhsilin inkişafını cəmiyyətin ən önəmli sahələrindən biri hesab edirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa- olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”.

Ümumiyyətlə, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir.

Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və digər sahələrdə ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin uğurla həyata keçirilməsinə böyük zəmin yaradıb.Təkcə bir faktı qeyd edək ki, həmin dövrdə təhsilə dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əmək haqları doqquz dəfə artırılmışdır. Ümumiyyətlə, Azərbaycan təhsilinin son otuz ildən artıq bir dövrdəki inkişafı və tərəqqisi ümummilli liderimizin adı ilə bağlıdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev təhsilin inkişafını prioritet vəzifvə kimi qarşıya qoyub. İnkişaf etmiş dövlətin qurulması üçün əsas amilin yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı tərəfindən Azərbaycan təhsilində son on ildə sistemli islahatlar aparılıb və bu gün də təhsilimizi Avropa standartlarına yüksəldən  həmin islahatlar davam etdirilir. Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində  təhsilimizin ayrı-ayrı sahələri deyil, o, bütövlükdə, kompleks şəkildə inkişaf edir. Bu zəruri sahə daim dövlət başçısının diqqət mərkəzindədir. Respublikamızın rəhbəri təhsilin inkişafını prioritet hesab edərək deyib: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın”.

Prezident İlham Əliyevin respublikaya rəhbərliyi dövründə qarşıya qoyduğu strateji  vəzifələrdən biri  sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, yetişən gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşdırılması, həmçinin onların həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və tövsiyəsi ilə son on ildə həyata keçirilən islahatlar sayəsində ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində dövlət başçısının sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Məhz bu  məqsədlə respublikamızın müxtəlif şəhər və rayonlarında 2500-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu işlər hazırda da davam etdirilir.

Son illər ərzində respublikamızda  təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Təhsilin müasir tələblərə cavab verən  mükəmməl normativ hüquqi bazası yaradılmışdır. Ali təhsil sistemində Boloniya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.

 2010-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilmişdir. Bu qanun Avropanın əksər analoji qanunlarından daha mükəmməlidir. Ölkəmizin inkişafına və günün tələblərinə uyğun olaraq bu qanuna çoxsaylı əlavə və dəyişiklik edilib. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir - hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaratmaq. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul ediləcəkdir.

Təkcə onu demək kifayətdir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitinin ümumi həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artıb. Son illər  ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahatların  aparılması da xüsusi ilə qeyd olunmalıdır. Ölkə başçısının təhsilin inkişafına diqqət və qayğısı nəticəsində  Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Azərbaycan Prezidentinin təsdiqlədiyi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində indiyədək minlərlə  azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq artıq doğma Vətənə qayıdıb. Dövlət hesabına xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilən Azərbaycan gənclərinin gələcəkdə ölkəmiz üçün insan kapitalının formalaşmasında əvəzsiz əhəmiyyəti var.

Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər də ürəkaçandır.  Məsələn, 2004- cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. “Xalq kompyuteri” layihəsi çərçivəsində 10 mindən çox müəllim kompyuterlə təmin olunmuş, 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanaraq məktəblərə verilib. 20 məktəbdə isə “elektron məktəb” layihəsi həyata keçirilməyə başlanılıb.

Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artırılıb. Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycanda təhsilin inkişafı, keyfiyyəti və əhatəliliyi beynəlxalq aləmin də diqqət mərkəzindən yayınmayıb. Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” respublikamızda, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün  genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Azərbaycan təhsilinə dünya səviyyəsində diqqətin artırılması istiqamətində görülən işlərdən danışarkən Heydər Əliyev Fondunun prezidenti, UNECCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Cəmiyyətdə bərabər təhsil imkanlarının  yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin  inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir.

2005-2014-cü illər ərzində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı surətdə təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi “Dünyada savadlılığın dəstəklənməsi” mövzusunda Bakı şəhərində keçirilən savadlılıq, xüsusən də yaşlıların təhsili problemlərinə müasir yanaşmaları ifadə edən UNESCO-nun regional konfransı təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər, dünyada Azərbaycanın qabaqcıl təhsil tendensiyalarını dəstəkləyən ölkə imicini daha da yüksəltmişdir.

Göründüyü kimi, Azərbaycanda təhsilin inkişafı və bu strateji sahənin maddi-texniki bazasının getdikcə müasirləşdirilməsi dövlətin prioritet vəzifəsidir. Müasir avadanlıqla təmin olunmuş yeni məktəb binalarının tikilməsi və əsaslı surətdə yenidən qurulması da bundan xəbər verir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında