Son illərdə Azərbaycanın xarici və daxili siyasətində, iqtisadi, sosial inkişafdakı misilsiz yüksəlişlər bütün sahələrdə özünü büruzə verməkdədir. Bütün bunların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəngin siyasi təfəkkürü, dərin düşüncə tərzi və böyük zəhməti dayanır. Hazırda inkişafın Azərbaycan modeli dünya səviyyəsində diqqət mərkəzindədir.
Dayanıqlı inkişaf modeli siyasi stabillik və sosial – iqtisadi irəliləyişlə yanaşı, mədəni müxtəlifliyi, ən əsası isə əqli mülkiyyətin prioritetini də özündə cəmləşdirir. Əqli mülkiyyətin müasir fəaliyyət kontekstinin, onun siyasətdə, iqtisadiyyatda, mədəniyyət sahəsində və ümumiyyətlə, hazırki Azərbaycan cəmiyyətində yeni mənəvi sərvətlərin yaranmasının intellektual kapital və virtuallaşma hesabına baş verdiyini danmaq olmaz.
Bu mənada əqli mülkiyyət üzrə beynəlxalq ekspert, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun “Erməni (yad) el (li) nağılları” kitabını həyəcansız oxumaq olmur. Əsərdə Azərbaycan xalqına məxsus əqli mülkiyyətin bədnam qonşularımız olan ermənilər tərəfindən mənimsənilməsi, erməniləşdirilməsi faktlarla şərh olunur. Professor Kamran İmanovun çox zəngin, ardıcıl ağır zəhməti sayəsində əsrəyə gələn bu kitab iki fəsildən ibarətdir: “Gəldim, gördüm... mənimsədim, yaxud “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni ənənəsi haqqında”.
İkinci fəsil isə “Cəfəngiyyat teatrı” adlanır.
Erməni plagiatını, onların illər boyu zaman-zaman Azərbaycanın mədəni, ədəbi irsindən, folklorundan oğurladıqları mənəvi-mədəni sərvətlərimizi necə talan etmələrini birər-birər açıb göstərən müəllif ürək ağrısı ilə yazır: “Erməni oğurluqlarına bizim rəvayətlərin, dastanların, atalar sözləri və misalların, bayatıların, nəğmələrin, musiqi kompozisiyalarının, aşıq yaradıcılığının təhrif edilməsinə, abidələrimizin maddi və qeyri-maddi mədəni irsimizə aid olan bir çox başqa sərvətlərin mənimsənilməsinə dair çoxlu sübutlarımız vardır”. Professor Kamran İmanov 20 çap vərəqi həcmində kitabında xronoloji, tarixi faktlar əsasında Azərbaycan mədəni ənənələrinin ermənilər tərəfindən mənimsənilməsi ənənəsinin necə “təşəkkül tapması”nı səbrlə, obyektivliklə göstərmişdir. Hətta onu da həyəcanla qeyd etmişdir ki, bu bədnam erməni oğurluğunun müasir Azərbaycan müəlliflərinin əqli mülkiyyətindən də yan keçməyəcəyinə inanır. Əslində, bu, bir növ xəbərdarlıqdır!
Müəllif, hamıya hələ də məlum olmayan, lakin çox mühüm və vacib bir məsələni də oxuculara çatdırır: Ermənistanın Qədim Əlyazmalar İnstitutunda, Matenadaranda və digər arxivlərdə Azərbaycan orijinalında, lakin erməni əlifbasında yazıya köçürülmüş çoxlu sayda müxtəlif janrlarda yaradıcılıq nümunələri qorunub saxlanılır. Azərbaycan orijinallarına qondarma erməni libası geyindirilir, erməniləşdirilir!
Tarixi saxtakarlığı və mənəvi terroru faktlarla, sübutlarla açıb göstərən müəllif bu plagiatın hələ XVI-XVII əsrlərdən gəldiyini də diqqətimizə çatdırır. Müəllif qeyd edir ki, yalnız Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazması saxlanılır ki, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir. Qədim Azərbaycan dastanlarının əlyazmalarını misal gətirən tədqiqatçı alim onların da erməni əlifbası ilə əsarətə alınıb orada saxlandığını qeyd edir. Halbuki, bu dastanlar, bir qayda olaraq, Azərbaycan dilində səslənmiş və yayılmışdır. Elə əlyazmalar da vardır ki, nəsr hissəsi Azərbaycan dilində, nəzm hissəsi isə tərcümədə, ya da əksinə verilmişdir. Beləliklə, çoxlu sayda əlyazma hətta Azərbaycan dilində və yaxud tərcüməsi ilə birlikdə Ermənistanın Qədim Əlyazmalar İnstitutunda beləcə saxlanılır. Bunlar, necə deyərlər, mənimsənilmə və erməniləşdirmənin yazılı sübutlarının əsası kimi qəbul edilməlidir!
Erməni əhalisinin çox hissəsinin Azərbaycan dilini bilməsi, bizim dildə danışması, erməni mədəniyyət xadimlərinin Azərbaycan folklor nümunələrini geniş şəkildə istifadə etməsi – Azərbaycan xalq yaradıcılığının ermənilər arasında geniş yayılmasına, onların plagiata və Azərbaycan mədəni irsini erməniləşdirməyə onlarda münbit imkan yaratmışdır.
Kamran İmanov yazır: “Bəli, hörmətli oxucular, söhbət əlyazmalar saxlanılan digər yerlərdən deyil, məhz Azərbaycan xalqının mədəni irsinə aid, o cümlədən, orijinalın dilində olan qalın, qədim kitabların saxlanıldığı Matenadarandan gedir. Yeri gəlmişkən, lap bu yaxınlarda Minnosolta ştatının Universiteti ilə məhz Matenadaranın bağladığı müqavilə Ermənistan Milli Elmlər Akademiyasında çaxnaşma predmeti olmuşdur”.
Sən demə, erməni akademikləri nahaqdan narahat olmayıblarmış! Məlum olub ki, qədim əlyazmaların surətləri ilə tanışlığa və onlara nəzər və baxışa icazə ala bilən ABŞ alimləri məsələdən agah olacaqlarmış və ... möhtəşəm plagiatın üstü açılacaqmış! Ona görə də Ermənistan Milli Elmlər Akademiyasının arxivlərində Amerika tədqiqatçılarının işləməsinə imkan verilməmişdir. Bəli, “xain xoflu olar” demişlər.
Buradan hiyləgər erməni xisləti üzə çıxır və öz işini görür. Arxiv Amerika tədqiqatçılarının üzünə qapanır. Beləliklə, “məxfi” qrif məsələsi Ermənistanın Qədim Əlyazmalar İnstitutunda aktuallaşır və kənar alimlər üçün qadağa qoyulur.
Professor Kamran İmanov çoxillik zəhməti nəticəsində faktlarla, sübutlarla göstərir ki, erməni ədəbiyyatının klassiki sayılan Xacatur Abovyan “Ermənistanın yaraları” adlı romanında işlətdiyi “plov”, “çalma”, “qarapapaq”, “xurcun”, “təndir” və başqa köklü-köməcli Azərbaycan sözlərini necə erməniləşdirmişdir!
Hətta, iş o yerə çatmışdır ki, X.Abovyan öz saxta əlyazmaları əsasında 1850-ci ildə Berlində F.Bodenştedt tərəfindən üç cilddə olan “Şərqdə min bir gecə” kitabının nəşr olunmasına imkan yaratmış, həm də həmin nəşrdə Azərbaycanın qədim folklor nümunələri Avropa oxucusuna erməni, bəzi hallarda isə fars folkloru kimi təqdim olunmuşdur. Bəli, erməni mənəvi qarətçiləri bizim milli-mənəvi dəyərlərimizlə nəfəs alan, qanımızdan, kökümüzdən pərvazlanan, əsrlərin sınağından çıxa-çıxa bu günümüzə gəlib çatan folklor nümunələrimizi nəinki özününküləşdirir, hətta acıq çıxmaq üçün başqalarının da ayağına yazmaqdan çəkinmirlər. Bütün dünya oxucularına Azərbaycan dastanı kimi məlum olan məşhur “Əsli və Kərəm” əsərini belə erməni mədəni irsi kimi təqdim edən də məhz elə X.Abovyan olmuşdur.
Əqli mülkiyyətimizə dəyən zərbələr milli-mənəvi dəyərlərimizə tuşlanan haqsızlıq sayılmalıdır. Xalqımızın əsrlər boyu folklor nümunəsi kimi sevə-sevə qoruyub-saxladığı “Aşıq Qərib və Şahsənəm” dastanına da belə hücumlar olmuşdur. Hətta bu dastanın üzü tam şəkildə G.Naqverdiyan tərəfindən köçürülüb erməni əsəri kimi mənimsənilmişdir. Dəhşətə baxın ki, hələ əsərin adı və qəhrəmanları Aşıq Qərib, Şahsənəm... qədim, sırf Azərbaycan adları ola-ola, necə erməniləşdirilib?! Dünya oxucuları buna necə soyuqqanlıqla baxıblar?! Ağıllı oxucu məgər bilmir ki, Qərib, Şahsənəm hansı xalqa məxsus adlardı?! “Şah İsmayıl” və “Koroğlu” kimi bütün türk xalqlarının dilində əzbər olan, milli-mənəvi abidələrimiz sayılan dastanlarımız da belə bir qarətə, hücuma məruz qalmışdır.
Professor Kamran İmanovun bu kitabı uzun illərin axtarışlarını, həm də sırf ziyalı qeyrətilə çəkdiyi ağır zəhmətinin və intellekt zəkasının məhsuludur. Müəllif elə sübutlar, faktlar gətirir ki, oxucu mütəəssir olur, həm də hiss edir ki, minillərin sınağından çıxan möhtəşəm qaya ətrafında dolaşan yellər, xəzəllər ona heç nə edə bilməz. Kitab müəllifi həm də oxucular üçün çox yeni olan bir hadisəni də üzə çıxarmışdır. Sən demə, gəncəli mütəfəkkir Mirzə Şəfi Vazehin poeziyasının oğurluğunda da erməni barmağı varmış. Müəllif Kamran İmanov erməni alimi S.P.Ağayanın öz yazıları ilə onu ifşa edərək onun hələ 1961-ci ildə Yerevanda nəşr etdirdiyi “Erməni və Azərbaycan xalqının tarixi dostluğu” kitabında X.Abovyanın Mirzə Şəfi Vazehin şeirlərinin “tərcümə” olunmasında iştirakını göstərir. Bu tərcümənin tam plagiat olması artıq öz təsdiqini tapmışdır.
Erməni oğurluğunun, plagiatının ifşası üçün cəmi iki-üç misal gətirsək, oxucuya hər şey aydın olar. X.Abovyan yazır: “Deyirlər dəli dənizə daş atdı, yüz ağıllı üstünə töküldü, çıxara bilmədi”. Azərbaycan xalq məsəli isə belədir: “Bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi”. Yaxud R.Rçoduan: “Çörəyi çörəkçiyə ver, birini də üstəlik”. Azərbaycan orijinalında bu xalq məsəli belədir: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Q.Sundukyan: “Yüz yol ölç, bir yol biç”. Bizdə isə: “Yüz ölç, bir biç”. Yaxud Q.Ağayan: “Dost dostun üzünə baxar, ancaq yad adam baş-ayağına”. Görün “Dost başa baxar, düşmən ayağa” el deyimini hansısa Q.Ağayan necə erməniləşdirmişdir.
Əsərdə Azərbaycan bayatılarını, qədim rəsmlərimizin, xalqımızın zəngin mənəvi xəzinəsinin – instrumental, vokal və musiqi rəqs folklorunun – “Rast”, “Şur”, “Şüştər” və başqa nümunələrinin də erməniləşdirilməsi hiddət doğurur. Bu, mənəvi qarət, bu, gözgörəti ədəbi oğurluğun hətta müasir dövrümüzə belə gəlib çatması ermənilərin mənəvi cılızlığının təsdiqini bir daha üzə çıxarır.
Erməni mənəvi qarətçilərinin iç üzünü ustalıqla ifşa edən bu kitabda müəllif böyük Üzeyir bəy Hacıbəylinin də müəllif hüquqlarının kobud şəkildə pozulmasına kifayət qədər geniş yer ayırmışdır. Məşhur “Arşın mal alan” operettasını hələ SSRİ dövründə oğurlayan və Amerikada ekranlaşdıran erməni rejissor R.Mamiluan əsəri səhnələşdirərkən Üzeyir bəy Hacıbəylinin adını çıxarır. Bu, hələ 1937-ci ildə baş vermişdir. Bundan xəbər tutan böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyli SSRİ-nin o vaxtkı rəhbəri Stalinə müraciət etməli olur. Və yalnız bundan sonra “Arşın mal alan” operettası öz halal müəllifinin adı ilə yayılır.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən qaynaqlanıb gələn, zaman-zaman yaşayaraq sevilən əsərlərimizi, mədəni sərvətlərimizi mənimsəyən, üstəlik də, onların ən yaxşı nümunələrini dünyaya ermənilərinki kimi təqdim edən saxtakar qonşularımız bu gün də öz tamahkar əməllərini davam etdirirlər. Azərbaycan dilini bilən və az-çox ifaçılıq bacarığı olan ermənilər mahnılarımızı hətta orijinalda ifa edirlər. Onlar bu mərhələdə çalışırlar ki, öz əhalisinin daha çox hissəsini bu işə cəlb etsinlər və bu məqsədlə də folklor nümunələrimizi erməni əlifbası ilə yazılı hala salsınlar.
Bundan başqa, tarixi Azərbaycan yurd yerlərinin də coğrafi adları dəyişdirilmiş, erməniləşdirilmişdir. Beləliklə, onlar müəyyən müddəti yola sala-sala ictimai şüurda qondarma erməni variantını möhkəmləndirməyə nail olmaq üçün dəridən-qabıqdan çıxırlar. Əsərdə göstərilir ki, onlar Azərbaycan orijinallarının özləri tərəfindən mənimsənilmiş nümunələrini erməni variantı ilə maddi daşıyıcılara köçürür, həyasızcasına süni şəkildə, guya qədimləşdirirlər. Hətta, arxivlərə və fondlara göndərir, bacardıqca xarici dillərdə də nəşr etdirirlər. Acınacaqlı haldır ki, ermənilər paralel şəkildə özlərininki olmayan, bizdən oğurladıqları mənəvi, milli-mədəni sərvətlərimizi uydurma sübutlarla, qondarma faktlarla “qədimlik” pərdəsi altında erməni mənşəli olmasını əsaslandırmağa çalışırlar. Hətta, iş o yerə gəlib çatır ki, bu barədə elmi işlər də yazdırırlar. Lakin bilmirlər ki, əsası, kökü olmayan bu oğurluq əsərlərin gələcəyi yoxdur və olmayacaq!
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, əqli mülkiyyət hüququ, mədəni irs nəzəriyyəsinə dair bir sıra sanballı elmi məqalələrin və dəyərli tədqiqat kitablarının müəllifi olan Kamran İmanov həm də əqli mülkiyyət üzrə beynəlxalq ekspert kimi məhsuldar yaradıcılığını uğurla davam etdirir. Əqli mülkiyyətimizi qorumaq, onun mənəvi keşiyində durmağı özünə şərəfli bir peşə sayan professor Kamran İmanov elmi əsaslara söykənmiş bu samballı əsəri ilə milli-mənəvi sərvətlərimizi talayan bədnam qonşularımıza - ermənilərə tutarlı cavab vermişdir.
Bu dəyərli kitabı yaymaq, geniş təbliğ etmək, mümkün qədər dünyanın bir çox dillərinə tərcüməsinə və yayılmasına nail olmaq bizim mənəvi borcumuzdur.
Tahir MƏMMƏDOV,
siyasi elmlər üzrə fəlsəfə doktoru, respublikanın əməkdar jurnalisti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.