Bakı–Oksford Məktəbinin builki məzunu Məhəmməd Ağamirzəyevin tələbə adını yaşıdlarından 3 ay əvvəl qazanması heç də təsadüfi olmamışdır. İngilis dilində sərbəst danışıb yazmağı bacaran, elitar orta məktəbdə əla qiymətlərlə oxuyan, xaricdə təhsil təcrübəsinə yaxından bələd olan Bakı məktəblisi attestat almağa 2 ay qalmış beynəlxalq proqram əsasında imtahan verərək eyni vaxtda 3 xarici ali məktəbdə oxumaq hüququ qazanmışdır.
Buraxılış imtahanlarını əla qiymətlərlə verib, orta məktəbi qızıl medalla, Oksford Məktəbinin qızıl nişanı ilə bitirən və fərqlənmə attestatı alan Məhəmməd bu yaxınlarda seçimini dəqiqləşdirərək İngiltərənin Birmingem Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olmasını rəsmiləşdirmişdir.
Orta məktəbin yuxarı siniflərində təhsildə və beynəlxalq məktəbli hərəkatında fəal iştirakı ilə Məhəmməd doğmalarını və yaxınlarını daim sevindirmişdir. İti zəkası, dərin fəhmi və ümumi zirəkliyi ilə başqalarından seçilən, hətta xarici yaşıdları arasında liderliyi ilə fərqlənən bakılı şagirdin dünyanın istənilən ali məktəbinə asanlıqla daxil olacağı isə müəllimlərində heç bir şübhə doğurmamışdır. Məhəmmədin bu nadir uğuru təhsilə, cəmiyyət üçün savadlı və tərbiyəli uşaqlar böyütməyə müstəsna önəm verən Ağamirzəyevlər ailəsinin başını daha da uca etmişdir.
Bugünlərdə ailənin sevincinə şərik olanların təbriklərini qəbul edən ixtisasca jurnalist ata-analar–Fəxrəddin müəllim və Təranə xanım sonbeşik oğulları Məhəmmədin böyük qardaşları Fərid və Orxan kimi arzusuna uyğun ali təhsil almaq imkanlarını ölkəmizdə dövlətin uşaqların hərtərəfli inkişafı üçün yaratdığı gözəl şəraitin nəticəsi olduğunu söylədilər. Sonradan ikinci ali təhsillə hüquqşünas ixtisası alıb hazırda hakim vəzifəsində çalışan, jurnalist kimi də sərbəst yaradıcılığını davam etdirən Fəxrəddin Ağamirzəyev müstəqil ölkəmizdə uşaq və gənclərə göstərilən yüksək dövlət qayğısının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı:
– Bu gün Məhəmməd kimi uşaqların dünyaca məşhur olan məktəblərdə oxumalarına, hələ şagird ikən dünyanı dolaşmalarına, hətta Bakıdan imtahan verib xarici ali məktəbə daxil olmalarına, dövlət təqüdü ilə ölkədən xaricdə təhsil almalarına görə biz ata-analar ulu öndər Heydər Əliyevin müqəddəs ruhuna rəhmət diləyirik, hər sahədə onun siyasətini yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Məhəmmədin xarici ali məktəbə daxil olması 55 yaşımın tamamında mənim üçün talenin ən qiymətli hədiyyəsi oldu.
Məhəmmədin balalarımız üçün dövlətimizin açdığı qapılardan keçib yuxarı siniflərdə BMT-nin məktəbli proqramlarında fəal iştitak etməsi, bu qurumun dəfələrlə Bakıda, ABŞ-da, Hollandiyada, Kiprdə, Gürcüstanda və başqa ölkələrdə keçirdiyi model konfransların təşkilatçısı və iştirakçısı olması, ABŞ-da təhsil proqramına qoşulması, müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə lider məktəbli kimi yetkinləşməsi, hər şeydən əvvəl, Azərbaycan təhsilinin çatdığı yüksək səviyyənin əyani göstəricisidir. Mən övladının təhsil uğurundan qürurlanan bir ata kimi bu il ali məktəbə qəbul olan bütün balaları ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi naminə onlara yaxşı oxumağı, xalq işinə gərəkli olmağı arzulayıram.
Məhəmmədin də ürək sözlərini dinlədik:
– Mən hələ dünyada olmayan illərdə Naxçıvanda ağır şəraitdə xalqımızın nicatı üçün çalışan Heydər baba ilə atamın jurnalist kimi görüşüb geniş müsahibə hazırlaması həmişə məndə hədsiz qürur doğurmuş, ulu öndərin ideya və əməllərinə layiq böyüməyimə, oxumağıma stimul yaratmışdır. Ümummilli lider Azərbaycan məktəblisinin dünya səviyyəsində təlim-tərbiyə alması üçün nə lazımdırsa hamısını etmişdir. Bizim borcumuz onun bu atalıq qayğısına layiq övladlar olmaqdır.
Mənim kimyaçı ixtisası seçməyim təsadüfi deyil. Heydər babanın Azərbaycanda neft sənayesini və neft kimyasını yüksək inkişaf təməlləri üzərinə çıxartması ölkəmizə dünyada strateji mövqelər qazandırmış, xalqımızın ümumi inkişafı və rifahının yüksəlməsi üçün güclü potensial yaratmışdır. Neft və neft kimyası Azərbaycanı vaxtilə dünyada şöhrətləndirmişdir. Akademiklər Yusif Məmmədəliyevin, Azad Mirzəcanzadənin vətəni yeni adlarla daha da məşhurlaşmağa layiqdir.
Xalqımızı tarixi tərəqqi yoluna çağırmış, bir sıra sahələrdə sivil əsaslar yaratmış Həsən bəy Zərdabi vaxtilə çoxu həkim, hüquqçu olmaq istəyən şagirdlərini ayrı-ayrı elm sahələrinə yönləndirərək, onları böyük Nizaminin “qüvvət elmdədir” kəlamının hikmətinə inandırmışdı. Doğrudan da, Zərdabi yetirmələri məşhur xarici universitetləri bitirərək, sonralar hərəsi ölkəmizdə bir elm sahəsinin pioneri oldu. İnanıram ki, yaxşı kimyaçı olmaqla, dövlətimizin və valideynlərimin çəkdikləri zəhmətin əvəzini xalqımıza qaytara biləcəyəm.
Uğur olsun, Məhəmməd! Azərbaycanda gedən hərtərəfli inkişaf və yeniləşmə prosesi sənin kimi gənclərin elm və biliklərə mükəmməl yiyələnməyinizlə yeni bir səviyyəyə qalxacaqdır.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.