Görkəmli alim, pedaqoq, ictimai-siyasi xadim

Filosoflardan biri yazır ki, “insan özünü təbiətin, Tanrının yaratdığı dünyanın bir hissəsi hesab edəndə, özünün bu dünyanın taleyinə məsuliyyət daşıdığını başa düşəndə şəxsiyyət olur. Ömür günlüyünə, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinə yaxından bələd olduğum, Azərbaycanın ictimai-siyasi həyatında, elmi dairələrdə kifayət qədər yaxşı tanınan, böyük nüfuz və hörmət qazanan professor Zahid Qaralov, sözün əsl mənasında, belə şəxsiyyətlərdəndir. Bir insan kimi özündə xeyirxahlıq, canıyananlıq, ləyaqət, yüksək əxlaqı keyfiyyətləri birləşdirən, vicdanının hökmündən kənar bir hərəkətə qərar verməyən professor Zahid Qaralov mənalı və şərəfli bir ömür yolu keçib. Bir alim, müəllim və pedaqoq kimi həyatını Azərbaycan elminin inkişafına, doğma xalqının təhsilinə, maariflənməsinə sərf edib.

Altı yüzdən artıq elmi əsərin, onlarca sanballı monoqrafiyanın, habelə “Heydər Əliyevin elmi irsi” ikicildliyinin müəllifi olan, yüz əlli nəfərdən artıq elmlər namizədi və doktoru yetişdirən Zahid Qaralov 1934-cü il iyulun 10-da Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Dövlətə, xalqa sədaqətlə xidmət edən Zahid Qaralov 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Elmə, təhsilə maraq göstərən Zahid müəllim ilk gündən Allahın yaratdığı nadir varlıq kimi insanın daim təkmilləşməli, kamilləşməli olduğunu qət edib. Amma onu da yaxşı bilib ki, bütün bunlar üçün başlıca vəzfə mübarizədir, insanın özü-özü ilə mübarizəsi. Nahaq demirlər ki, “Kim özünə qalib gəlsə, o dünyaya qalib gələr.” Məhz bunun nəticəsidir ki, Zahid Qaralovun elmi-pedaqoji fəaliyyətinin ayrı-ayrı mərhələlərində apardığı nəzəri tədqiqatlar nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin olunan alim bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. Üç cildlik “Tərbiyə”, həmçinin “İdeologiya və mənəviyyat” fundamental əsərləri Azərbaycanın pedaqoqika tarixində xüsusi yer tutur. Z.Qaralov həm də “Həyat bilgisi” dərsliyinin müəllifidir. Bu fənnin tədrisi ilə bütün təbiət, cəmiyyət, insan təfəkkürü haqqında elmlərə inteqrasiya edilir.

Hazırda Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri kimi üzvü olduğu partiyaya sədaqəti, Azərbaycan dövlətçiliyinə yorulmaz xidməti professor Zahid Qaralova böyük hörmət qazandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Ömrünün 80-ci ilini yenicə geridə qoyan Zahid Qaralovun mənalı, zəngin həyat yolunu, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətini bütün dolğunluğu ilə gözlərimiz önündə canlandıranda önəmli bir məqam xüsusi maraq doğurur. Ulu öndər Heydər Əliyev hələ 1999-cu il iyulun 10-da Zahid Qaralovun 65 illiyi münasibəti ilə yubilyara ünvanladığı təbrik məktubunda yazırdı: “Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram. O zaman – 1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm. Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur”.

Bu, dahi şəxsiyyətin Zahid müəllimin səmərəli fəaliyyətinə və sədaqətinə verdiyi böyük qiymət idi. Yeri gəlmişkən, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan özünün çox həssas dövrünü yaşayarkən Zahid Qaralov ulu öndər Heydər Əliyev ideyalarının müdafəsinə qalxan, onun yayılmasına töhfə verən şəxslərdən, ziyalılardan biri olub. Onun bu sahədə müstəsna xidmətləri danılmazdır.

Cəmiyyətin ağrılarına heç zaman biganə qalmağı bacarmayan Zahid müəllim həmişə belə bir həyat fəlsəfəsinə söykənir: “Nə qədər ki, insan ağrı hiss edir, o, yaşayır. Nə qədər ki, insan başqalarının ağrılarını hiss edir, o, insandır.” Ötən əsrin 90-cı illərində Zahid Qaralov da ölkəsinin bir çox vətənpərvər, ləyaqətli və cəfakeş ictimai-siyasi xadimi kimi bütün Azərbaycanın ağrısını hiss edirdi, qəlbən yaşayırdı. Elə bu ağrılar onu siyasi mübarizəyə, yenicə müstəqillik qazanmış Vətəninin demokratik quruculuq prosesinə qoşulmağa məcbur etdi. Təhdidlər, yüksək vəzifə vədləri, təqiblər Zahid müəllimin Azərbaycanın ağrısını sağaldacaq ümummilli lider Heydər Əliyev şəxsiyyətinə olan inamını qıra bilmədi, əksinə, onun mübarizə əzmini daha da gücləndirdi. O Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün məşhur 91-lərdən biri kimi ona müraciət edərkən də, dəfələrlə Naxçıvana gedərək Heydər Əliyevin yanında olarkən də Azərbaycanın gələcək taleyini düşünüb, Vətənimizə dərin sədaqət nümayiş etdirib.

Məlum hadisələr baş verdikdən sonra Azərbaycanda gedən ağır və mürəkkəb prosesləri əks etdirən “Hər dövrün öz kitabı var” və “Əbədiyyətə gedən yollar” kitabları müstəqil dövlətimizin ilk dövrünün salnaməsi kimi ölkəmizin tarixinə düşüb.

Xatırladım ki, Heydər Əliyev ideyalarına sədaqət, etibar, inam bu gün də davam edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun uğurla reallaşdırılmasında Zahid Qaralov da səyini əsirgəmir.

Görkəmli alimin keçdiyi şərəfli, mənalı ömür yolu barədə “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında “Ön söz”ün müəllifi olan yubilyar yazır: “Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən alim tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.

Zahid müəllimin pedaqoji yaradıcılığının, bu sahədə bir alim kimi səmərəli fəaliyyətinin nəticəsi kimi onun yeni, müasir təlim yaratması da diqqət çəkir. Xatırladım ki, professor, əsasında ideologiya, mənəviyyat və tərbiyə məsələləri dayanan bu təlimin milli-mənəvi dəyərlərimizə uyğun təhlilini aparıb. Bu zaman klassik və hazırki tərbiyə üsullarının vəhdətini nəzərdən keçirib, İslam dininin yüksək əxlaqi keyfiyyətlərinin tətbiqi yollarını göstərib.

Zahid Qaralov yazır: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, gərək ömrünü xalqa bağışlayasan. Gərək gördüyün işlərlə, əməllərinlə doğma xalqına xidmət edəsən. Mən 60 ildir sərbəst yaradıcılıqla məşğulam. Bir çox alimlər yetişdirmişəm. Mən öz rəhbərlərimdən, alimlərdən, siyasi xadimlərdən öyrənmişəm, həyatda təcrübə qazanmışam. Öyrəndiklərimi, əldə etdiyim təcrübəni gələcək nəsillərə ötürürəm”. Bu səmimi ifadələr alimin keçmişinə, müəllimlərinə böyük ehtiramından, böyük ürək sahibinin yüksək əxlaqından xəbər verir.Professor bu gün də doğma Vətənin tərəqqisinə yorulmaz işi ilə öz töhfəsini verir. İstimai-siyasi həyatda fəallığı ilə fərqlənir, elmi-pedaqoji sahədə uğurlu tədqiqatlarını davam etdirir.

Zahid müəllim bir sıra beynəlxalq konqreslərdə sanballı elmi məruzələrlə çıxış etmişdir. Onun təhsil quruculuğu sahəsində 60 il fasiləsiz iş təcrübəsi və 100-dən çox dövlətin təhsil sistemlərinin, eləcə də dünya təhsil sistemləri quruculuğu tarixinin öyrənilməsi və təhlili əsasında gəldiyi elmi nəticə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də böyük maraq doğurub. Bu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində dünyəvi təhsil problemlərinə həsr olunmuş beynəlxalq konfransda “Təhsil sistemi quruculuğunun elmi əsasları” mövzusunda məruzəsi də həmin aktual məsələyə həsr edilib. Yeri gəlmişkən, hörmətli profesorun sözügedən konfransda səsləndirdiyi təkliflər dünyanın müxtəlif ölkələrindən İstanbula gələn alimlərin diqqətini çəkib.

Görkəmli alim dövri mətbuatdakı çoxsaylı çıxışlarında Azərbaycanın ictimai-siyasi, elmi həyatı ilə bağlı ən aktual məsələlərdən, problemlərdən bəhs edir, vətəndaş və ziyalı mövqeyini əks etdirir. Məsələn, Zahid müəllim yazır ki, təhsil anlayışının meydana gəldiyi ilk illərdən günümüzə qədər yaradılmış çoxsaylı təhsil quruculuğu nəzəriyyələrinin və sistemlərinin heç birini mükəmməl ölçü vahidi kimi qəbul etmək mümkün deyil. Çünki bunlar qloballaşma və inteqrasiya proseslərinin tələblərinə cavab vermir. Bütün nəzəriyyələr və sistemlər dünyanın inkişafından geridə qalır; təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən hadisələrin bütöv halda və düzgün dərk olunmasına apara bilmir.

Professora görə, vəziyyətdən çıxmağın, dünya xalqlarının inkişaf dinamikasını sürətləndirməyin, insanlığı maddi və mənəvi böhranlardan qorumağın, hər şeyi insan inkişafının istəyinə yönəltməyin iki yolu var: Birinci yol mövcud sistemləri və nəzəriyyələri əsaslı şəkildə təkmilləşdirməkdir. İkinci yol isə dünyanın hər bir ölkəsində yüksək səviyyəli müasir milli təhsil sistemi quruculuğu nəzəriyyəsi hazırlamaq üçün xüsusi beyin mərkəzi yaratmaq və onun səmərəli işləyə bilməsinə hərtərəfli imkan və şərait yaratmaqdır. Həmin mərkəzin əsas vəzifəsi ayrı-ayrı ölkələrin beyin mərkəzlərində hazırlanmış nəzəri konsepsiyaları dərindən təhlil edərək qiymətləndirmək, bəşəriyyəti daha yaxşı inkişaf etdirməyə yararlı olan mükəmməl nəzəriyyələri seçmək, kütləvi tətbiqinə əsaslandırılmış zəmanət və elmi tövsiyələr verməkdir.

Zahid müəllimin başqa bir maraqlı, diqqətçəkən fikrinə də nəzər salmaq istərdim. Professorun fikrincə, mehriban birgəyaşayış mühiti yaratmaq üçün dünyanın hər yerində eyni vaxtda bir sıra əməli tədbirlər keçirilməli və bunlar insanların, millətlərin, icmaların həyat normasına çevrilməlidir.

Zahid Qaralov deyir ki, birgəyaşayış mühitinin əsas prinsipi bərabərlikdir. Bərabərlik insan haqlarini qorumaq, mikro və makromühitdə sülh yaratmaq prinsipidir. Bu gün (həmişə) insanlar, ailə üzvləri, etniklər, millətlər, müxtəlif insan qrupları, icmalar, dövlətlər arasındakı narazılıqların, münaqişələrin, müharibələrin, üz-üzə dayanmağın, düşmənçiliyin əsas səbəbi bərabərlik prinsipinin bu və ya digər dərəcədə pozulmasıdır. Müəyyən hallarda cinayətlər də bərabərlik prinsipinin pozulmasından yaranır...

Zahid müəllimin İslama düşmənçilik mövqeyində duran mürtəce ideologiyalar barədə fikirləri də böyük maraq doğurur. Professor yazır ki, son illərdə İslama, bu dinə etiqad edənlərə qarşı ayrı-seçkilik halları güclənməkdədir. Ayrı-seçkiliyin mənbəyi dözümsüzlük və diskriminasiyadır. Bunların hər ikisi etik normaların ziddinə olduğuna görə aradan qaldırılmalıdır. Etik prinsiplərin pozulmasına bu gün hər yerdə – Avropada, Mərkəzi Asıyada, Şimali Amerikada, xüsusilə Müstəqil Dövlətlər Birlıyində daha çox rast gəlmək olur. Dözümsüzlüyün və diskriminasiyanın daşıyıcısı, təkanvericisi İslama düşmənçilik mövqeyində duran mürtəce ideologiyalardır. Belə ideologiyalarda eynilə antisemitizm siyasəti üstünlük təşkil edir...

Professora görə, dünyanın təhsil müəssisələrində tərbiyənin əsas məzmunu mürtəce ideologiyaların, onlardan törəyən siyasi sistemlərin, mənfi əxlaqın cəmiyyət həyatındakı ziyanlarının açıqlanmasına, onları həyatdan silib atmaq üçün mübarizlik ruhunun formalaşmasına, insanların sülh şəraitində birgə yaşamasının qarantı olan tolerantlığı, dözümlülüyü, həmrəyliyi, qarşılıqlı hörmət və yardımın təşkilini, bütün dinlərə və həmin dinlərə inanan insanlara, mədəniyyətlərə, eyni ölçülərlə yanaşmağı öyrədən dəyərlərdən ibarət olmalıdır.

Bizim hər birimiz ətrafımızda və öz içimizdə nə əkiriksə, nəticədə, onu da toplayırıq. Professor Zahid Qaralov ətrafına da, içinə də bütün mənalı həyatı boyu xeyirxahlıq, səmimiyyət, ləyaqət, Vətən sevgisi, yüksək əxlaq və vicdan toxumları səpib. Əminik ki, bunlardan ancaq “bərəkətli və sağlam məhsul” yetişəcək.

 

Arzuman MURADLI,

politoloq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında