Sentyabrın 1-də - yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilmişdir. Bu aksiya fəaliyyət istiqamətlərindən biri Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə, ölkəmizdə və onun hüdudlarından kənarda məktəblərin tikintisinə və yenidən qurulmasına kömək etmək məsələlərindən ibarət olan Fondun fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşır.
Məktəbin rəsmi açılış mərasimində Ulyanovsk vilayətinin rəhbərləri, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, eləcə də Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli siyasi xadim Nəriman Nərimanovun Ulyanovskda ucaldılmış abidələri önünə tər çiçəklər qoymuşlar.
Təntənəli mərasimi məktəbin direktoru Gennadi Tsaryov açmışdır. O, Ulyanovsk sakinlərinə bu dəyərli hədiyyəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirmişdir.
Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov da mərasimdəki çıxışında bu məktəbin əsaslı təmirini hərtərəfli dəstəkləmiş Fondun prezidenti Mehriban Əliyevaya şəxsən dərin təşəkkürünü bildirmişdir. Qubernator demişdir: "Fondun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsində iştirak etməsi təkcə iqtisadi sahədə deyil, həm də sosial sahədə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və möhkəmlənməsinə əyani misaldır. Bu, millətlərarası əməkdaşlıqda mühüm addımdır. Məktəbdə tarix və mədəniyyət muzeyi yaradılması sayəsində şagirdlər dost ölkə ilə, onun çoxşaxəli mədəniyyəti və zəngin tarixi ilə tanış ola biləcəklər. Bizim uşaqların təhsilinə və tərbiyəsinə Heydər Əliyev Fondunun töhfəsi sonrakı nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Əminəm ki, gələcəkdə bizim tərəfdaşlığımız yalnız möhkəmlənəcək və inkişaf edəcək, Azərbaycan Respublikasının və Ulyanovsk vilayətinin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi ənənələri isə yeni layihələr hesabına genişlənəcəkdir". O xüsusi vurğulamışdır ki, Ulyanovsk MDB məkanında Azərbaycanın ümummilli lideri, Ulyanovskun böyük dostu Heydər Əliyevə abidə ucaldılmış ilk şəhər olmuşdur və bu abidə bizim diyara daim qayğı göstərmiş insanın əziz xatirəsinə ehtiram əlamətidir.
Sonra S.Morozov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın layiq görüldüyü Fəxri Fərmanı Fondun icraçı direktoru Anar Ələkbərova təqdim etmişdir. Fondun prezidenti Mehriban Əliyeva həmin Fərmana Ulyanovsk vilayətinin ərazisində Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin və milli ənənələrin qorunub saxlanmasına və inkişafına, xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə layiq görülmüşdür.
Mərasimdə Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu çıxış etmişdir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Fondun çoxşaxəli fəaliyyəti və onun humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı söhbət açmışdır. Diplomat Ulyanovskdakı məktəbin yenidən qurulması layihəsinin həyata keçirilməsinə Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın töhfəsini də xüsusi vurğulamışdır. O, tədbir iştirakçılarına Azərbaycan ilə Ulyanovsk vilayəti arasında hələ keçmiş sovet ittifaqı dövründə yaranmış ənənəvi əlaqələri xatırlatmışdır. Səfir demişdir: "Bugünkü tədbir dostluq və əməkdaşlığın, qarşılıqlı böyük hörmətin parlaq nümunəsidir".
Rusiya Federasiyası Dövlət Dumasının Təhsil Komitəsinin sədri Gennadi Balıkin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihəni yüksək qiymətləndirmiş və bildirmişdir ki, bu layihə Ulyanovsk vilayətinin təhsil sistemi, Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin inkişaf etməsi və möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Rusiyalı deputat Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirmiş və layihənin həyata keçirilməsində iştirak edənlərin hamısına təşəkkür etmişdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına xoş arzularını çatdırmışdır. A.Ələkbərov bildirmişdir ki, məktəbin təmiri prosesində Fondun nümayəndələri dəfələrlə Ulyanovska gəlmiş, bu şəhər onlar üçün doğma və yaxın olmuşdur. Fondun icraçı direktoru demişdir: "Burada Azərbaycanın iki görkəmli xadiminə - ümummilli lider Heydər Əliyevə və Nəriman Nərimanova abidə ucaldılmışdır. Heydər Əliyevin abidəsinin açılışında Rusiya və Azərbaycan prezidentləri iştirak etmişlər".
Heydər Əliyev Fondunun məqsədləri və vəzifələri, onun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verən A.Ələkbərov demişdir: "Təsadüfi deyildir ki, Fondun nümayəndəliklərindən biri Rusiya Federasiyasında yaradılmışdır və həmin nümayəndəliyə Azərbaycan xalqının ümummilli liderinin nəvəsi Leyla Əliyeva rəhbərlik edir. O da genişmiqyaslı aksiyalar və humanitar yönümlü layihələr həyata keçirir". Onun sözlərinə görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə 100 mindən artıq şagird yeri olan 330-dan çox məktəb binası tikilmiş və təmir edilmişdir.
O demişdir: "Bu gün biz yerli hakimiyyət orqanlarının dəstəyi və köməyi ilə həyata keçirilmiş layihəmizi böyük məmnuniyyətlə Ulyanovska hədiyyə edirik. Xüsusilə xoşdur ki, məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi yaradılmışdır. Burada ölkəmizin zəngin mədəni irsi və tarixi ilə tanış olmaq mümkündür. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə birinci sinif şagirdlərinə çantalar və bütün zəruri məktəb ləvazimatları, eləcə də Azərbaycanda istehsal olunmuş, internetə naqilsiz qoşulan və zərbəyə davamlı 20 ədəd noutbuk hədiyyə edilmişdir. Bizim bundan sonra görəcəyimiz bütün işlər dostluğumuzun möhkəmləndirilməsinə xidmət edəcəkdir. Fond hamının, xüsusən 78 nömrəli məktəbin bizim üçün əziz müəllimlərinin və şagirdlərinin üzünə açıqdır".
Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Azərbaycan tarixi və mədəniyyəti muzeyi ilə tanış olmuşlar. Burada Azərbaycan milli çalğı alətləri, xalçalar, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yüksək keyfiyyətli çap məhsulları nümayiş etdirilir. Muzeydəki fotosərgidə Rusiya-Azərbaycan münasibətlərinin tarixinə aid ən mühüm hadisələr, Ulyanovsk vilayətinin inkişafına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük töhfələri əks etdirilir.
Qeyd etmək lazımdır ki, məktəblilər və onların valideynləri ən müasir standartlara cavab verən bu məktəbin simasının tamamilə dəyişməsinə görə yaxşı mənada heyrətlənmişdilər. Valideynlər və şagirdlər görülmüş işə heyran olduqlarını gizlətməyib təşəkkürlərini bildirmişlər. Məktəbin yenidən qurulması gedişində onun dam örtüyü tamamilə təzələnmiş, binanın fasadı təmir edilmiş, plastik materialdan hazırlanmış pəncərələr və yeni işıqlandırma sistemi quraşdırılmış, yaxınlıqdakı ərazidə abadlıq işləri aparılmışdır. Layihənin ümumi dəyəri 25 milyon rubla bərabərdir. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına zənginləşmişdir.
Lakin Heydər Əliyev Fondunun bu məktəbə ən böyük hədiyyəsi onun 3 sinfinin Azərbaycanda həyata keçirilən "1:1 gələcək üçün təhsil" layihəsi çərçivəsində istehsal edilmiş 20 ədəd "NEXUS" noutbuku ilə təchiz edilməsidir.
Sonra şagirdlər təntənəli sıra xəttinə düzülmüş, iki xalqın dostluğu haqqında şeirlər oxumuşlar. Mərasimin sonunda xeyirxahlıq əlaməti kimi ağ göyərçinlər havaya buraxılmışdır.
Tədbir başa çatandan sonra brifinq keçirilmiş, Ulyanovsk vilayətinin qubernatoru S.Morozov, səfir P.Bülbüloğlu və Fondun icraçı direktoru A.Ələkbərov çıxış etmişlər. Anar Ələkbərov jurnalistlərin suallarına cavab verərək Ulyanovsk vilayəti ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir. O qeyd etmişdir ki, təhsil və digər humanitar sahələrdə birgə həyata keçirilməsi mümkün olan müxtəlif layihələr hələ çoxdur. İcraçı direktor ulyanovsklu mütəxəssisləri Fondun təhsil layihələrində iştirak etməyə çağırmışdır.
{nl}
Asya HACIZADƏ AzərTAc -ın xüsusi müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.