“Məzun – 2014” adlı V buraxılış mərasimində Azərbaycanın Dövlət himni oxunduqdan sonra ATİ-nin rektoru, tarix elmləri doktoru, professor C. Cəfərov tədbiri açaraq çıxış etdi. O, bu gün turizm sahəsində icra olunan əsas layihələrin böyük əksəriyyətinin ümummilli liderin hələ sovet dövründə təsdiq etdiyi Xəzərin qərb sahillərində turizmin uzunmüddətli inkişaf strategiyasına daxil olduğunu bildirdi.
Rektor dedi: “Hər zaman olduğu kimi, bu gün bu dahi şəxsiyyəti böyük ehtiram hissi ilə anırıq. Ulu öndər Heydər Əliyevin qeyri-neft sektorun rolunun ölkə iqtisadiyyatında artırılması strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, turizm sektorunda da uğurla inkişaf etdirilir. Turizmə olan diqqət və qayğı qəbul edilmiş qərarlarda, dövlət inkişaf proqramlarında, son illərdə bu sahədə görülmüş konkret işlərdə öz əksini tapmışdır. Nəticələr də özünü göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləmişdir. Bu qərarın, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu vardır”.
Turizm İnstitutunun 8 illik fəaliyyəti dövründə əldə edilən uğurlardan, həyata keçirilən beynəlxalq səviyyəli layihələrdən, məzunların ən yaxşı otellerdə məharətlə çalışmalarından söz açan C.Cəfərov bildirdi ki, başlıca məqsədi dünyanın nüfuzlu ali təhsil ocaqları sırasında qərarlaşmaq olan ATİ daim qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çox vacib yenilikləri həyata keçirmiş, Azərbaycandakı dövlət ali məktəbləri arasında ilk dəfə olaraq 2008-2016-cı illəri əhatə edən strateji plan qəbul etmiş, Avropa Kredit Transfer Sistemini ölkəmizdə bütünlüklə tətbiq edən ilk dövlət ali təhsil müəssisəsi olmuş, 2006-cı ildən etibarən tətbiq edilən kreditli tədris sistemi, tədris proqramından geri qalan tələbələrin növbəti ildə digər tələbələrlə paralel oxuya və ya təhsil müddətini daha tez başa vura bilmələri üçün yay təhsil proqramları, keyfiyyətli idarəetmə sisteminin tətbiqi kimi yeniliklərə imza atmışdır.
Rektor çıxışının sonunda üzünü məzunlara və onların toplantıda iştirak edən valideynlərinə tutaraq nitqinə bu sözlərlə yekun vurdu: “Bu gün məzun gecəsinə toplaşmağımızın səbəbi məhz sizlərsiniz. Kollektivimiz ATİ məzunlarının işlədiyi müəssisələrdən həmişə xoş soraqlar eşidir. Bu, bizi sevindirir. Sizlərə də ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirik! Biz bu gün dünənlə yaşamırıq. Bu günümüz isə sabahdan tarix olacaq. Gəlin bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə edək. O zaman cəmiyyətə daha savadlı, yararlı vətəndaş ola bilərik. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz hər zaman istək və məqsədlərinizə açıq olsun!”
Beşinci buraxılış məzun törənində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxış və tövsiyyəsi məzunlar tərəfindən alqışlara səbəb oldu. 2013 – 2014-cü tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, institutu Avstriyanın İMC Krems Universiteti ilə ATİ- nin birgə icra etdiyi beynəlxalq proqram üzrə bitirən məzunlara diplomlar təqdim olundu.
Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Vernerin təbrik-nitqindən sonra 2013-2014-cü tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər təqdim edildi. Məzun törənində mədəniyyət və turizm nazirinin müavinləri Vaqif Əliyev, Sevda Məmmədəliyeva və Nazim Səmədov, digər ali məktəblərin rektorları, diplomatlar, millət vəkilləri, nüfuzlu otel və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər.
Beşinci məzun buraxılışı üçün düzənlənən geniş konsert proqramında iştirakçılara rəngarəng musiqi nömrələri təqdim edildi.
Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.