Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ictimai həyatının bütün istiqamətlərində olduğu kimi, təhsil sahəsində də ümummilli liderimizin siyasi kursunu qətiyyət və uğurla davam etdirir.
Təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, təhsil müəssisələrinin maddi bazasının və texniki təchizatının gücləndirilməsi, təhsil sistemində idarəçilik prinsiplərinin müasirləşdirilməsi, dərslik və tədris vəsaitlərinin günün tələblərinə uyğun yenidən hazırlanması istiqamətində şox böyük işlər görülür. Mən 60 ildən artıq təhsil sahəsində işləmiş, siravi müəllimlikdən rayon təhsil şöbəsinin rəhbəri vəzifəsinədək bütün mərhələləri keçmiş bir insan kimi qətiyyətlə deyə bilərəm ki, ötən onilliklərin heç bir mərhələsində təhsil sisteminə indiki qədər böyük diqqət və qayğı göstərilməmişdir.
Hazırki dövrdə görülən işlərin dəyəri və əhəmiyyəti bir də ondadır ki, indi aparılan təhsil islahatları Vətənimizin tarixi inkişafının çox mühüm və mürəkkəb bir dövrünə təsadüf edir. İndiki təhsil siyasəti, sadəcə olaraq, keçmiş uğurların davam etdirilməsi deyil, yeni ictimai quruluşa qədəm qoymuş müstəqil Azərbaycanda dövlət quruculuğunun vacib tərkib hissəsi, suveren dövlətimizin gələcək uğurlarını təmin edəcək əsas amillərdən biridir. Buna görə də indi təhsil sahəsində görülən işlər və qazanılan nailiyyətlər təkcə bir sahənin uğuru kimi yox, ümumiyyətlə, milli tərəqqimizin mühüm bir göstəricisi kimi qiymətləndirilməlidir. Bu uğurların qazanılmasında dövlət başçımızın şəxsi qayğısı, müvafiq dövlət strukturlarının məqsədyönlü işi ilə yanaşı, ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ardıcıl fəaliyyətini də ayrıca qeyd etmək lazımdır. Xüsusən yeni məktəb tikintisi və məktəblərin müasir tədris avadanlığı ilə təchiz olunması istiqamətində ulu öndərin adını daşıyan bu fondun xidmətləri, həqiqətən, misilsizdir. Məhz bunun sayəsində respublikamızda məktəb tikintisi tarixdə heç zaman görünməmiş bir vüsət almışdır.
Son bir neçə ildə təhsil sahəsində həyata keçirilən konkret tədbirlərin və qazanılan nailiyyətlərin köklərini araşdırarkən yeni təhsil naziri cənab Mikayıl Cabbarovun işini qeyd etməmək insafsızlıq olardı. Təhsil sahəsində rəhbərlik etdiyi qısa müddət ərzində o, orta və ali məktəb şəbəkəsinin modernləşdirilməsi, yeni təhsil standartlarının tətbiqi, kadrların seçilməsi və yerləşdirilməsi, təhsil müəssisələrinin idarə edilməsi, bir sıra neqativ cəhətlərin aradan qaldırılması istiqamətlərində, həqiqətən, ciddi uğurlara nail olmuşdur.
Görülən bütün bu işlər artıq öz bəhrəsini verməkdədir. Təhsilin konkret göstəriciləri ilə yanaşı, mən ilk növbədə pedaqoji ictimaiyyətin əhval-ruhiyyəsində, müəllimlərin işə münasibətində müsbətə doğru baş verməkdə olan dəyişiklikləri qeyd etmək istərdim. Artıq pedaqoji kadrlarımızın böyük əksəriyyəti müəllim peşəsinin şərəfi ilə yanaşı, ölkəmizin gələcəyi üçün məsuliyyətini də yaxşı başa düşür, müasir dünyanın tələbləri ilə ayaqlaşan, savadlı, yüksək mənəviyyatlı, vətənpərvər gəncliyin tərbiyə olunmasının Vətənimizin gələcəyi üçün ən vacib amil olduğunu gözəl anlayırlar.
Buna görə də təhsil quruculuğu sahəsində aparılan işlərin uğurla davam etdirilməsi üçün ölkəmizin bütün ictimaiyyətinin bu sahəyə, təhsil işçilərinə əməli, təsirli kömək göstərməsi, qarşıya çıxan problemlərin həllində onlara yardımçı olması çox vacibdir. Mövcud vəziyyətlə tanışlıq, o cümlədən TQDK-nın açıqlamaları qarşıda hələ çox iş olduğunu göstərir. Ölkəmizin gələcəyi üçün həyati əhəmiyyət daşıyan təhsil sisteminin müasir dövrün tələblərinə cavab verən bir hala gətirmək üçün hamımız—bir millət və cəmiyyət olaraq əl-ələ verərək birlikdə çalışmalıyıq.
Müşahidə etdiyim bəzi problemlərin aradan qaldırılması üçün mən də qocaman bir təhsil işçisi kimi öz təkliflərimi vermək istərdim:
— Dərs ilinin sentyabrın 15-dən başlanması haqqında qərar heç bir məntiqə sığmır. Digər tərəfdən, Təhsil Nazirliyi dərs ilinin azı iki həftə uzadılmasına ehtiyac duyulduğunu vurğulayır. Buna görə də, zənnimcə, dərs ilinin, başlanğıcını dünyanın əksər ölkələrində olduğu kimi, sentyabrın 1-nə qaytarmaq lazımdır.
— Təhsildə yüksək nəticələrə nail olmağın bir amili də müəllim əməyinin düzgün stimullaşdırılmasıdır. Mənə elə gəlir ki, ölkəmizin mövcud iqtisadi durumu müəllimlərin və bütün pedaqoji işçilərin əmək haqqının hissolunacaq qədər (azı 2-2,5 dəfə) artırılmasına imkan verir.
— Təhsilin məzmunu bütün parametrlər üzrə (tədris planları, proqramlar, dərsliklər, metodiki vasitələr və s.) qəbul olunmuş yeni dövlət standartlarına uyğunlaşdırılmalıdır.
— Təhsil sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin ölkə ictimaiyyətinə çatdırılması üçün kütləvi informasiya vasitələrinin imkanlarından daha səmərəli istifadə olunmalıdır.
— Bakı şəhərində ləğv olunmuş rayon təhsil şöbələrinin bərpasına, ya da heç olmasa, bunların əvəzinə 5-6 regional şöbənin yaradılmasına ehtiyac duyulur.
— Pedaqoji kadrların yenidən hazırlanması sahəsində fəaliyyət göstərən müəssisələrin işi ciddi şəkildə tənzimlənməlidir.
— Təhsil müəssisələrinin tədris funksiyası ilə yanaşı, gənclərimizin intellektual, mənəvi, o cümlədən vətənpərvərlik tərbiyəsi istiqamətində işi yaxşılaşdırılmalıdır.
Sözümün sonunda üzümü pedaqoq həmkarlarıma tutaraq demək istəyirəm: Elə işləmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirə bilək.
Bilal HÜSEYNOV,
Azərbaycanın qabaqcıl maarif işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.