Burda, bu bağçada hər oğlan, hər qız
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq,
Hər biri bir igid, bir ər olacaq.
Xalq şairimiz Səməd Vurğunun hələ 1941-ci ildə qələmə aldığı “Bağça” şeirindən gətirdiyimiz bu misralar nəinki öz aktuallığını itirməyib, əksinə, günümüzlə daha həmahəng səslənir. Böyük filosof və alim Nəsirəddin Tusi özünün “Əxlaqi nasiri” əsərində uşağı valideynin bağçasında ağaca bənzədir və inanır ki, valideyn övladı necə yetişdirərsə, o cür də bar verər. O, uşaqların tərbiyəsi ilə yanaşı, həm də onların elmə, yaxud peşəyə yiyələnməsini, habelə ünsiyyət bacarıqlarının inkişafını da təmin etməyi valideynin əsas vəzifəsi hesab edir.
Amma keçən əsrin əvvəllərindən başlayaraq, valideynlərin bu funksiyalarını məktəbəqədər müəssisələr yerinə yetirməyə başlayıb və təbii ki, olduqca məsuliyyətli bir işin hesabatı da onlardan soruşulur.
Respublikamızda məktəbəqədər yaşlı uşaqların yalnız 14,8 faizi belə müəssisələrə cəlb olunub. Deməli, böyük əksəriyyət davamlı və ardıcıl təhsil imkanından kənarda qalır. Araşdırmalardan aydın olur ki, bağçaya getmiş uşaqlar ibtidai təhsilin sonunda uşaq bağçasına getməmiş uşaqlardan daha yüksək nəticə göstərir.
Məktəbəqədər müəssisələrə lazımi qədər uşağın cəlb olunmamasının müxtəlif səbəbləri var. Ən başlıcası, uşaq bağçaları və körpələr evlərinin çatışmaması ilə əlaqədardır. Məsələn, Tovuz rayonunda 100-dən çox yaşayış məntəqəsi olduğu halda, onun yalnız 26-da məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu baxımdan Şəmkir rayonunda vəziyyət bir qədər fərqlidir. Buradakı 66 yaşayış məntəqəsinin 35-də uşaq bağçası var ki, bu da rayon üzrə ümumi uşaqların 22,4 faizini, kəndlər üzrə isə 14,9 faizini əhatə edir.
Qəribədir ki, bir sıra kəndlərdə 2-3 bağça fəaliyyət göstərdiyi halda, əhalisinin sayı az qala elə həmin kənd qədər olan digər yaşayış sahəsində bir dənə də olsun məktəbəqədər təhsil müəssisəsi yoxdur. Adları çəkilən rayonlarda belə kəndlər az deyil.
Rayonlarda xüsusi layihə əsasında fəaliyyət göstərən birtipli məktəbəqədər uşaq müəssisələrini barmaqla saymaq olar. Onlar, demək olar ki, sovetlər dönəmində inşa olunmuş binalardır. Samuxda 16 uşaq bağçasından yalnız 4-ü birtipli layihə əsasında inşa olunmuşdur. Şəmkirdə fəaliyyət göstərən 53 məktəbəqədər təhsil müəssisəsindən yalnız 7-si birtipli layihə üzrə tikilmiş binalarda, qalanları isə uyğunlaşdırılmış obyektlərdə yerləşir. Tovuzda isə 40 bu cür müəssisədən 30-u uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.
Mövcud uşaq bağçaları binalarının əksəriyyəti artıq, necə deyərlər, öz ömrünü başa vurmuşdur. Belə bağçaların təmir olunmağındansa, yerində yenisinin tikilməsi daha məqsədəuyğundur. Şəmkirdə, Tovuzda, Samuxda bu cür binalar onlarcadır.
Başqa mühüm problemlərdən biri uşaq bağçalarında qaz xəttinin olmaması ilə bağlıdır. Odun sobaları, elektrik plitələri ilə qızdırılan və ya yemək hazırlanan uşaq bağçaları, əslində, təhlükə mənbəyidir. Şəmkirin bir dənə də məktəbəqədər təhsil müəssisəsi yoxdur ki, oraya qaz xətti çəkilmiş olsun. Hətta rayon icra hakimiyyətinin tapşırığı ilə Kür qəsəbəsində, Könüllü, Plankənd kəndlərində məktəbəqədər təhsil müəssisələri üçün əlavə yeməkxana otaqları tikildiyi halda, onlara qaz xətti çəkilməmişdir. Dəqiq desək, körpələrin təhlükəsizliyi əsas gətirilərək sadəcə icazə verilməmişdir. Bütün bunlar aydındır, amma vəziyyətdən çıxış yolu deyil. Əlaqədar nazirlik və digər təşkilatlar konkret təkliflər irəli sürməli, tədbir görməlidirlər. Nə vaxta qədər uşaq məktəbəqədər müəssisələri belə primitiv üsullarla qızdırılacaq?
Tovuzda elə uşaq bağçaları var ki, “kombi” sistemi quraşdırılıb və heç bir problemlə qarşılaşmırlar. “Qərənfil” uşaq bağçası – körpələr evində olduq. Hara baxırsan səliqə-sahmanlıdır. Müdir Sevda Səfərova qeyd etdi ki, rayon rəhbərliyi bağçamızın yüksək səviyyədə təmir olunmasına, istilik sistemi çəkilməsinə çox kömək göstərib... S.Səfərova daha sonra dedi ki, rayonda öz körpəsini bizim bağçaya qoymaq istəyən valideynlər çoxdur. Lakin hamının istəyini yerinə yetirməyə gücümüz çatmır. Çünki yer yoxdur.
Maddi-texniki bazanın güclü olması uşaqların böyük əksəriyyətinin məktəbəqədər müəssisələrə cəlbolunma faizini əməlli-başlı yüksəldəcəkdir. Bu baxımdan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin söylədikləri yaxın vaxtlarda daha nikbin rəqəmlər göstərməyə imkan verir. Rayon rəhbəri qeyd etdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rayonda yeni, müasir məktəbəqədər uşaq bağçalarının tikilib istifadəyə verilməsinə başlanılmışdır. Kolayır, Qarayeri və digər kəndlərdə belə bağçalar inşa olunmuşdur. Müvafiq Dövlət Proqramı çərçivəsində 2018-ci ilə kimi Samuxda 23 yeni uşaq bağçasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Deməli, Samuxda məktəbəqədər müəssisəsi olmayan kənd və qəsəbə qalmayacaq.
Şəmkirdə də vəziyyət tədricən düzələcək. Təkcə 2014-cü ildə 4 yeni bağçanın tikilməsi, birinin isə əsaslı təmir edilməsi nəzərdə tutulur.
Məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi bu gün qarşıda duran ən başlıca vəzifələrdən biridir. Məlum olduğu kimi, bu ilin fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun yeni layihəsinin – məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilmişdir. Proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidən qurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Bu layihənin köməyi ilə məktəbəqədər təhsil infrastrukturunun müasirləşdirilməsinə, məktəbəqədər təhsilin səviyyəsinin yüksəlməsinə, mövcud problemlərin tam aradan qaldırılmasına nail olacağına inanırıq.
“Uşaqlara gərək öz balan kimi baxasan”
Taciman xanımın təqaüd yaşı çatır. Amma mən inanmıram ki, ömrünün 40 ildən çoxunu sevimli peşəsinə həsr edən bu qadın uşaqlardan ayrıla bilsin. Çünki o, körpələrlə nəfəs alır, onlarla şənlənir, nənə nəvazişi göstərir. Onunla qısa tanışlıqdan sonra başa düşdüm ki, Şəmkir Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Nizami Abbasov təkidlə məni Düyərlidəki bu kənd bağçasına niyə dəvət edirdi. Düzü, heyran qaldım. İnsan nə qədər bağçaya, körpələrə bağlı olar, işinə sədaqətlə, məsuliyyətlə yanaşar?! Bir daha əmin oldum ki, bəzən yeri gəldi-gəlmədi binanın köhnəliyini, maddi-texniki bazanın zəifliyini bəhanə gətirib məsuliyyəti öz üzərindən atmağa çalışan bağça rəhbərlərinə bəraət qazandırmaq olmaz. Bu bağça da köhnədir, uyğunlaşdırılmış binada yerləşir. Di gəl ki, səliqə-sahman, gül-çiçək, körpələrə münasibət, işə yanaşma tamam başqadır. Uşaqların yataq otaqlarına baxırıq. Divarların, mebellərin rəngləri, hətta döşəkağları həmahəngdir. Uzun dəhlizi gül-çiçəklər bəzəyir. Uşaqlar üçün kiçik tarix muzeyi də yaradılıb. Burada cəhrədən tutmuş, müxtəlif qədim saxsı qablara kimi var.
Taciman xanım həyətdə atılıb-düşən uşaqları göstərib: – Onlara gərək öz balan kimi baxasan, – deyir. Gərək bunu bir an belə yaddan çıxarmayasan. Vaxtilə bura özləri körpə uşaq kimi daxil olanlar indi nəvələrini gətirirlər. Bilirsiniz nə qədər sevinirəm? Həm də kövrəlirəm.
Ayrılanda o, bir söz də dedi. Dedi ki, dünən imkanlı valideynlərdən biri bizə təzə əyləncə vasitələri gətirəcəyinə söz verdi. İnanırsınız, bu gecə sevincimdən yata bilməmişəm.
Bax, fədailik budur! Sevdiyin peşəyə, uşaqlara doğma münasibət budur. Təsadüfi deyildir ki, T.Heydərovanın təcrübəsi daim öyrənilir və bu bağça qərb bölgəsində istinad müəssisəsi olmaqla, rayonun bütün məktəbəqədər təhsil müəssisələri üçün metodik mərkəzə çevrilmişdir...
Məktəbəqədər müəssisələrdə kadrlar heç də maddi-texniki bazadan az əhəmiyyət kəsb etmir. Əksinə, uşaq bağçaları üçün ixtisaslı kadrların hazırlanması daim prioritet bir məsələ olub və bu gün xüsusi əhəmiyyət kəsb edir.
Samux rayonundakı Çobanabdallı kənd uşaq bağçasının müdiri Nuranə Həsənova bizi əlləri, hətta üz-gözü də rəngli boyaya bulaşmış şəkildə qarşıladı. Bir qədər çəkinə-çəkinə: - Bağışlayın, – dedi. Əlavə etdi ki, hər işi yuxarılardan xahiş etmək, daim problem yaratmaq olmaz axı. Əlimdən gəlir, özüm görürəm. Burda nə var ki? Tədbirə hazırlaşırıq, “Dünyamızı təmiz saxlayaq” adlı ekoloji tədbir keçirəcəyik. Məqsədimiz ətraf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmaqdır. Xüsusilə boş plastik qabları, sallofan torbaları, karton-kağız parçalarını və digər tullantıları ətrafa səpələyənlərə xəbərdarlıq edirik, onları səliqə-sahmana əməl etməyə çağırırıq. Uşaqlarımız isə bu tullantılardan ən müxtəlif əşyalar düzəldiblər. Onların əl işlərini nümayiş etdirəcəyik. Bütün valideynləri dəvət etmişik. Nuranə xanım danışdıqca hiss olunur ki, onun da seçdiyi peşəyə böyük məhəbbəti var. Bağçanın elə divarı, tavanı yoxdur ki, oraya müxtəlif rəsmlər çəkilməsin, “zəif” yerləri rəngli boya ilə ört-basdır edilməsin.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayevlə birlikdə baxdığımız digər uşaq bağçalarında da işinə məsuliyyətlə yanaşan kadrlarla rastlaşdıq. Rayon mərkəzindəki 1 saylı uşaq bağçasının müdiri Ağca Həsənqızı, 4 saylı uşaq bağçasının müdiri Məhsəti Xəlilova və başqalarını öz peşəsinin vurğunları adlandırmaq olar. Yeri gəlmişkən, qeyd edək ki, Samux Rayon İcra Hakimiyyəti ötən ilin yayında bağçalarda vəziyyəti dərindən öyrənmiş, nəticədə bir neçə bağça müdiri, digər məsul şəxslər işdən azad olunmuşlar.
İcra hakimiyyətləri qayğını artırır
Artıq iki ildən çoxdur ki, məktəbəqədər təhsil müəssisələri birbaşa icra hakimiyyətlərinin tabeliyinə keçib. Azərbaycan Respublikası Prezidentinin bununla bağlı 27 dekabr 2011-ci ildə imzaladığı sərəncamda deyilir ki, körpələr evlərinin, körpələr evi – uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb icra hakimiyyətlərinə verilisin. Əslində, çox düzgün bir qərardır. Çünki icra hakimiyyətləri bu müəssisələrə daha çox fayda verərlər, nəinki təhsil şöbələri. Elə söhbət etdiyimiz mütəxəssislər də dediklərimizi təsdiq etdilər...
Tovuz, Şəmkir, Samux rayon icra hakimiyyətlərində də məktəbəqədər müəssisələrin işi ilə daha yaxından məşğul olduqlarını, konkret kömək göstərdiklərini bildirdilər.
Bəli, istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də ərzaq təminatı, kadrların seçilib yerləşdirilməsi baxımından müsbət irəliləyişlər göz önündədir. Nəzarət hər gün, hər saat var. Ona görə də son vaxtlar uşaq bağçalarına maraq nəzərəçarpacaq dərəcədə artıb.
Tovuzda, Şəmkirdə uşaq bağçalarındakı vəziyyət bir neçə dəfə müzakirə olunub. Özü də onlar formal xarakter daşımayıb, konkret tədbirlər görülüb. Uşaq bağçaları ilə iş sahəsində qazanılan təcrübələr də var. Sadəcə, onların yayılması, təbliğ olunması işi zəifdir. Məsələn, Samux Rayon İcra Hakimiyyəti xüsusi nəzarət mexanizmi işləyib hazırlayıb. Qəfil yoxlamalar, ciddi tədbirlər səmərə verir. Amma ayrı-ayrı rayonlarda uşaq bağçalarının müsabiqələri, yarışları keçirilmir, qabaqcıl təcrübə öyrənilmir.
Uşaq bağçaları daim dövlətin qayğısı ilə əhatə olunub. Onlara müvafiq kömək göstərilir, hətta güzəştlər edilir. Məsələn, bu yaxınlarda həmin müəssisələrə müddətli vergi güzəştləri verilməsi haqqında qanun qəbul olunub. Yəni, yanvarın 1-dən 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar.
Doğrudur, adlarını çəkdiyimiz rayonlarda bir-ikisini çıxmaq şərti ilə özəl uşaq bağçaları, demək olar ki, yox vəziyyətindədir. Amma bu qanunun tətbiqi ilə sahibkarların fəaliyyətinin həmin sahəyə yönələcəyinə şübhə yoxdur.
...Bir yazıda uşaq bağçalarının bütün problemlərini qeyd etmık mümkün deyil. Amma ümid verən budur ki, həmin problemlər tədricən həll olunur.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.