Regionlarda uşaqların təhsilə cəlb edilməsi məqsədilə yeni məktəb modelləri yaradılacaqdır

İyunun 19-da Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşlar ilə UNİCEF arasında Azərbaycanda təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərə dair anlaşma memorandumu, eləcə də Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi  və UNİCEF arasında Fəaliyyət Planı imzalanmışdır.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell AÇG, BTC, “Şahdəniz” və CQBK layihələrindəki tərəfdaşlarının ölkəmizdə təhsilin inkişafına verdikləri dəstəkdən məmnun olduqlarını bildirmişdir.

Qordon Birrell demişdir: “Biz uşaqlara, gənclərə və təhsilə sərmayə yatırmaqla ölkənin gələcəyinə sərmayə qoyduğumuza inanırıq. Ötən həftə innovativ ”Oyunlar Akademiyası" layihəsinə sponsorluq edəcəyimizi elan etdik. Bu təşəbbüsün yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi potensialına töhfə verməsi üçün çox gözəl bir imkan olacağı gözlənilir. Bu təşəbbüs gələn il Bakıda keçiriləcək və bizim də rəsmi tərəfdaşı olduğumuz Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Biz Azərbaycana bu böyük beynəlxalq səviyyəli tədbirdə dəstək olmaqdan qürur duyuruq".

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd etmişdir ki, uğurlu idarəçilik və inkişaf edən cəmiyyət səmərəli təhsil sisteminin bəhrəsidir. UNİCEF uşaqların xoşbəxt gələcəyi naminə üzərinə düşən işləri yerinə yetirməkdən məmnundur. “Bu mənada bu gün imzalanacaq sənədlər də bizim öhdəliyimizi bir daha təsdiq edir. Biz Azərbaycanda həyata keçiriləcək bu layihəni dəstəkləyirik və onun səmərəli olacağına əminik” - deyə Mark Herevard vurğulamışdır.

Sonra çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışmış, fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs etmişdir. Nazir bildirmişdir ki, imzalanacaq saziş bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva edir. Layihə təhsil sahəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və bp arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaqdır.

Təhsil naziri Mikayıl Cabbarov isə mövcud problemlərin həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışaraq, erkən yaş dövründə uşaqların inkişafı, fəal müəllim siyasətinin həyata keçirilməsi, fəlakət riskinin azaldılması sahəsində tətbiq olunan layihələrin bu sahənin inkişafına təkan olduğunu diqqətə çatdırmışdır.

Sonra sənədlər imzalanmışdır.

“Təhsil sahəsində tərəfdaşlar” adlı layihədə ölkədə yeni təhsil modellərinin yaradılmasına Yönəlmiş layihələrin hazırlanmasına və həyata keçirilməsinə dəstək verilməsi nəzərdə tutulur. Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir. Üçillik layihə xüsusən bp-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını nəzərdə tutur.

Layihənin dörd komponentdən ibarət olacağı planlaşdırılır. Buraya ailə təhsil mərkəzləri, hər kəs üçün bərabər təhsil imkanı, təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariya komponentləri daxildir.

Yekunda təhsil sistemini təkmilləşdirərək nəticələri yüksəldən və keyfiyyəti artıran nümunəvi modellərin yaradılacağı nəzərdə tutulur.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında