Azərbaycan Dövlət İqtisad Universiteti yubileyinə hazırlaşır

Ölkəmizdə ali təhsilin inkişafına sanballı töhfələr vermiş  Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) gələn il 85 yaşı tamam olur. ADİU Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli  qərarı ilə  Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitutu kimi təsis edilmişdir.

Bu təhsil ocağı sonrakı dövrdə ağır tarixi yol keçmişdir, gah fəaliyyət göstərmiş, gah fasilə vermiş, gah da adı və profili dəyişmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin tarixinin ən yaddaqalan illəri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb – Azərbaycan Dövlət İqtisad Universiteti yaradılmışdır. Beləliklə, ADİU kiçik bir fakültədən hazırda Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilmişdir.

Universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafına daimi xidmət üçün səfərbər olunub.  ADİU ölkə  iqtisadiyyatı üçün ali təhsilli kadrların hazırlanmasında həlledici rol oynayır. Universitet məzunlarının ölkə iqtisadiyyatının inkişafı, dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində danılmaz rolu vardır.

ADİU mövcud olduğu bütün dövrlər ərzində öz elmi-pedaqoji potensialını qoruyub saxlamış, ölkəmizin ən nüfuzlu ali məktəblərindən birinə çevrilmişdir.

Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllim və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılmışdır. 

Universitetin mövcud elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Məhz bu elmi potensial hesabına dünyanın bir sıra tanınmış ali  təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olmuşdur. Bu sırada Fransanın I Monpelye Universiteti, Türkiyənin Mərmərə Universiteti, Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belarus Dövlət universitetləri, Bonn Universiteti və Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.

Bu gün Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından sayılan ADİU-da 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox, o cümlədən  dünyanın 14 ölkəsindən tələbə və magistr təhsil alır. Ali təhsil ocağında 120 professor, 600 dosent çalışır.

Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi var.

ADİU Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə universitetin Dərbənd filialı yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Bu gün Dərbənd filialında 5 ixtisas üzrə bakalavriat hazırlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Dərbənd filialı üçün yeni təhsil kompleksinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Son tamamlanma işləri başa çatmaqda olan və müasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılıb. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.

Qeyd etdiyimiz kimi, gələn il Azərbaycan Dövlət İqtisad Universitetinin 85 yaşı tamam olacaq. Universitetin professor – müəllim heyəti və çoxsaylı tələbələr ordusu bu əlamətdar yubileyi təhsildə və elmdə sanballı nailiyyətlərlə qarşılamaq əzmindədirlər.

 

Elnarə ÖMƏROVA

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında