Azərbaycan Respublikasında ali təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatının daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Bütün bunlar, heç şübhəsiz, tədris prosesinin yaxşılaşdırılmasına imkan yaradır.
Xatırladaq ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya edilməsi ilə əlaqədar olaraq bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin edilməsinə və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.
Ölkəmizin qocaman ali təhsil müəssisələrindən sayılan, məktəb və məktəbəqədər tərbiyə müəssisələri üçün pedaqoji kadrlarının hazırlanmasında müstəsna yeri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. ADPU-nun tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev bildirdi ki, hazırda universitetin əyani şöbəsində 24 ixtisas üzrə 6273 tələbə təhsil alır ki, onlardan da 90 nəfəri əcnəbi vətəndaşlardır. Bundan əlavə, universitetin qiyabi şöbəsində 9 ixtisas üzrə 1845 tələbə təhsil alır. Magistratura pilləsində isə əyani və qiyabi yolla təhsil alanların sayı 912 nəfər təşkil edir. Artıq 7 ildən artıqdır ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Həmin tələbələr bütün imtahanları test üsulu ilə verirlər. Onu da deyək ki, kredit sistemi artıq özünü tam doğrultmuş, imtahanların test üsulu və kompyuter vasitəsilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur. Bir neçə ildir ki, qiyabi şöbədə də imtahanların test üsulu ilə aparılmasına başlanmışdır. Hazırda yalnız qiyabi yolla təhsil alan beşinci kurs tələbələri üçün imtahanlar ənənəvi sistemlə aparılır. Bu zaman tələbə çəkdiyi biletə düşən sualları yazılı şəkildə cavablandırır. Tələbənin yazılı cavabı kodlaşdırılaraq məxfilik gözlənilməklə yoxlanılmaq üçün təqdim olunur. Həmin fənni tədris edən müəllim və ya müvafiq kafedra müdirinin iştirakı ilə tələbənin yazılı cavabı yoxlanılaraq qiymətləndirilir. Bir sözlə, son illər ADPU-da imtahanların keçirilməsində tətbiq olunan bütün yeniliklər tələbələr və onların valideynləri tərəfindən rəğbətlə qarşılanır. Göründüyü kimi, növbəti tədris ilindən etibarən Dövlət Pedaqoji Universitetində semestr və buraxılış imtahanlarının tamamilə test üsulu ilə aparılması təmin olunacaqdır.
Hazırda ölkəmizin bütün ali və orta ixtisas təhsili müəssisələrində növbəti sessiya imtahanlarının qızğın çağıdır. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 8 may 2014-cü il tarixli 558 nömrəli əmrinə əsasən, 2013-2014-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi üçün bütün ali məktəblərdə imtahan qərargahları yaradılmışdır. Xatırladaq ki, qərargahların yaradılmasında əsas məqsəd imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdən ibarətdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Təhsil nazirinin müvafiq əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun əmrinə əsasən, professor Edil Eyvazovun rəhbərliyi ilə universitetdə11 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır. Qərargahın tərkibində ADPU-nun əməkdaşları: professorlar Ramiz Əliyev, İramin İsayev, Əzizxan Tanrıverdiyev, eləcə də digər tanınmış və nüfuzlu alimlər fəaliyyət göstərirlər. İmtahan qərargahının üzvü, universitetin ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev dedi:—Qərargahın fəaliyyət dairəsinə semestr dövründə imtahanların təşkili və keçirilməsinə nəzarət etmək, imtahanların təşkili və imtahan prosesi zamanı yarana biləcək mümkün münaqişəli vəziyyətlərlə bağlı daxil olmuş müraciətləri vaxtında araşdırıb müvafiq qərarlar qəbul etmək, akademik borcların ləğvində, həmçinin imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək kimi mühüm məsələlər aiddir. Eyni zamanda, imtahandan aldığı qiymətlə razılaşmayan tələbələr isə fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin qərargaha müraciət edirlər. Qərargahın normal fəaliyyəti üçün ayrılmış iş otağına telefon xətti çəkilmiş, növbətçilik cədvəli yaradılmışdır. Qərargah üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara ünvanlanan müraciət və təkilflərlə bağlı müvafiq qeydlər aparırlar. Bütün bu məsələlər isə hər həftənin şənbə günündə müzakirə edilir və müvafiq qərarlar qəbul olunur. Bundan əlavə, universitetimizdə valideynlərlə əlaqələrin yaradılmasına da xüsusi diqqət yetirilir ki, bu da onlarda imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir. Yeri gəlmişkən, qərargah üzvləri tərəfindən hər hansı müraciətin araşdırılması və qəbul olunmuş qərar qarşı tərəfi qane etmədikdə və ya müraciətlər komissiya üzvlərinin səlahiyyətlərinə aid olmadıqda rektorluğa müraciət edilir və narazı tərəfin iştirakı ilə məsələyə baxılır.
ADPU-da tələbələrin biliyinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanları yeni üsulla, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilir. Bu məqsədlə universitetdə beş kompyuter imtahan zalı yaradılmışdır. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1500-1600 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarda xüsusi kameralar quraşdırılmışdır. İmtahan zalında yanaşı oturan müxtəlif fakültələrin tələbələri, həm də ayrı-ayrı ixtisaslar üzrə imtahan verirlər ki, bu da onların bir-birinə kömək etməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci mərtəbədə yerləşən kompyuter zallarında test üsulu ilə keçirilən imtahanların gedişi ilə tanış olduq. İmtahan-nəzarət qrupunun rəhbəri, dosent Nurəddin Uluxanlı dedi ki, hər bir tələbəyə imtahan verdiyi fənndən beş cavab variantından ibarət 25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi cəmlənərək yekun qiymət müəyyənləşdirilir və bu, dərhal kompyuterin ekranında öz əksini tapır.
Yeri gəlmişkən, 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından etibarən Dövlət Pedaqoji Universitetində imtahanların yeni bir metod tətbiq edilməklə iki mərhələdə keçirilməsinə başlanmışdır. Belə ki, universitetin elmi şurasının qərarına əsasən, “yaxşı” və “əla” qiymət almaq istəyən tələbələr elektron test üsulu ilə imtahan verdikdən sonra kompyuterin müvafiq düyməsini basmaqla elə həmin anda eyni fəndən yazılı imtahana buraxılmaq imkanı əldə edirlər. Xatırladaq ki, bu metodun tətbiq edilməsindən əsas məqsəd tələbələri əzbərçilikdən, şablonçuluğa, meyillilikdən uzaqlaşdırmaq, imtahanlara daha ciddi şəkildə hazırlaşmağa sövq etmək, eyni zamanda, onlarda fikirlərini yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdan ibarətdir. Onu da qeyd edək ki, əgər yazılı imtahanda tələbə yüksək bilik nümayiş etdirə bilmirsə, onda onun kompyuter vasitəsilə test suallarını cavablandırarkən aldığı yekun qiymət olduğu kimi saxlanılır.
Bəs, tələbələrin təkrar yazılı imtahanlara münasibəti necədir? Mələk Əhmədova universitetin pedaqoji və bədii qrafika fakültəsinin 1-ci kurs tələbəsidir. O, texnologiya müəllimliyi ixtisası üzrə təhsil alır. Deyir ki, imtahanların kompyuter vasitəsilə verilməsi tələbələr üçün olduqca əlverişlidir. Həm aralıq, həm də semestr imtahanlarını test üsulu ilə verən M. Əhmədova hesab edir ki, bu zaman tələbə semestr boyu aldığı biliyi, öyrəndiklərini daha sərbəst nümayiş etdirmək imkanı qazanır, heç bir kənar müdaxilə və təzyiqlə üzləşmir. Bugünkü imtahana gəldikdə isə, test suallarını cavablandırarkən əldə etdiyi nəticə onu qane etmədiyindən yazılı imtahan vermək imkanını itirdiyini söyləyir. Könül Quluzadə isə filologiya fakültəsinin ikinci kurs tələbəsidir. Semestr boyu yaxşı hazırlıq nümayiş etdirib, yaz sessiyası çərçivəsində indiyədək verdiyi üç imtahanın hamısından yüksək nəticə qazanıb. Bu gün isə “Müasir Azərbaycan dili” fənni üzrə ona verilmiş test suallarını yüksək səviyyədə cavablandırdığı üçün kompyuterin müvafiq düyməsini basmaqla yazılı imtahan verməyə hazırlaşırdı. O, eyni gündə bir fənndən həm test, həm də yazılı imtahan verməyin bir qədər çətin olduğunu söyləsə də, bu addımın son nəticədə yüksək hazırlıqlı tələbələrin aşkara çıxarılmasında, eyni zamanda, onlara öz hazırlıq səviyyəsini tam nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi. Söhbət etdiyimiz digər tələbələr də bu ikinci mərhələdə keçirilən yazılı imtahanların onların xeyrinə olan bir amil kimi dəyərləndirdilər. Onu da öyrəndik ki, humanitar ixtisaslar üzrə imtahan verən tələbələrdə bu prosesə maraq daha böyükdür.
Bu il universitetin ayrı-ayrı ixtisaslar üzrə əyani şöbəsini 1551, qiyabi şöbəsini isə 514 bakalvr bitirməyə hazırlaşır. Magistratura səviyyəsində təhsilini başa vurmağa hazırlaşanların sayı isə əyani və qiyabi üzrə müvafiq olaraq 183 və 130 nəfər təşkil edir. Artıq universitetdə yekun dövlət attestasiya imtahanlarına ciddi hazırlıq işləri görülür. Yeri gəlmişkən, hazırda universitet daxilində, eləcə də tədris auditoriyalarında və imtahan zallarında yaradılmış səliqə-sahman göz oxşayır. Bütün bunlar isə universitetdə inzibati-təsərrüfat işlərinin yüksək səviyyədə təşkil olunmasından xəbər verir...
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.