“ADA” Universitetində “Asiyaya doğru” layihəsinin təqdimatı olmuşdur

İyunun 19-da “ADA” Universitetində “Asiyaya doğru” adlı layihənin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirdə çıxış edərək universitetin diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə magistratura proqramı tələbələrinin tədqiqat layihəsi çərçivəsində Asiya regionunun biznes imkanlarını araşdırmaq üçün cari ilin martında Vyetnamda, Monqolustanda və Yaponiyada səfərdə olduqlarını bildirmişdir.

Rektor demişdir ki, layihənin məqsədi Azərbaycanın biznes maraqlarını önə çəkmək və müxtəlif ölkələrə iqtisadi çıxış imkanlarını araşdırmaqdır. Məhz buna görə də bu layihə Asiya qitəsində yerləşən, siyasi və iqtisadi cəhətdən sabit və daha perspektivli üç ölkəyə - Vyetnama, Monqolustana və Yaponiyaya həsr olunmuşdur. Həmin ölkələrin siyasi, iqtisadi, sosial və mədəni həyatları araşdırılmış, toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri hazırlanmışdır. Bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilmişdir.

Layihənin gələcəkdə digər ölkələrdə də davam etdiriləcəyini vurğulayan rektor Azərbaycanın biznes sahəsindəki uğurlarından danışmışdır.

Hafiz Paşayev layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Mitsubishi” şirkətinə təşəkkürünü bildirmişdir.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov “Asiyaya doğru” layihəsinin əhəmiyyətindən danışaraq onun yenilik olduğunu, tələbələrin bacarıqlarının artırılmasına xidmət etdiyini söyləmişdir. Nazir müavini bildirmişdir ki, Azərbaycanın qeyd edilən layihənin əhatə etdiyi üç ölkə üzrə 27 mütəxəssisi vardır. A.Əzimov bu regionda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarına həmin ölkələri hərtərəfli öyrənən tələbələrlə əlaqələr qurmağın, onların məlumatlarından faydalanmağın məqsədəuyğunluğunu qeyd etmişdir. “Asiyaya doğru” layihəsinin gələcəkdə də davam etdirilməsinin önəmini bildirən nazir müavini diqqətə çatdırmışdır ki, tələbələr bundan əvvəl Cənubi Afrikada olmuşlar. Bundan sonra isə ola bilsin ki, Latın Amerikası və digər regionlarda biznes imkanları ilə bağlı tədqiqat işləri aparacaqlar.

Daha sonra “ADA” Universiteti tələbələrinin Asiya regionunun biznes imkanlarını araşdırmaq üçün layihə çərçivəsində Vyetnama, Monqolustana və Yaponiyaya səfərlərinin nəticələri təqdim olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında