Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda Azərbaycan üzrə ilk mütəxəssislərin buraxılışı olmuşdur

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda (AAÖİ)  Mərkəzi Asiya və Qafqaz  ölkələri kafedrasının Azərbaycan dili bölməsinin ilk buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

MDU AAÖİ-nin direktoru, professor İqor Abılqaziyev Azərbaycan dilini öyrənən tələbələri təbrik edərək bildirmişdir ki, AAÖİ tələbələri xalqın təkcə dilini deyil, həm də tarixini, adət və ənənələrini öyrənirlər. O demişdir: “Məzunlarımız  təkcə tərcüməçi deyillər. Onlar dilini  öyrəndikləri ölkəni  tanıyır və sevirlər. Əminəm ki, onlar Rusiya və Azərbaycan arasında  münasibətlərin  daha da möhkəmlənməsi üçün mümkün olan hər şeyi edəcəklər”.

AAÖİ-nin prezidenti, professor Mixail Meyer vurğulamışdır ki,  məzunlar hələ  çox şeyi öyrənməlidirlər. O demişdir: “Azərbaycan elə sürətlə  inkişaf edir ki, heç bir dərslik bu günün reallıqlarını əks etdirməyə macal tapmır.  Biz Rusiyanın xarici siyasətlə məşğul olan strukturlarını Azərbaycanı tanıyan, başa düşən və sevən  mütəxəssislər ilə  təmin etmək istəyirik”.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimai əlaqələr  və KİV-lər üzrə şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirmişdir ki, MDU AAÖİ-nin  Azərbaycan üzrə mütəxəssislərinin birinci buraxılışı əlamətdar hadisədir. Çünki birinci olmaq həm qürurlandırır, həm də məsuliyyətlidir. O demişdir: “Azərbaycanın rusiyalılar üçün nə dərəcədə  yaxın və anlaşılan  olması sizdən asılıdır”.  T.Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin  rəhbəri Leyla Əliyevanın təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, dilə yiyələnən məzunlar  mədəniyyətimizi  daha yaxşı başa düşür, tariximizi öyrənir və deməli,  Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha yaxın və anlaşılan edir.  Puşkinin və Dostoyevskinin, Tolstoy və Nabokovun  dili xalqımıza yaxın və başadüşüləndir. Orta  məktəblərdə rus dili keçilir, bu dil ali məktəblərdə tədris olunur.  Heydər Əliyev Fondunun vitse-prezidenti yazır: “Azərbaycan regionun siyasi və iqtisadi lideri olmuşdur. Dünya ölkəmizlə maraqlanır. Odur ki,  Azərbaycan dilini bilmək zamanın obyektiv tələbidir. Ümidvaram ki,  siz artıq Azərbaycan dilini sevmisiniz,  biliyinizi bundan sonra da  təkmilləşdirəcək və başqalarına ötürəcəksiniz”. Leyla Əliyevanın məktubunda o da vurğulanır ki, Heydər Əliyev Fondu  və onun Rusiya nümayəndəliyi  AAÖİ-nin Azərbaycan  dili bölməsinin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə yönəlmiş  bütün ideya və təşəbbüslərini fəal dəstəkləmişlər və bundan sonra da  dəstəkləyəcəkdir.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovanın sözlərinə görə, Azərbaycan dilinin öyrənilməsi  xalqımıza, ölkəmizə, indiki halda  isə Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə ehtiramın təzahürüdür.  N.Axundova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından institutun müəllim və tələbələrini  təbrik etmişdir.

Mərkəzi Asiya və Qafqaz  ölkələri kafedrasında  Azərbaycan dilini öyrənən  rusiyalı tələbələr Azərbaycan dilində maraqlı proqram təqdim etmişlər. Onlar məşhur Azərbaycan mahnılarını və Azərbaycanın klassik şairlərinin şeirlərini ifa etmişlər.  Böyük Azərbaycan bəstəkarı  Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”  musiqili komediyasından parçalar heyranlıqla qarşılanmışdır. Səhnəciklər Azərbaycan dilində təqdim olunmuşdur.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında