Təhsilin politexnik, əmək, iqtisadiyyat və istehsalat yönümlülüyü artırılmalıdır Mütəxəssis sözü

Müstəqillik illərində ölkəmizin hərtərəfli inkişafı, dünya ölkələri arasında özünə layiqli  yer tutması göz qabağındadır. Təhsil sistemi də bu inkişafdan kənarda qala bilməz. O da keyfiyyətcə yaxşılaşmalı və dövrün tələblərinə cavab verməlidir. Elə bu məqsədlə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 oktyabr 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Bu mənadə sərəncam vaxtında imzalanmışdır. Mən, demək olar ki, bütün ömrünü təhsilin inkişafına həsr etmiş bir insan kimi, bu sərəncamı bütövlükdə ürəkdən bəyənirəm və dəstəkləyirəm.

Sərəncamdan görünür ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev təhsilin keyfiyyəti, iqtisadiyyata daha yaxın olması, inkişafına önəmli kömək göstərilməsi fikrini xüsusi vurğulayır. Bu, belə də olmalıdır. Ulu öndərimiz Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İqtisadiyyatı inkişaf etdirmək məqsədilə təhsil ilkin mərhələdə – ibtidai, ümumi orta və tam orta məktəblərdə  yeniyetmələrdə əməyə  sevgi aşılamalı, ictimai-faydalı və maddi dəyəri olan əmək prosesində onların iştirakını təmin etməlidir.

Ümumtəhsil məktəblərində çox sayda fənlər tədris edilir, onların hər birinin əməklə, iqtisadiyyatla bağlılıq  imkanları vardır. Fənnin məntiqini pozmamaq şərti ilə bu imkanlardan iqtisadi biliklərin öyrədilməsi üçün istifadə edilməlidir. Əgər bu edilərsə, demək olar ki, təhsil iqtisadiyyata xidmət edir, ən azı təhsilalanı həyata, əməyə, istehsalatda işləməyə psixoloji cəhətdən hazırlayır, onları nəzəri biliklərlə silahlandırır. Amma bu azdır, məktəb öz məzunlarını əməyə, həyata praktik cəhətdən də hazırlamalıdır, ikinciyə daha çox üstünlük verməlidir. Bu, hərtərəfli hazırlıq olardı.

Hərtərəfli hazırlıq çox geniş anlayışdır. Buraya ümumi hazırlıq, ilk peşə-ixtisas yönümü, biliklərin keyfiyyətinin yüksəkliyi, konkret praktik fəaliyyətdə- texnoloji əməliyyatların aparılmasında, cəmiyyətin faydalana biləcəyi və maddi dəyəri olan məhsul, əşya və ya məmulat hazırlanması  zamanı əmək prosesində biliklərin inamla tətbiqi, möhkəmləndirilməsi, praktik bacarıq və vərdişlərin formalaşdırılması kimi həyati tələblər daxildir. Bax, məktəblərimizdə, təhsilimizdə bu məsələyə xüsusi diqqət yetiriliəlidir. Təhsil və  məktəb həyata, istehsalata nə qədər çox yaxın olsa, bir o qədər yaxşı nəticələr almaq mümkündür. Ona görə də təhsilalanın təlim xarakterli əsl əməyə, ictimai-faydalı məhsuldar əməyə cəlbi məsələsi ön plana çəkilməlidir.

Uzun illərin təcrübəsi göstərir ki, biliklər yalnız tətbiq olunduqda möhkəmlənir, dərinləşir, yeniləri ilə zənginləşir, həyati bacarıq və vərdişlərin formalaşmasında həlledici rol oynayır, əmək prosesində yaranan ən çətin hallarda şəxsin köməyinə çata bilir.

Biliklərin inamla tətbiqi çətin və mürəkkəb problemdir. Hər şeydən qabaq, təhsilin məzmunu, mənimsəmənin möhkəmliyi, təhsilverənin nəzəri və praktik hazırlıq səviyyəsi və s. bunun üçün şərait yaratmalıdır, kömək etməlidir.

Biliklərin inamla tətbiqinə təkcə şifahi və ümumi nəzəri  söhbətlərlə, mühazirələrlə və s. müvəffəq olmaq mümkün deyildir. Bunun üçün  məkan (məktəb), alət, dəzgah, maşın, material, beynin və əlin, hiss üzvlərinin vəhdətdə fəaliyyəti lazımdır, öz ilk peşə-ixtisasını yaxşı bilən səriştəli, təcrübəli müəllim, nəticəsi ictimai-faydalı olan əmək sərfi lazımdır. Məktəbdə əmək, özü də ictimai-faydalı məhsuldar əmək hər şeydir: həm güclü tərbiyəçidir, həm biliklərin tətbiqi üçün məkandır, həm bacarıq və vərdiş formalaşdırandır, həm gələcək xoşbəxtliyin rəhnidir, həm də iqtisadiyyatı inkişaf etdirən güclü amildir və s. Şübhəsiz ki, məktəbdəki əmək təlim xarakterli, olmalı, təhsilalanın yaş, sağlamlıq və qavrama səviyyəsinə uyğun təşkil edilən, biliklərin inamlı tətbiqinə şərait yaratmalı, eyni zamanda, şəxsin fiziki cəhətdən inkişafına, vətəndaş kimi formalaşmasına müsbət təsir göstərməlidir.

Deməli, məktəblərimiz möhkəm və keyfiyyətli bilik, şəxsin həyatı və  bazar iqtisadiyyatı şəraitində rəqabətə qoşulmaq üçün praktik bacarıq və  vərdişlər aşılamalıdır. Unudulmamalıdır ki, məktəbdə qazanılan biliklər (yaxşı olar ki, məktəbdə, ya da məktəbdən kənarda—istehsalatda) yalnız və  yalnız inamla tətbiq olunduqda, özü də müxtəlif materialla, xammalla, faydalı nəticəsi olan texnoloji əməliyyatların gedişindəki əməkdə praktik bacarığa çevrilir və yenə maddi dəyəri olan məhsul istehsalında təkrarlanaraq avtomatlaşır, vərdiş halını alır və möhkəmlənir. Yalnız bu halda təhsil, məktəb iqtisadiyyata daha çox yaxınlaşır və daha səmərəli xidmət göstərir, məzun həyata, əməyə, ilk peşə- ixtisasını inamla seçməyə hazırlanır, gələcəkdə iqtisadiyyatı inkişaf etdirə biləcək rəqabətqabiliyyətli kadrların yetişəcəyinə zəmanət verir.

Məktəbdə böyük fiziki qüvvə var, onun müəyyən hissəsi (təlim xarakterlisi) istehsala sərf edilməlidir.

Sirr deyildir ki, hamımız yaxşı həkim axtarırıq, hətta bəzən qonşu ölkələrə gedirik, yaxşı müəllim seçirik, yaxşı çilingər, elektrik montyoru, santexnik, texnoloq və s. soraqlaşırıq, bəzəndə tapmırıq. Bütün bunlar təhsilimizdə mövcud olan nöqsanların nəticəsidir, aradan qaldırılması çox asanlıqla mümkün olan nöqsanların.

Düzdür, məktəb fənlərinin çoxunun məzmununda iqtisadi biliklərin də öyrədilməsi üçün imkanlar vardır. Hər bir fənnin məntiqini pozmadan, yeri gəldikdə, həmin  imkanlardan istifadə edilməlidir. Lakin səhvən “texnologiya” adlandırılan əmək təlimi fənni və onun əsasını təşkil edən ictimai-faydalı məhsuldar əmək iqtisadiyyatla, istehsalla birbaşa, özü də sıx bağlıdır.

Əmək dərsləri çox yerdə indi boş divarlar arasında, adi sinif otaqlarında nəzəri söhbətlə başa çatdırılır. İctimai - faydalı məhsuldar əmək, demək olar ki, ümumtəhsil məktəblərinin həyatından tamamilə kənarlaşdırılıb. Bu əmək növünə yalnız ilk peşə-ixtisas məktəbləri və liseylərinin tədris planlarında rast gəlinir, ona az vaxt verilsə də, kadr hazırlığındakı rolunu heç nə ilə əvəz etmək olmaz. Həmin təhsil ocaqlarında ictimai-faydalı məhsuldar əməyə ayrılan vaxtı (saatları) artırmaqla iqtisadiyyat üçün daha qısa müddətdə, yüksək keyfiyyətdə fəhlə kadrları hazırlamaq mümkündür. Bu əmək növü təhsil sahəsində öz layiqli yerini tapmalıdır. Çünki o, həm yüksək keyfiyyətin, həm möhkəm bacarıq və vərdişlərin, həm də standarta uyğun məhsul bolluğu yaratmağın qarantıdır. Ancaq yaxşı müəllim və istehsalat təlimi  ustası, müasir istehsal avadanlığı və xammal olan yerdə belə kadrları hazırlamaq mümkündür.

Yeri gəlmişkən deməliyəm ki, indiki, “texnologiya” adlanan və  məzmunu texnologiyalarla, əməklə, iqtisadiyyatla, ilk peşə-ixtisasyönümü ilə sıx bağlı olmalı bu fənnin adı ölkələrin bir çoxunda məktəblərin tədris planlarında, elmi və pedaqoji baxımdan çox düzgün olaraq “əmək təlimi” adlanır. Son illərdə qonşu Rusiyada səhvən fənnin adını “texnologiya” kimi qəbul ediblər. Müxtəlif ədəbiyyatlarda,  jurnallarda rus alimləri həmin adı çox işlədirlərsə də, tək-tək hallarda yanında  “əmək təlimi”, “əmək hazırlığı” da yazırlar, səhvlərini başa düşürlərsə də, etiraf etmirlər. Bizimkilər də bu səhvi təkrarlayaraq və hətta, səhvi bir az da dərin-ləşdirərərk tədris planlarında-texnologiya və əmək hazırlığı, digər sənədlərdə: dövrü  ədəbiyyatda, televiziya və radio verilişlərində “texnologiya” yazırlar. Halbuki, “texnologiya” özü elmdir, bütün elmlərə, sahələrə asanlıqla inteqrasiya edə bilən elmdir. Bu elmin müxtəlif sahələri vardır: kimyəvi texnologiya, mexaniki texnologiya, bioloji texnologiya və s. “Texnologiya” termini və prosesin özü istisnasız olaraq iqtisadiyyatda, istehsalatda və demək olar ki, hər sahədə geniş işlədilir və tətbiq olunur.

“Texnologiya” prosesdir, əməliyyatlar məcmusudur. Məsələn, metalların, oduncağın, ərzağın və s. emalı texnologiyası, tikiş texnologiyaları, rabitə texno-logiyaları və s.  Əmək təlimində  terminin (prosesin) tətbiq dairəsi daha genişdir. Lakin əmək təlimi “texnologiya” anlayışının çərçivəsinə sığışmaya bilər. Ona görə də nə qədər gec deyil, bu səhvi düzəltmək və fənnin adını (əmək təlimi) özünə qaytarmaq lazımdır.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədində təhsilin məzmunundan danışarkən qeyd edilir ki, “...Kurikulumlar iqtisadi inkişafın məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır... Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir...”.

Mən, təhsilimizin kurikulumlar əsasında yenidən qurulması haqqında ümumilikdə fikir söyləmək arzusunda deyiləm. Ancaq ömrümü həsr etdiyim və indii “texnologiya” adlanan fənnin kurikulumu, standartları, dəslikləri və onlara yazılan metodikalar  barədə çox qısa açıqlama verməyi vacib sayıram.

“Texnologiya” kurikulumunda konkret məzmun, demək olar ki, yoxdur, əsasında ictimai-faydalı məhsuldar əmək olmayan texniki əməyə çox yer verilsə  də, iqtisadiyyatın əsas, cəmiyyətin yaşaması və inkişafı  üçün daha vacib sahələri olan xidmət və kənd təsərrüfatı ciddi şəkildə sıxışdırılır. Məsələn, VI sinifdə kənd təsərrüfatı təkcə alma tinginin əkilməsi kimi nöqsanlı mətnlə təmsil olunur. Məgər kənd təsərrüfatı yalnız bundan ibarətdirmi? Eyni vəziyyət xidmət əməyi ilə də təkrar olunur. Xidmətin əsasını təşkil edən aşpazlıq, kulinariya, tikmə və toxuma, tikiş texnologiyaları haqqında yazılanlar təhsil alanda heç bir bacarıq və vərdiş aşılaya bilməz.

Əmək təlimi fənninin tədrisi biliklərin tətbiqini tələb edən praktik əməliyyatlar əsasında, nəticəsi faydalı, maddi dəyərli olan əşya, məmulat hazırlanması ilə aparılmalıdır. Bu dərslərdə çox dəqiq ölçmə və nişanlama, kəsmə, texnoloji və təlimat xəritələrindən, eskiz və  çertyojlardan istifadə olunmalıdır. Bu bacarıq və vərdişlər dərslərdə mexaniki və elektriklə işləyən alətlərdən, dəzgahlardan, maşın və mexanizmlərdən, xammaldan istifadə ilə aparılan texnoloji əməliyyatların gedişində, faydalı məhsul alınması ilə nəticələnən əsl əmək prosesində formalaşmalıdır. Hazırlanan əşya, məmulat, məhsul mövcud standartlara uyğun olmalıdır. Əmək dərslərində xammal və material itkisinə, çıxdaşa yol verilməməlidir. Kurikulumlardakı, əsasən nəzəri xarakter daşıyan “məzmun” yuxarıda deyilənlərdən çox uzaqdır.

Kurikuluma əsasən, I-VI siniflər üçün dərsliklər və  iş dəftərləri, müəllimlər üçün metodikalar çap olunub, istifadəyə verilib. Məzmun haqqında irəlidə dediklərimiz dərsliklərdə, metodikalarda da təkrar olunur. Adları çəkilən kitablarda müəlliflər, məsləhətçilər, elmi redaktor və  digər şəxslər yüksək  titullu insanlar olsalar da,  kitablarda dil, termin,  elmi  və metodik  səhvlər çoxdur. Mətnlərin əksəriyyəti nəzəri xarakter daşıyır, bəziləri hətta təhsilalanların yaş və bilik səviyyəsinə uyğun deyildir.

Əmək təlimindən ev tapşırığı vermək olmaz, bu məqsədlə çap edilən iş dəftərləri şagirdlərin çantalarını ağırlaşdıran lazımsız yükdür. Əvvələn, ona görə ki, şagirdin yaşadığı mənzildə emalatxana, xammal, alətlər, tikiş maşını və s. yoxdur. Kiçikyaşlı məktəbli müəllim olmayan yerdə alət və maşınla təhlukəsiz işləyə bilməz, bunun nəticəsi pis alına bilər. İkincisi, şagird evdə əgər iş dəftərindəki tapşırığı icra etsə, digər fənlərə hazırlaşmağa vaxtı qalmaz. Bu isə yolverilməzdir. Şagird əmək tapşırığını məktəbin tədris emalatxanasında, xidmət əməyi kabinetində, tədris-təcrübə sahəsində praktik məşğələdə, bilavasitə  müəllimin rəhbərliyi altında yerinə yetirməlidir, əgər dərs vaxtında tamamlanmamışsa, ardı növbəti məşğələdə davam etdirilməlidir.

Bu, qısa açıqlama aşağıdakı sualları qoymağa və onları cavablandırmağa əsas verir: Əmək təliminin tədrisi üçün məktəbdə şərait (maddi-texniki baza) varmı? Şagirdlər məktəbdə və yaxud da istehsalatda ictimai- faydalı məhsuldar əməyə cəlb edilirlərmi? Məktəblərimiz ilk peşə-ixtisas məktəbləri və liseyləri ilə sahibkar təsərrüfatları ilə əlaqə  saxlayırlarmı? Təhsil ocaqlarında (ümumi orta məktəbdə) məzunlara ilk peşə-ixtisas seçməkdə lazımi kömək göstərilirmi? Məktəblər ali təhsilli əmək müəllimləri ilə təmin olunublarmı? Fənnin təliminə, maddi-texniki bazasının yaradılmasına qayğı göstərilirmi? və s.

Biliklərin keyfiyyətliliyini, bacarıq və vərdişlərin möhkəmliyini,  rəqabətqabiliyyətliliyini artırmaq, təhsilalanın ilk peşə-ixtisasını şüurlu seçimini təmin etmək, təlimlə yanaşı, məhsul və xidmət bolluğu  yaratmaqda iştiraklarına nail olmaq məqsədilə birinci növbədə məktəbdə əmək təlimi, politexnik təlimin (istehsalatın əsas sahələri və elmi prinsipləri haqqında biliklər verən, məhsuldar əməkdə iştirak etmək üçün ümumi texniki bacarıq və vərdişlər aşılayan), ilk peşə- ixtisasyönümünün maddi-texniki bazasını (müasir dəzgahlar, alət və  avadanlıqla təchiz edilmiş tədris emalatxanaları, xidmət əməyi kabinetləri, ilk peşə-ixtisas yönümü kabinetləri və ya guşələri, şəhər və qəsəbələrdə ilk peşə-ixtisasyönümü  mərkəzləri,  kənd yerlərində  tədris - təcrübə sahələri, şagird - istehsalat briqadalarının məhsuldar əməyi üçün torpaq sahələri...) yaratmaq, ali təhsilli (müəllim-texnoloq, müəllim-mühəndis və s.) kadr hazırlığını sürətləndirmək lazımdır.

Düzgün təşkil edildikdə iqtisadiyyata daha çox yaxın olan və biliklərin tətbiqinə geniş şərait yaradan, davamlı əmək bacarıq və vərdişləri aşılayan, özü və  cəmiyyət üçün çox faydalı ilkin hazırlıq verən, şüurlu şəkildə ilk peşə- ixtisas seçiminə kömək göstərən, məhsul və xidmət bolluğu yaradan bu fənnə və  onun maddi-texniki bazasına bəzi əlaqədar qurumların və məmurların  ögey münasibəti dəyişməlidir.

Əmək təlimi fənninin, əməyin, şagirdlərin ictimai-faydalı məhsuldar əməyə cəlbinin tədricən məktəbdən uzaqlaşdırılma səyləri təhsilin sonrakı mərhələlərində də öz mənfi təsirini büruzə verir.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədində oxuyuruq: “... Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur... İlk peşə-ixtisas müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə, həmin illərdə təhsilalanların cəmi 25-27 min təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir”.

Qeyd edilən bu həqiqətlərdə ibtidai, ümumi orta və tam orta təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələrində əmək hazırlığına, şagirdlərin ilk peşə-ixtisas yönümünə, ictimai-faydalı məhsuldar əməyə cəlb edilməsinə qayğısız münasibətdən irəli gələn qüsurların da payı var.

Böyük inamla əminəm ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyası tez bir zamanda müvəffəqiyyətlə həyata keçiriləcək, Təhsil Nazirliyinin yeni rəhbərliyinin ciddi fəaliyyəti sayəsində nöqsanlar aradan qaldırılacaq, təhsilimiz dünya təhsil sistemində özünə layiqli yer tuta biləcəkdir.

 

İbrahim MAYILOV,

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi,

pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim,

keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının maarif əlaçısı,

Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, müharibə və əmək veteranı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında